
Oxumaq sadəcə bir bacarıq deyil, o, insan düşüncəsini formalaşdıran, dünyagörüşünü genişləndirən və şəxsiyyətin inkişafına yol açan bir prosesdir. Müasir təhsilin əsas məqsədlərindən biri şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək, onları müstəqil düşünən və qərar qəbul edən fərdlər kimi yetişdirməkdir. Mütaliə isə bu məqsədə çatmağın ən səmərəli vasitəsidir.
“Azərbaycan müəllimi” olaraq bu dəfə Qax rayonunun füsunkar təbiəti ilə seçilən Qaratala kənd tam orta ümumtəhsil məktəbində olduq.
Qaxın dağlarla əhatələnmiş yaşıl mənzərəsi, zəhmətsevər insanları və elmə, maarifə bağlı gəncliyi bu rayonu Azərbaycan təhsilinin parlaq bölgələrindən birinə çevirir. Bu torpaqda yetişən müəllimlər təkcə bilik ötürmür, həm də öyrənməyə, düşünməyə və dəyərlərə sahib olmağa sövq edirlər. Elə bu məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən İlahə Hüseynova da həmin müəllimlərdəndir – fədakar, aydın düşüncəli və mütaliəni həyat fəlsəfəsinə çevirən bir pedaqoq.
Oxumağın ömürlük sevdası
İlahə Hüseynova 2006-cı ildə orta məktəbi bitirib və elə həmin il Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. Uşaqlıqdan arzusunda olan peşəni – Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçib. “Hər zaman istəyirdim ki, uşaqlara təkcə dil qaydalarını yox, sözün və ədəbiyyatın sehrini də sevdirim”, – deyə o, gülümsəyərək söhbətə başlayır.
O, pedaqoji fəaliyyətə başladığı ilk gündən daim öz üzərində çalışıb. Onun fikrincə, müəllim öyrənməyi dayandırmamalıdır, çünki öyrətmək öyrənməyin davamıdır. İlahə müəllim bu illər ərzində müxtəlif müsabiqə və layihələrdə iştirak edərək, həm peşəkar, həm də şəxsi inkişafını ardıcıl şəkildə davam etdirib.
2019-cu ildə “İlin ən yaxşı mühazirəçisi” müsabiqəsində birinci yerə layiq görülüb və fəxri fərmanla təltif edilib. 2022-ci ildə Gənclər Günü münasibətilə Qax Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ən fəal müəllimlərindən biri kimi fərqləndirilib. O, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Koreyanın “Future Class Network” şirkətinin KOİCA ilə birgə təşkil etdiyi “Azərbaycan müəllimlərinin səriştələrinin artırılması” layihəsində onlayn iştirak edərək beynəlxalq sertifikat əldə edib.
Pandemiya dövründə belə dayanmayıb – “Nizami Gəncəvi 880”, “Layihələrin təşkili və idarə olunması”, “Veb2 alətlərdən istifadə”, “İKT-nin dərslərə tətbiqi”, “Gələcəyin gənci”, “Məktəblərdə uşaq psixologiyası”, “Müasir təlim metodları”, “Nitqin inkişaf mərhələləri”, “Layihə təlimi və yazılışı” kimi bir çox təlimlərdə iştirak edib və sertifikatlarla təltif olunub.
2021-ci ildə AGMA tərəfindən təşkil olunan “Məktəb mentorları” layihəsinin müsahibə mərhələsini uğurla keçərək hazırda Qax rayonu üzrə mentor kimi fəaliyyət göstərir. Bundan əlavə, 2022-ci ildə “Microsoft Innovative Educator Expert” (MIE Expert) kimi seçilib və ARTİ-nin “Müasir metodist” təlimini də uğurla başa vurub. Şagirdləri ilə birgə həyata keçirdiyi “Rebusla əylənərək öyrənək” layihəsi isə Avropa keyfiyyət nişanına layiq görülüb, layihə haqqında müəllimin məqaləsi “Kurikulum” jurnalında dərc edilib.
Ucqar kənddə mütaliə modeli
Kənd məktəbində 16 ildir çalışan İlahə Hüseynova ilə söhbət etdikcə insan bir daha anlayır ki, əsl müəllimlik təkcə dərs demək deyil, həm də işığın özündən doğan bir missiyadır. Qax rayonunun təbiəti kimi saf və dərin düşüncəli bu müəllim öz həyat yolunda maarifin işığını ucqar kəndlərə daşıyır. O deyir ki, kənddə müəllim olmaq asan deyil, amma çətinliklər bəzən insanın öz gücünü, inamını və yaradıcılığını üzə çıxarır.
