Azərbaycan müstəqilliyinin bərpasından sonrakı illərdə beynəlxalq sahədə növbəti uğura imza atdı. Bu uğuru sadəcə belə ifadə etmək olar: Tarixi Qələbə!
Ölkəmiz bu vaxta kimi bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib, bu tədbirin də ən yüksək səviyyədə keçəcəyi əvvəldən şübhə doğurmurdu. Azərbaycanın 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə Dördüncü İslam Həmrəyliyi Oyunları, habelə Formula 1 Bakı Qran Prisi kimi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil və keçirməsi bunun sübutudur.
İqlim Dəyişikliyi üzrə Beynəlxalq Tərəflər Konfransı (COP29) keçirildiyi olduqca mürəkkəb geosiyası vəziyyətə bir sıra dövlətlər arasında gərginliyin artması, rəqabətliliyin güclənməsinə baxmayaraq dünya ictimiyyətinin diqqətini məhz Bakıya yönəldə bildik. Bir sıra siyasi dairələrin ölkəmizə, nüfuzlu tədbirə kölgə salmaq səyləri sabun köpüyündən başqa bir şey olmadı.
Azərbaycan nəinki bütün dünyaya bu cür qlobal mahiyyət daşıyan tədbirin möhtəşəm təşkili mədəniyyətini göstərdi, həm də öz təklifləri, sərgilədiyi davranış və davamlı səyləri ilə örnək nümunəsi oldu. Hər şey Prezident İlham Əliyevin COP29 sessiyasının ilk günlərində keçirilən Liderlər Sammitində çıxışında dediyi kimi oldu: “Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”. Belə də oldu, Bakı COP Tərəflər konfransları tarixinə əhəmiyyətli səhifə yazdı.
Tarixi razılaşma
Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) - BMT Baş Assambleyasından sonra dünya liderlərinin ikinci ən böyük illik toplantısı başa çatdı. Təxminən 200 ölkəni bir araya gətirən bu tədbir, qlobal iqlim maliyyələşdirilməsi sistemində əsaslı dəyişikliklərə səbəb olacaq tarixi qərarlarla yadda qaldı.
Bu qərarlar nələri ehtiva edir?
1. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar məbləğində iqlim maliyyələşdirilməsi yönəltməyi nəzərdə tutan Bakı Maliyyə Məqsədinin (BMG) qəbul edildiyini elan etdi. Bu məqsəd çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsini üç dəfə artırmaq, 2035-ci ilə qədər iqlim danışıqları çərçivəsində razılaşdırılmış əvvəlki 100 milyard ABŞ dolları hədəfinin artımını ildə 300 milyard ABŞ dollarına çatdırmaq barədə tarixi qərar əldə olundu.
2. COP29 zamanı BMT-nin yüksək səviyyəli karbon bazarlarına dair 10 il davam edən Paris Sazişinin 6-cı maddəsinin müzakirələri də uğurla başa çatdırıldı. Bu bazarlardan gözlənilən maliyyə axınlarının 2050-ci ilə qədər illik 1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
3. Bundan əlavə, COP29 Sədrliyi uzun zamandır ki, gözlənilən İtki və Zərər Fondunun yaradılması üzrə mühüm qərar qəbul etdi. Fondun 2025-ci ildən etibarən vəsaitlərin paylanmasına hazır olacağı bildirildi. Bu qərar, xüsusilə kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr də daxil olmaqla, inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Bir faktı da əlavə edək: Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2023-cü ildə dünya hökumətləri hərbi xərclərə gündəlik 6,7 milyard dollar xərcləyiblər. Bu, o deməkdir ki, illik 300 milyard dollarlıq iqlim maliyyələşdirmə hədəfi dünyanın 45 günlük hərbi xərclərinə bərabərdir.
Azərbaycan diplomatiyasının ciddi qələbəsi
Bakı zirvə toplantısı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə baxışı üzrə iki fərqli yanaşmanı ortaq məxrəcə gətirə bilib. Bu müstəvidə Azərbaycan hər iki tərəflə münasibətlərində effektiv balanslı mövqe nümayiş etdirə bilib ki, bu da qəbul olunmuş qərarlarda özünü göstərir. Bu, Azərbaycan diplomatiyasının çox ciddi qələbəsidir.
