Bütün xəbərlər
27 mart, 10:00

Azərbaycan çoxəsrlik tarixi boyu dünyaya bir çox korifeylər və mütəfəkkirlər bəxş edib. Elm adamlarımız, alimlərimiz xalqımızın milli mənlik şüurunun yüksəlişi və inkişafının, onun intellektual potensialının güclənməsində parlaq izlər qoyublar.

“Azərbaycan müəllimi” ölkəmizdə elmin keçdiyi şərəfli yola işıq salır.

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri kəşflərlə bəşəriyyətin elmi xəzinəsinə böyük töhfələr veriblər.

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə ölkəmizdə “Elm günü”nün təsis edilməsi isə Azərbaycanda elm sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin parlaq nümunəsidir. Bu əlamətdar gün artıq 7 ildir ki, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd olunur.

“Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. Bütün elm sahəsində çalışan alimlər “Elm günü”nün ölkəmizin müasir elminin inkişafında əhəmiyyətini və bu günün necə qürurverici olduğunu anlayaraq öz dövlətlətinin və xalqının gələcək yüksək inkişafı naminə səylə çalışır.

Azərbaycanda 27 mart tarixinin “Elm günü” kimi seçilməsi heç də təsadüfi deyil. Bu tarix müstəqil respublikamız üçün əlamətdar bir vaxta, Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub.

“Elm günü”nün bu tarixdə qeyd edilməsi Akademiyanın ilk təsisçiləri olan görkəmli Azərbaycan alimləri - Sadıq Dadaşov, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, Üzeyir Hacıbəyli, Heydər Hüseynov, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Musa Əliyev, Mir Əsədulla Mirqasımov, Mirəli Qaşqay, Aleksandr Qrossheym, İvan Şirokoqorov, Mustafa Topçubaşov, Mikayıl Useynov, Səməd Vəkilov (Vurğun) və İosif Yesmanın ölkə elmi qarşısında tarixi xidmətlərinin etirafıdır.

Bundan əlavə, Azərbaycan elmini dünyada tanıdan çoxsaylı elm adamlarımızın xatirəsinə böyük ehtiramdır, görkəmli alimlərimizin yaratdığı elm çeşməsindən yararlanan minlərlə gənc alimin işıqlı yoluna nəzər salmaqdır.

Azərbaycanda müxtəlif elmi məktəblər yaradan Əli Quliyev, Zahid Xəlilov, Həsən Abdullayev, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Fərəməz Maqsudov və digər mütəfəkkir alimlərimiz milli elmimizin inkişafında müstəsna xidmətlər göstəriblər.  

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi də məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət deyirdi:

“Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Heydər Əliyev 1969-cu ilin avqust plenumunda respublika elminin inkişafında yaranmış vəziyyətdən narahat olaraq deyirdi:

“Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”.

Ümummilli Lider Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədlə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsirgəmirdi. Əgər 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12 min 850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR Elmlər Akademiyasının 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.

Məhz 1970-ci illərin əvvəllərindən başlayaraq Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib.

Ümummilli Liderin təşəbbüsü və himayəsi nəticəsində 1970-1980-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (orta hesabla ildə 800, 1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb. Bu, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi.  

Heydər Əliyevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olub.

1970-1980-ci illərdə və daha sonralar - müstəqillik dövründə yeni elmi istiqamətlər - biokimya, molekulyar biologiya, biofizika, bio və nanotexnologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi sahələrində ölkəmiz üçün çox vacib yüksəkixtisaslı mütəxəssis hazırlığı həyata keçirilib. Onların əksəriyyəti hazırda elm və təhsil müəssisələrində uğurla çalışmaqdadırlar.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. 

Akademiyanın sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il yanvarın 31-də Prezident Sarayında Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, aparıcı alimləri ilə görüşündəki çıxışında Elmlər Akademiyasına və onun alimlərinin əməyinə verdiyi yüksək qiymət 1990-cı illərin axırlarında bu elm ocağının bağlanması ilə bağlı şayiələrə və narahatçılıqlara son qoydu və burada çalışan əməkdaşların Azərbaycan elminin sabahına inamını və ümidini artırdı. Həmin görüşdəki çıxışında Heydər Əliyev bildirirdi:

“XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir… Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz - Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz…”.

Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu, 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verilib.

Elmin inkişafına yeni təkan

Hazırda Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan elmində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin birgə həyata keçirilməsinə yeni imkanlar yaradıb.  

Hazırda ölkə başçısı tərəfindən təsdiq olunmuş “ Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, elm və təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir.

Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında 2023-cü il 28 noyabr tarixli Sərəncamı işğaldan azad edilmiş ərazilərə elm və təhsilin qayıdışının daha bir nümunəsidir.

Bundan əlavə, əldə etdikləri mühüm elmi nailiyyətlərinə görə Azərbaycan alimləri Stenford Universitetinin 2023-cü il reytinq siyahısına daxil ediliblər. Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu siyahıya 2020-ci ildə 2 alimin, 2021-ci ildə 8, 2022-ci ildə 14, 2023-cü ildə isə 13 alimin adı daxil edilib.

Elmə dəstəyin real nəticələri

Elm və təhsilin inteqrasiyası sahəsində aparılan müvafiq islahatlar alimlərimizin publikasiya aktivliyinə müsbət təsir göstərib. Tədqiqatçıların elmi məlumatlara daha asan çıxışını təmin etmək, eləcə də tədqiqat fəaliyyətini avtomatlaşdırmaq və analiz proseslərini sürətləndirmək məqsədilə elm və ali təhsil müəssisələrinin əməkdaşları və tədqiqatçılar üçün müxtəlif tədbirlər və infosessiyaların həyata keçirilməsi bu sahədə elmi məhsuldarlığı artırıb. Həm inteqrasiyanın dinamik xarakter alması, bu çərçivədə elm və təhsil müəssisələrində çalışan alimlərin əməyinin stimullaşdırılması onların beynəlxalq emi bazalarda nəşr aktivliyinin yüksəlməsinə, eləcə də universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsinə imkan yaradıb. Son iki ildə bu tendensiya özünü daha qabarıq göstərib.

2024-cü ildə alimlərimiz tərəfindən “Scopus” elmi bazasında yer almış nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb. Məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb. Digər tərəfdən də “Web of Science” aparıcı elmi nəşrlər bazasında da alimlərimizin göstəriciləri artıb. Belə ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub. Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb.

Bundan əlavə, qlobal miqyasda ən çox istinad olunan (Top 10%) yerli elmi işlərin payı 2024-cü ildə 10,5%-ə yüksələrək əvvəlki illə müqayisədə 1,8 faiz artıb. Həmçinin “sahə üzrə istinad təsiri” göstəricisi də 1,55-ə çatıb. 2024-cü il ərzində Q1 indeksli elmi jurnallarda dərc olunan elmi nəşrlərin sayı 1600-dən, Q2 indeksli jurnallarda isə 750-dən çox olub.  Əlavə edək ki, 2024-cü ildə ölkəmizin elmi müəssisələrində çalışan alimlər tərəfindən 521 kitab və monoqrafiya, 118 dərslik, 3561-i xaricdə (bunlardan 1192-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9245 məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 45507 istinad olunub. Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir.

Elm və Təhsil Nazirliyi tərəfindən alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt-faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılması məqsədilə mükafatlandırma həyata keçirilir.

2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan (“Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilib və əsasən keyfiyyət göstəriciləri daha yüksək olan alimlərin mükafatlandırılması prosesinə başlanılıb.

Prezident İlham Əliyevin aşağıdakı fikirləri ölkəmiz üçün elmin əhəmiyyətli rolunu bir daha dərindən ehtiva edir:

“Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.

Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan alimlərinin I qurultayına ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, “Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi elm bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”. Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

“Azərbaycan müəllimi” olaraq bu əlamətdar gün münasibətilə ölkəmizin elm adamlarını səmimi qəlbdən təbrik edir, elmin inkişafı sahəsindəki fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.