“Kənd məktəbində 16 ildir işləyən bir müəllim kimi deyə bilərəm ki, kənddə işləməyin bir sıra çətinlikləri var. Həmin çətinliklər məktəbin sinif otaqlarında müasir avadanlıqların, teatrın, kitabxananın olmaması ilə əlaqəlidir. Amma bunlar öyrətmək, öyrənmək üçün bəhanə deyil”.
İlahə müəllim bu fikirləri deyərkən səsində qətiyyət və sevgi duyulur. O, yaxşı bilir ki, ucqar kənddə müəllim olmaq həm peşə, həm də vətəndaşlıq borcudur. Qaratala kəndi Qax rayon mərkəzindən bir qədər uzaqda yerləşir. Uşaqların teatr, muzey, kitabxana kimi mədəni məkanlara getmək imkanı az olur. Amma İlahə müəllim bu uzaqlığı körpü ilə birləşdirib – mütaliə körpüsü ilə.
“Kənd məktəbində oxuyan şagirdlər kitabxanalara, teatrlara gedə bilmir, rayon mərkəzi uzaqdır və bəzi səbəblərə görə gedə bilmirlər. Həmişə bunlar məni düşündürürdü. Nə etmək olar? Qərara aldıq ki, biz özümüz nələrsə etməliyik”.
O, “özümüz nələrsə etməliyik” deyərkən bir hərəkatın təməlini qoyur, müəllim və şagird əməkdaşlığına əsaslanan, sinifdənxaric mütaliə fəaliyyətləri ilə zənginləşmiş bir təhsil modeli.

Sinifdənxaric mütaliə – kiçik məktəbdə böyük ideyalar
İlahə müəllim sinifdəki dərs mühitini məktəbin divarlarından kənara daşıyıb: “Ucqar kənd məktəbində işləməyimə baxmayaraq, mən şagirdlərimlə bir çox layihələrdə iştirak etdim. Hər bir layihədə əsas məqsədim onların dünyagörüşünü zənginləşdirmək, mütaliə vərdişlərini artırmaq, fikirlərini sərbəst ifadə etmələrinə, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə yardımçı olmaq idi”. O layihələrdən ən uğurlularından biri “Rebusla əylənərək öyrənək” adlı beynəlxalq “eTwinning” layihəsidir. Layihə həm Azərbaycan, həm də Türkiyə məktəbləri arasında əməkdaşlıqla həyata keçirilib.
“Bu layihə vasitəsilə şagirdlərim onlayn şəkildə ilk dəfə başqa məktəbin şagird və müəllimləri ilə əməkdaşlıq edərək fikir mübadiləsi apardı, yeni dostluqlar qazandılar. Dəyərli qrup yoldaşım Elvira müəllimlə şagirdlərimizi onlayn görüşdürdük. Şagirdlərimiz oxuduqları, sevdikləri kitabları poçt vasitəsilə hədiyyə göndərdilər, həmçinin bir-birlərinə məktub yazdılar”.
O, məktubların bu qədər səmimi və maraqlı alınacağına əvvəl inanmadığını deyir. Amma bu proses uşaqların daxili dünyasında dəyişiklik yaratdı. “Şagirdlərimin mütaliəyə olan marağının birə-beş artdığını gördüm. Zəfər Günündə layihəmizin iştirakçıları, türk və azərbaycanlı şagirdlərimiz onlayn görüşdülər, Zəfərimizi və dostluğumuzu birgə qeyd etdik. Bu görüş onlara mütaliənin və ünsiyyətin həyatda nə qədər vacib olduğunu bir daha göstərdi”.
Oxuyub anlama bacarıqları – təhsilin ürəyi
İlahə Hüseynovanın sözlərinə görə, müasir təhsildə ən vacib istiqamətlərdən biri oxuyub anlama bacarığının formalaşdırılmasıdır. “Son dövrlər şagirdlərimizin kitaba marağı azalıb. Bunun səbəbləri çoxdur. Ancaq biz müəllimlər bu marağı yenidən oyatmalı, oxumağı sevdirə bilməliyik. Dərslik kifayət deyil, əlavə mütaliə zəruridir”. O, dərs prosesini sadəcə mətn üzərində deyil, düşüncə üzərində qurur. Şagirdlər əsərləri təhlil edir, müqayisə aparır, nəticə çıxarır. Müəllimin fikrincə, mütaliəsi az olan şagirdlərdə yazı, inşa, esse bacarığı zəif olur, çünki söz ehtiyatı az olur. “Mətnlə işləyərkən lüğət işi, sinonim və antonim tapmaq tələb olunur. Bütün bunlar üçün şagirdin geniş söz bazası olmalıdır. Ona görə də əlavə mütaliə vacibdir”.