Azərbaycanın mövqeyi ondan ibarət idi ki, ətraf mühitlə bağlı məsələlərin müzakirəsi artıq inkişaf etməkdə olan ölkələrin xeyrinə resursların yenidən bölüşdürülməsi üçün effektiv modellər hazırlamağa yönəlməlidir. Azərbaycan bu mövqeyi açıq şəkildə ifadə edə bildi: zəngin dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə yoxsullara kömək etməlidir.
Əldə olunmuş razılaşmalar və qərarlar onun göstəricisidir ki, COP29-a ev sahibliyi Azərbaycana bütün dünyada təşəbbüskar, gənc və dinamik inkişaf edən bir dövlət imici qazandırıb. Bu isə Azərbaycanın Cənubi Qafqazda şəksiz lider mövqeyini göstərən mühüm faktordur. Bakı, əslində COP29-da sədrliyi dövründə nəinki bu möhtəşəm tədbirin episentri, həm də bütün dünyanın paytaxtına çevrildi.
Bir sıra xarici ekspert və analitiklərin də qənaətlərinə görə, Azərbaycanın evsahibliyi etdiyi COP29 əvvəlki iqlim konfranslarından fərqli olaraq köklü yanaşma nümayiş etdirib. Əgər əvvəlki konfranslarda inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə düzgün mübarizə aparmaq yolları öyrədilir və bu sahədə tövsiyələr verilirdisə, Azərbaycan COP29-da kifayət qədər cəsarətli yanaşma nümayiş etdirdi.
Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli tədbirin Liderlər Sammitindəki çıxışında bu mötəbər toplantının işinə kölgə salmağa çalışan Fransa və Niderland kimi ölkələrin səylərini tənqid etdi, onların ünvanına açıq müstəmləkəçilik ittihamları səsləndirdi. Ölkə başçısının bu çıxışı təkcə COP29-a gəlməkdən imtina edən müstəmləkəçilərin özlərini deyil, həm də Qlobal Cənub ölkələrini heyran qoydu. Azərbaycan bu dəfə, COP kimi beynəlxalq forumda da müstəqil siyasət yeritməyə əsaslı şəkildə sadiqliyini nümayiş etdirərək bir sıra ölkələrin rəğbətini qazandı.
Azərbaycan COP29-a yüksəksəviyyəli və nümunəvi evsahibliyi etdi. Tədbirlə bağlı bir çox xoşagəlməz hallara rast gəlinmədi. COP29-da 200-ə yaxın ölkənin nümayəndələrinin, 80-dən çox prezident, vitse-prezident və baş nazirin Azərbaycana gəlməsi antiazərbaycançı qüvvələrin növbəti iflası oldu. Bakının COP29-da qaldırdığı çox həssas məsələ iqlimin maliyyələşdirilməsidir. Qlobal istiləşmə proseslərinə əhəmiyyətli dərəcədə təsir edən ölkələr birgə məsuliyyət daşımaq istəmir və iqlim dəyişikliyinə ən həssas olan kiçik ada dövlətlərinə kömək etməkdən yayınır. COP29-da Azərbaycanın irəli sürdüyü ideyalar müzakirə olunub, məqsədəuyğun və düzgün hesab edilib.
Çətin səfər idi, amma razılığa gəldik
BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Saymon Stiell 24 noyabr 2024-cü il tarixində Bakıda, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) bağlanışında söylədiyi nitqində COP29-un maliyyə konfransının Bakıda baş tutmasını təmin etdiyinə görə Azərbaycanın sədrliyinə minnətdarlığını çatdırıb. O qeyd edib ki, “iqlim dəyişikliyi hər bir ölkəyə təsir etdiyi üçün bu yeni maliyyə hədəfi bəşəriyyət üçün “sığorta siyasəti”dir. Ancaq hər hansı digər sığorta kimi, o, yalnız sığorta haqları tam və vaxtında ödənildikdə işləyir: milyardlarla insanın həyatını qorumaq üçün verilən vədlərə əməl edilməlidir. Bu saziş təmiz enerjinin kütləvi artımını qoruyacaq və bütün ölkələrə onun əhəmiyyətli faydalarını – daha çox iş yeri, daha güclü inkişaf və hər kəs üçün daha ucuz təmiz enerji əldə etməyə kömək edəcək”.
Bakıdan biz çox iş görərək ayrılırıq
“Bakıda keçirilən COP29 əvvəlki Tərəflər Konfransında (COP 28) verilmiş vədləri insanları, planeti qorumaq və rifah yaratmaq üçün icra edilə bilən nəticələrə çevirməyə kömək edəcək bir tədbirdir. Və Bakıda məhz bunu mümkün etdik”.
Saymon Stiell qeyd edib ki, “COP29 iqlim dəyişikliyinin ön "cəbhəsində" olanların, xüsusən də əhalinin ən həssas təbəqələrinin real müdafiəsinin maliyyələşdirilməsinə kömək edəcək. COP29 təxminən on illik zəhmətdən, gərgin işdən sonra karbon bazarları ilə bağlı qlobal bir razılığa gəldi, əvvəlki bir neçə COP isə buna nail ola bilmədi. Heç bir ölkə əvvəlki COP-larda istədiyi hər şeyi ala bilmədi və Bakıdan isə biz çox iş görərək ayrılırıq”.
Bakının evsahibliyi ilə başa çatan toplantını yüksək qiymətləndirən S.Stiell hesab edir ki, COP29-da verilmiş qərarlar milyardlarla insan üçün həyati əhəmiyyət kəsb edir.
S.Stiell növbəti Tərəflər Konfransına (Braziliya, Belem) qədər qollarımızı çırmalayıb səyləri ikiqat artırmağın vacibliyini bildirib. O hesab edir ki, BMT-nin Paris Sazişi real tərəqqini təmin edir, ancaq ölkələr hələ də “dövriyyəni artırmalıdırlar”. Unutmayaq ki, BMT-yə əsaslanan bu qlobal əməkdaşlıq olmasaydı, 5 dərəcə qlobal istiləşmə yolunda olardıq.
Bakıda biz irəliyə doğru daha bir mühüm addım atdıq
İcraçı katib qeyd edir ki, biz hələ də tələb olunan kursdan uzağıq, yeni iqlim hədəfləri bizi yarışa qaytarmaq üçün çox vacib olacaq. Onlar Dubayda razılaşdığımız məqsədlərə, o cümlədən bərpa olunan enerjinin istifadəsini sürətlə genişləndirmək, qalıq yanacaqlardan uzaqlaşmaq və cəmiyyətləri daha davamlı olmaq üçün dəyişdirmək kimi məqsədlərə əsaslanmalıdır. İqtisadiyyatın bütün sahələrini və bütün cəmiyyəti əhatə edən planlar mühüm əhəmiyyət kəsb edir. Burada biz iki G20 ölkəsindən – Böyük Britaniya və Braziliyadan açıq siqnallar gördük ki, iqlim dəyişikliyi ilə bağlı daha güclü addımlar onların iqtisadiyyatlarının və insanlarının maraqlarına uyğundur:
“Bakıda tərəqqi çox çətinliklə əldə olunub. Gecə-gündüz işləyənlərin hamısına təşəkkür edirəm. Əldə etmək istədiyiniz şey milyardlarla həyatı daha təhlükəsiz və daha yaxşı edəcək. Vətəndaş cəmiyyəti tərəfindən tədbirə qoşulanların nəzərinə çatdırmaq istəyirəm ki, sizin fəaliyyətiniz prosesin irəliləməsinə kömək edir. Bu gün biz yeni məqsəd barədə razılığa gəldik və siz onun həyata keçirilməsində mühüm rol oynayacaqsınız. 200-ə yaxın ölkədən on minlərlə insanın bir araya gələrək iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə irəliləyiş əldə edə bilməsi üçün Katibliyin əməkdaşları da yorulmadan çalışdı və öz öhdəliklərini yerinə yetirdi”.
“Qarşımızda hələ çox uzun yol var, lakin burada, Bakıda biz irəliyə doğru daha bir mühüm addım atdıq. BMT-nin Paris razılaşması bəşəriyyəti xilas etmək planıdır; başqa heç nə yoxdur. Beləliklə, biz, Bakıda və burada təmsil olunan bütün ölkələr bu yolu birlikdə addımlayırıq. Mən Bakıdakı kimi çətin günlər gələndə gəmini doğru yolda saxlayan daha çalışqan bir qrup insan görmədim”.
Xüsusi məqam
BMT İqlim Dəyişikliyi katibliyi (UNFCCC) COP29 Bakı toplantısında dünyada ilk imza atıldığını qeyd edir. “COP29-da mühüm bir mərhələ baş verdi: ilk dəfə Gənclərin İqlim Forumunun işində uşaqların əhəmiyyətli iştirakını təmin etmək üçün xüsusi formatlar yaradıldı. Ən kiçiyinin yaşı 10 olmaqla dörd uşaq moderator və məruzəçi kimi çıxış edərək tərəflərin nümayəndələri və müşahidəçi təşkilatlarla birbaşa əlaqə qurdular. Onların iştirakı iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üçün inklüzivliyin və nəsillərarası əməkdaşlığın vacibliyini vurğuladı”.
PISA – Azərbaycanın yeni təşəbbüsü
COP29 konfransı həm də təhsil və iqlim savadlılığı kimi mühüm inteqrasiyanı da gündəmə gətirdi. Azərbaycan bu platformada yenilikçi təşəbbüslə çıxış etdi. Və bu təşəbbüs COP29-un ruhuna cavab verən bir ilk oldu. Azərbaycanın təşəbbüsü ilə iqlim savadlılığı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2029-cu ildən etibarən dünyanın aparıcı təhsil meyarına daxil ediləcək. Bu da COP29-da elan edildi. Konfrans çərçivəsində keçirilən görüşdə elm və təhsil naziri Emin Əmrullayev və OECD-nin Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer beynəlxalq qiymətləndirmə layihələrinin bir hissəsi kimi iqlim və ya ətraf mühit savadlılığının qiymətləndirilməsinin tətbiqi təşəbbüsünü elan ediblər.
Tədbirdə Elm və Təhsil Nazirliyi arasında PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi və bu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq.
COP29-da iştirak edən Kembric Universitetinin İqlim təhsili üzrə qlobal direktoru Kristin Özden xəbəri alqışlayıb: “Bu qərar məktəblərdə iqlim təhsilinin transformasiyanı təmin edəcək, həmçinin müxtəlif ölkələrdə yaşıl təhsil üçün lazımi dəlil və məlumatları təqdim edə biləcək son dərəcə arzuolunan təşəbbüsdür. Biz bilirik ki, gəncləri iqlim dəyişikliyinin əsas səbəblərini və nəticələrini anlamaq və dəyişən dünyamızda inkişaf etməyə və həll yollarını tapmağa hazırlamaq üçün lazım olan bacarıq, bilik və anlayışla təmin etmək üçün təhsil çox vacibdir”.
Qeyd edək ki, COP29 çərçivəsində keçirilən “təhsilin yaşıllaşdırılması və iqlim savadlılığı: təhsilin yaşıllaşdırılması” toplantısı iqlim təhsilinin inkişafına, ən yaxşı təcrübələrin mübadiləsinə və beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə həsr edilib.
İqlim hərəkatında yeni presedent
Beləliklə, Azərbaycanın təşkil etdiyi COP 29 iqlim konfransı ətraf mühitin qorunması üzrə qlobal səylərdə mühüm mərhələ oldu. 200-ə yaxın ölkənin konsensusu sayəsində Azərbaycanın COP29-un keçirildiyi məkan seçilməsi ölkəmizin bütün dünyada artan rolunu və beynəlxalq iqlim təşəbbüslərində fəal iştirakını vurğulayır. Bu hadisə ölkəmizin davamlı inkişafa sadiqliyini və əsas ekoloji problemlərin həllində əhəmiyyətli rolunu nümayiş etdirir.
Prezident İlham Əliyev daha yaşıl və davamlı gələcək yaratmaq naminə ölkələri bir araya gətirərək iqlim diplomatiyası üçün yeni presedent yaradıb. Bu impulsu qorumaq, vədləri hərəkətə, çətinlikləri davamlı bir planet üçün fürsətə çevirə bilərik.
COP29 bütün ölkələri “Yaşıl dünya naminə həmrəylik ili”ndə bir araya gətirdi. Bu tədbiriqlim siyasətindəyeni impulslarla dolu idi və açıq şəkildə göstərdi ki, bütün ölkələrin öz sözləri var və töhfələrini vermək istəyirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)