Maarifçi KİE layihəsi – kitabla gələn dəyişiklik
Məktəb kitabxanasında şagirdlərin yaş səviyyəsinə uyğun kitabların azlığı İlahə müəllimi çıxış yolu axtarmağa sövq edib. İnternetdə araşdırma apararaq Maarifçi KİE ailəsi ilə tanış olub. “Onların bölgələrimizə müxtəlif kitablar göndərməsi, ucqar kəndlərdəki müəllimlərlə əməkdaşlıq etməsi məni çox sevindirdi. Biz şagirdlərimizlə bu layihəyə qatıldıq və məktəbdə böyük maraqla qarşılandı. Uşaqlar kitab oxumaqda sanki bir-biriləri ilə yarışırdılar”. Bu layihə məktəbdə yeni bir ənənənin əsasını qoyub: oxunan kitablar geri göndərilir, yerinə yeniləri gəlir. Hətta yay tətilində belə uşaqlar evdən yeni kitablar götürmək üçün müəllimin qapısını döyürmüşlər. “Şagirdlərimdə belə dəyişiklik olacağını təxmin etmirdim. Valideynlər təşəkkür məktubları göndərir və deyirdilər ki, biz çox sevinirik, artıq övladlarımız yalnız kitab oxumaqla maraqlanır. Bu, mənim üçün ən böyük xoşbəxtlik idi”.
Mütaliədən şəxsiyyətə aparan yol
Kitab mübadiləsi və oxu fəaliyyətləri nəticəsində şagirdlər dünya ədəbiyyatı ilə yaxından tanış olublar. Onlar “Polyanna”, “Tom Soyyerin macəraları”, “Qulliverin səyahəti”, “Bəyaz Zanbaqlar Ölkəsində”, “Mərcan adası”, “Məşğul ailə”, “Balaca Motul”, “Gümüş konkilər” kimi əsərləri sevə-sevə oxuyub müzakirə ediblər.
Hər ay ən çox kitab oxuyan şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub. Artıq məktəbdə kitabxanaya gəlmək bir vərdişə çevrilib. Uşaqlar yeni kitab gələn kimi xəbər tutmaq üçün bir-biri ilə yarışır. “Biz şagirdlərimizə təkcə elm öyrətməməli, onları şəxsiyyət kimi formalaşdırmalı, vətənə faydalı bir fərd kimi yetişdirməliyik”, – deyə müəllim sözlərini tamamlayır.

Bir müəllimdən doğan təhsil modeli
İlahə Hüseynovanın təcrübəsi göstərir ki, mütaliə sadəcə fənn deyil, təhsil modelidir. O, Qaxın ucqar kəndində müasir pedaqoji yanaşmaları tətbiq etməklə “mütaliə əsasında formalaşan təhsil modeli” yaradıb. Bu modelin əsasında müəllim-şagird əməkdaşlığı, yaradıcı təfəkkür, müstəqil düşünmə və milli-mənəvi dəyərlərin təbliği dayanır.
İlahə müəllim bu fəaliyyətləri ilə təkcə Qaxın deyil, Azərbaycanın hər ucqar məktəbinin simasında dayanan bir həqiqəti sübut edir: Əgər müəllim inanırsa, kənd məktəbi də inkişafın, mütaliənin və düşüncənin mərkəzinə çevrilə bilər.
Bu təcrübə İlahə müəllimə “Azərbaycan müəllimi” və AzEdu.az portalının birgə təşkil etdiyi “İlin gənc müəllimi” müsabiqəsində qalib adını qazandırıb. “Bu uğur mənim üçün bir stimul oldu. Əgər siz doğru yoldasınızsa, əminliklə irəliləyin. Çəkilən zəhmətlər heç vaxt itmir”, – deyə o, səmimiyyətlə bildirir.

Mütaliə təkcə oxumaq deyil, düşünmək və dəyişməkdir
İlahə Hüseynovanın fəaliyyəti göstərir ki, müəllim öz işi ilə təkcə sinif otağını deyil, bütöv bir kəndin düşüncə tərzini dəyişə bilər. Onun şagirdləri artıq kitab oxumağı sadəcə tapşırıq yox, həyat tərzi kimi qəbul edirlər. Bu, Qaxın Qaratala kəndində formalaşan mütaliə əsaslı təhsil modelidir, sadə, amma təsirli bir nümunə. Sonda müəllim sözlərini Q.Petrovun “İdeal müəllim” əsərindən gətirdiyi fikirlərlə tamamlayır: “Siz güclü olun və özünüzə güvənin! Daha sərt olsun deyə dəmirçilər isti dəmiri döyüb suya saldıqları kimi siz də iradənizi möhkəmləndirin. Asan işləri hər kəs görür, duyğularınızı vacib işlərlə məşğul edin!”.
Bu sözlər sanki İlahə Hüseynovanın həyat devizidir. Çünki o, illərdir göstərir ki, istək, zəhmət və mütaliə varsa, ən ucqar kənddə də böyük təhsil işığı yanar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər