Bütün xəbərlər
18 aprel, 12:03

“Azərbaycan müəllimi” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ilə müsahibəni təqdim edir.

“Universitetin professor-müəllim heyətinin orta yaş göstəricisi əhəmiyyətli dərəcədə gəncləşib”

–  Eldar müəllim, ADPU ölkəmizin ən qocaman ali məktəblərindən biridir. Xüsusilə müəllim hazırlığı dedikdə ilk olaraq sizin universitetiniz ağla gəlir. Pedaqoji sahədə aparılan kadr islahatları və onların təhsil sisteminə təsiri haqqında nə deyə bilərsiniz?  
– Pedaqoji Universitet Bakı Dövlət Universitetindən sonra ölkəmizin ali təhsil sistemində ən yaşlı təhsil ocaqlarından biridir. Bu ali məktəbdən bu günə qədər 180 mindən çox tələbə məzun olub. 

Pedaqoji Universitet həm XX əsrin əvvəllərində ölkəmizdə savadsızlıqla mübarizədə, həm də 1990-cı illərdə milli özünüdərk və ictimai-siyasi proseslərin önündə yer alan mühüm təhsil müəssisəsi olub.

Pedaqoji Universitet XX əsrin əvvəllərində savadsızlıqla mübarizə aparmış, öz mövqeyini ortaya qoymuş təhsil ocağıdır. XXI əsrdə isə qarşımızda yeni çağırışlar dayanır. Azərbaycan müstəqillik qazandıqdan sonra  təəssüf ki, obyektiv səbəblərdən təhsil sahəsində lazımi islahatları arzuolunan səviyyədə həyata keçirə bilmədik. Ölkəmizin torpaqlarının 20 faizinin işğalı, 1 milyona yaxın vətəndaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, bu ərazilərdə təhsil infrastrukturunun məhv edilməsi ölkə gündəliyinə başqa mövzuları gətirdi. Şükürlər olsun ki, artıq Azərbaycan Ordusunun və Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra Azərbaycan təhsilinin qarşısında da yeni imkanlar və vəzifələr meydana çıxıb. Bu vəziyyət, sözsüz ki, pedaqoji kadr hazırlığında da öz əksini tapmalı və bu sahədə ciddi addımlar atılmalıdır. Bu dövr bizim üçün milli əhəmiyyət daşıyan tarixi günlərdir. Zəfər qazanmış xalqımız və dövlətimiz işğaldan azad olmuş bölgələri yenidən qurur, inkişaf etdirir.

Eyni zamanda, dünyada  pandemiyadan sonrakı dövr, rəqəmsallaşma prosesləri, süni intellektin cəmiyyət həyatının bütün sahələrinə, o cümlədən təhsil sisteminə təsiri təhsil və pedaqoji kadr hazırlığı sahəsində islahatları qaçılmaz zərurətə çevirib.

Pedaqoji Universitet, bildiyiniz kimi, 2021-ci ildə 100 illiyini qeyd etdi. Yubiley çərçivəsində universitetin inkişafına dair əhatəli strateji plan hazırlandı. Bir qədər geriyə getsək, qeyd etməliyəm ki, 2015-ci ildə ölkə Prezidentinin qərarı ilə ölkənin iki aparıcı pedaqoji kadr hazırlayan ali məktəbi — Azərbaycan Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi. Hazırda universitetimiz şəbəkələşmiş şəkildə fəaliyyət göstərir, ölkənin müxtəlif regionlarında 5 filialı mövcuddur. Eyni zamanda, universitetimizə kollec və baza məktəbi də daxildir. Bugünkü vəziyyətdə Pedaqoji Universitet 21 300 çox təhsilalanı və təhsilverəni birləşdirən böyük bir ailəyə çevrilib.

Bu ailə XXI əsrdə daha inamla, daha möhkəm addımlarla irəliyə doğru gedir. ADPU institusional akkreditasiyadan uğurla keçdikdən sonra ölkənin ərazi bütövlüyünü təmin etməsi  və postpandemiya dövrü bizə 2030-cu il üçün baxışlarımızı formalaşdırmaq imkanı və yeni çağırışlara institusional baxışlar formalaşdırmağa imkan verdi.

Bu baxışların mərkəzində bir neçə əsas istiqamət dayanır. Əgər konkret desək, birincisi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. İllər keçdikcə pedaqoji sahədə çalışan mütəxəssislərə olan tələblər dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq zəruridir.

XXI əsrin bacarıqları artıq qlobal təhsil gündəminin əsas mövzularındandır. Yaşıl təhsil isə iqlim dəyişiklikləri fonunda yeni və olduqca vacib bir çağırış kimi ortaya çıxır. Dünyada iqlim gündəliyinin təhsilə təsiri yeni yanaşmalar tələb edir.

Eyni zamanda, bu gün "Z” nəslinin təhsili qarşımızda tamamilə fərqli tələblər qoyur. Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrildikcə sosial-emosional zəkanın inkişafı, müvafiq bacarıqları formalaşdıracaq təhsil komponenti  yeni gündəm kimi qarşımıza çıxır.

Multidissiplinarlıq, STEAM və rəqəmsal texnologiyaların cəmiyyətimizin bütün sahələrinə, hər bir insanın gündəlik həyatına təsir etdiyini nəzərə alsaq, rəqəmsal bacarıqlar və STEAM yanaşması da pedaqoji hazırlığın mühüm istiqamətlərindən birinə çevrilib.

Bu kontekstdə Pedaqoji Universitet 2020-ci ildən etibarən ciddi islahatlara imza atıb. Universitetin idarəetməsində şəffaflıq prinsiplərinə əsaslanaraq struktur islahatlar həyata keçirilib.

Beynəlmiləlləşmə siyasəti çərçivəsində bir sıra ixtisaslar üzrə rus və ingilis bölmələri açılıb, xaricdə təhsil almış, müasir təhsil yanaşmalarını mənimsəmiş gənc pedaqoqlar universitetə cəlb olunub.

2016–2025-ci illər dövrünə nəzər salsaq, bu müddət ərzində universitetin professor-müəllim heyətinin orta yaş göstəricisinin əhəmiyyətli dərəcədə gəncləşdiyini görərik.
Baxın, bu qeyd etdiyim istiqamətlər üzrə ADPU son illərdə əhəmiyyətli işlər görüb. Təbii ki, görülən hər iş qarşıda yeni vəzifələr doğurur.

“Pedaqoji Universitet məzunlarının məşğulluq göstəricilərinə görə ölkədə dördüncü yerdə qərarlaşıb”

– Az əvvəl əmək bazarından danışdınız. Sizcə, pedaqoji kadrların əmək bazarında layiqli yer tutması üçün hansı mexanizmlər tətbiq olunmalıdır? 
– Şübhəsiz ki, bu sahədə mexanizmlər var və tətbiq olunur. Amma onların daha da genişləndirilməsi istiqamətində bəzi təkliflərim ola bilər. Əvvəla, məzun hazırlığında əmək bazarı ilə daha sıx əməkdaşlıq qurulmalıdır. 2020-ci ildə təhsil proqramlarını hazırlayarkən biz bu əməkdaşlıqlar üçün ilk addımı atmışdıq. Xatırlayıram ki, “Twinning” layihəsi çərçivəsində 4 ixtisas üzrə pilot proqramların hazırlanması üçün əmək bazarının nümayəndələri ilə birgə çalışdıq.

Eyni modeldən 2020-ci ildə bakalavr ixtisaslarının təhsil proqramlarını hazırlayarkən də istifadə etdik. Sevindirici haldır ki, bu istiqamətdə işlər davam etdirilir.

Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə yeni təhsil proqramlarının hazırlanması üzrə komissiya yaradılıb. Artıq müvafiq sahələr üzrə ixtisas komissiyaları formalaşdırılıb. Bu da ali təhsil proqramlarının əmək bazarının real tələbləri ilə daha çox uzlaşdırılmasına ciddi təkan verəcək. 

Bizim təmsil olunduğumuz Təhsil ixtisasları üzrə İşçi Qrup 21 ali təhsil müəssisəsinin nümayəndələrini bir araya gətirir. Söhbət pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrindən gedir. Bu prosesə əmək bazarının nümayəndələri də yaxından cəlb olunub. Onların sırasında həm Bakıdan, həm də regionlardan olan nümayəndələr – dövlət və özəl, ümumi və məktəbəqədər təhsil müəssisələrinin, sosial-psixoloji xidmət sahələrinin təcrübəli ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələri yer alır.

Hazırda ilk mərhələdə magistratura səviyyəsində təhsil proqramlarının plan əsasında hazırlanması prosesi gedir. Artıq bu istiqamətdə ilkin işlər tamamlanmaq üzrədir, ixtisaslaşmalar formalaşdırılıb və hər bir mərhələdə əmək bazarının rəyləri əsas götürülür.

İkinci mühüm istiqamət isə əmək bazarı ilə təkcə təhsil məzmununun hazırlanmasında deyil, həm də bu məzmunun icrasında sıx əməkdaşlıqdır. Bu, ilk baxışda təcrübə proqramları ilə məhdud görünə bilər, lakin biz bunu sadəcə pedaqoji təcrübə ilə yekunlaşdırmaq fikrində deyilik. Əksinə, tələbələrin ixtisaslarına uyğun olaraq peşəkar kimi formalaşması üçün əmək bazarının təklif etdiyi müxtəlif sertifikat proqramları, təqaüd imkanları və praktik məşğələlərə yönəldilməsi vacibdir. Bu məqsədlə tələbələri həmin imkanlara fəal şəkildə cəlb etməyə çalışırıq.

Sevindirici haldır ki, Pedaqoji Universitet məzunların məşğulluq göstəricilərinə görə ölkədə dördüncü yerdə qərarlaşıb. Bu bizim üçün həm stimuldur, həm də tətbiq etdiyimiz mexanizmlərin səmərəsini göstərir. 

Dövlət İmtahan Mərkəzinin növbəti hesabatına əsasən, ali məktəblərin dövlət qulluğuna qəbul imtahanlarındakı nəticələrinə görə ADPU yenə də ali təhsil müəssisələri arasında 4 və 5-ci yerləri bölüşür. Bu göstərici onu deməyə əsas verir ki, Pedaqoji Universitet yalnız məktəblər üçün müəllim hazırlayan ali məktəb deyil, məzunlarımız dövlət qulluğuna da maraq göstərir və bu sahədə də uğurlar əldə edirlər.

Vacib məqamlardan biri məzunların növbəti təhsil pillələrinə keçididir. 2024-cü il məzunlarımız arasında (təxminən 2200 nəfər) 812 nəfər magistratura səviyyəsində təhsilini davam etdirib. Bu, ümumi məzunların 30-35 %-dən çox hissəsini təşkil edir. Onlardan 70-ə yaxını isə magistratura təhsilini xarici ölkələrdə davam etdirir.
Bu göstəricilər Pedaqoji Universitetin məzunlarının geniş potensiala və müxtəlif istiqamətlərdə inkişaf imkanlarına sahib olduğunu bir daha sübut edir.

– Bəs əmək bazarı ilə əməkdaşlıqda hansı yeni alətləri təklif edərdiniz?
– Əmək bazarı ilə daha effektiv əməkdaşlıq üçün bir sıra yenilikçi alətlərin tətbiqini vacib hesab edirəm:
Dual təhsil proqramlarının genişləndirilməsi – tələbə eyni anda həm təhsil alır, həm də əmək bazarında real təcrübə qazanır. Bu sistem Almaniyada uğurla tətbiq olunur və müsbət nəticələr verir.

İxtisas üzrə mentorluq və təcrübə proqramları – Hər tələbəyə sahə üzrə bir əmək bazarı nümayəndəsi mentor kimi təyin olunur. Bu mentorlar tələbəyə real bazar gözləntiləri barədə istiqamət verir, onların inkişafına töhfə göstərir.

Əmək bazarı ilə birgə fənn modullarının hazırlanması – fənn proqramlarının müəyyən hissəsi əmək bazarının tərəfdaşları ilə birgə hazırlanır, onların praktik təcrübəsi nəzərə alınır.
Əmək bazarının ehtiyaclarına dair illik monitorinqlər – xüsusi platformalar vasitəsilə universitetlər əmək bazarının dəyişən tələblərini izləyir və bu tələblərə uyğun olaraq dərhal təhsil proqramlarında dəyişikliklər edə bilirlər.

Əmək bazarı simulyasiya modulları – virtual və ya fiziki mühitdə,  tələbələrin əmək bazarında qarşılaşa biləcəyi real situasiyalar əsasında simulyasiya mərkəzləri yaradılır.
Bu istiqamətdə ən diqqətçəkən məqamlardan biri tələbələrimizin könüllülük fəaliyyətləridir. Onların müxtəlif tədbirlərdə, xüsusilə təhsillə bağlı layihələrdə könüllü iştirak etməsi vacib istiqamətlərdən biridir. Biz tələbələri bu cür təşəbbüslərə cəlb etməyə xüsusi önəm veririk.

“Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib” 

– Pedoqoji universitetin məzunları müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında nə qədər uğurlu ola bilirlər? Bununla bağlı monitorinq aparmaq imkanınız olub? 
– Bəli, əlbəttə ki, məlumatımız var. Sertifikasiyanın nəticəsi ilə bağlı  monitorinq aparırıq. İndividual olaraq hansı məzunumuzun nə qədər bal topladığını görə bilməsək də, sertifikatlaşdırmanı aparan qurumların açıqladığı nəticələrdə, xüsusilə sertifikasiyadan uğursuz keçən məzunların və ya müəllimlərin hansı təhsil müəssisələrində təhsil aldıqları ilə bağlı məlumatlar paylaşılır. Sevindirici haldır ki, uğursuz olanlar arasında ADPU-nun məzunlarına rast gəlinmir. Yəni imtahandan keçməyənlərin sırasında bu universitetin məzunları yoxdur.

Düzdür, rəsmi açıqlamalarda qeyd olunur ki, onların əksəriyyəti kolleci bitirənlərdir. Amma nəzərə almaq lazımdır ki, Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollec də fəaliyyət göstərir. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində bu universitetin filialları mövcuddur.

Digər bir istiqamət isə MİQ-in nəticələridir. Bu nəticələrdə biz fərdi göstəriciləri görə bilirik. Artıq aprelin sonlarından magistraturaya qəbul nəticələri açıqlanmağa başlayır. Buna görə biz son kursda təhsil alan tələbələrimizin həm magistratura nəticələrini, bir qədər sonra isə MİQ nəticələrini diqqətlə izləyirik.

Artıq 5-ci ildir ki, hər ilin oktyabr-noyabr aylarında keçirilən Elmi şuralarımızda keçən ilin məzunlarının məşğulluq göstəricilərini müzakirə edirik. Belə ki, məzunlarımızın nə qədərinin hərbi xidmətə yollandığını müəyyənləşdirir, onların adlarını qeyd edirik. Həmçinin məzunlarımızdan nə qədərinin MİQ müsabiqəsində iştirak üçün sənəd verdiyini, imtahan mərhələsində hansı nəticələr topladığını, test mərhələsini və müsahibəni uğurla keçərək təyinat alıb-almadıqlarını təhlil edirik.

Eyni zamanda, nə qədər tələbəmizin magistratura imtahanında minimum bal topladığını, ixtisas seçimi etdiyini və qəbul olduğunu izləyirik. Bununla yanaşı, tələbələrimizin xarici ölkələrdə magistratura təhsilinə sənəd verib-vermədiyini, hansı ölkələrə, ixtisaslara, universitetlərə və hansı təhsil səviyyəsində müraciət etdiklərini araşdırırıq.

Ötən il universitetimizin məzunlarının, magistratura təhsilinə qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, məşğulluq səviyyəsi 73% təşkil edib. Bu, qənaətbəxş nəticədir, lakin hesab edirik ki, göstəricini yüksəltmək üçün gələcəkdə daha  səylə çalışmalıyıq.

“Pedaqoji ixtisaslara qəbul yaxın illərdə bir qədər azaldıla bilər”

–  Bölgələrdəki universitetlərin potensialının artırılması məsələsi Milli Məclisdə də zaman-zaman gündəmə gəlir. ADPU-nun da bölgələrdə beş filialı var. Bölgə təhsilini yaxşılaşdırmaq, tələbə qəbulunu stimullaşdırmaq üçün nələr etməliyik?
– “ADPU-2030” Strateji İnkişaf Planı bu ilin 4 fevralında təsdiqlənib. Sənədin əsas istiqamətlərindən biri  elə sizin sualınızda toxunduğunuz məqamlarla bağlıdır. Əslində, bu kontekstdə mən sizə strateji planımızdan da bəhs etmiş oluram.

Qeyd edim ki, Pedaqoji Universitet 2015-ci il akkreditasiya nəticələrinə əsasən, qeyri-pedaqoji ixtisasların əksəriyyətinin bağlandığı ali təhsil müəssisələrindən biri olub. Lakin 2016-cı ildə universitetə yeni rəhbərlik gəldikdən sonra ilk olaraq 2021-ci il üçün müəyyən edilmiş strategiyada, daha sonra isə “ADPU-2030” Strateji İnkişaf Planında əsas istiqamətlərdən biri kimi universitetin potensial və imkanlarının artırılması, onu tədricən ölkədə sosial-humanitar və pedaqoji elmlər sahəsində ixtisaslaşmış bir elmi mərkəzə çevirmək hədəfi müəyyən olunub.

Burada əsas məqamlardan biri odur ki, ölkədə Elm və Təhsil Nazirliyi tərəfindən pedaqoji ixtisaslara qəbul planı ildən-ilə optimallaşdırılır. Bu, həm müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi, həm də əmək bazarının real tələblərinə uyğunluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda ölkə üzrə 21 ali təhsil müəssisəsində hər il təxminən 10-11 min nəfər bakalavriat səviyyəsində pedaqoji ixtisaslara qəbul olur. Bu rəqəmlər yaxın illərdə bir qədər azaldıla bilər. Çünki əmək bazarının ehtiyacları nəzərə alınaraq, qəbul planlamasında tənzimləmələr aparılır və biz bunu artıq hiss edirik. 

Ona görə də Pedaqoji Universitetin və onun filiallarının yalnız pedaqoji kadr hazırlayan ali məktəb olaraq fəaliyyət göstərməsi 2030-cu illərə qədər məqsədəuyğun hesab edilmir. Bu baxımdan ali təhsil müəssisəsinin əmək bazarındakı rəqabətədavamlı olması üçün kadr hazırlığı aparılan sahələrdə müəyyən korreksiyalar edilməlidir.

Gələcək dövrdə Pedaqoji Universitet və onun filialları yalnız pedaqoji ixtisaslar üzrə deyil, əmək bazarının tələblərinə uyğun olaraq digər istiqamətlərdə də mütəxəssis hazırlığı həyata keçirməlidirlər. Hədəf hazırda 100% pedaqoji kadr hazırlayan bu ali məktəbin 2030-cu ilə qədər tələbə  qəbulunun təqribən 70%-nin pedaqoji ixtisaslara, 30%-nin isə əmək bazarına uyğun digər ixtisaslara yönəldilməsidir.

Məsələn, gələcəkdə “Kimya mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Rəqəmsal media”, “Xarici dillər”, “Regionşünaslıq”, “Psixologiya”, “Dizayn”, filiallarda isə onların yerləşdiyi zonanın əmək bazarının ehtiyac duyduğu  ixtisaslar üzrə kadr hazırlığı da nəzərdən keçirilir. Bu ixtisasların hər biri müvafiq fakültələrin və filialların profilinə uyğun şəkildə formalaşdırılacaq.

“Filiallarda yeni açılacaq ixtisaslar regionların sosial-iqtisadi ehtiyaclarına uyğun olmalıdır”

– Filiallarda açılacaq yeni ixtisaslar üzrə pedaqoji kadrların cəlbi çətin olmayacaq?
– Əlbəttə, bu proses asan olmayacaq. Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən ali məktəblərdə yeni ixtisasların açılması üçün müəyyən olunmuş qaydalar və tələblər mövcuddur. Artıq ali məktəb olaraq qərar vermişik ki, qarşıdakı illərdə hər bir fakültə və filial qarşısında konkret bir vəzifə qoyulsun. Həmin qaydalara uyğun olaraq, ən azı bir yeni ixtisas üzrə tələb olunan sənədləri hazırlayıb təqdim etsinlər.

Təbii ki, bu proses yalnız ixtisasların müəyyənləşdirilməsi ilə bitmir. Əmək bazarının dərin və sistemli tədqiqi aparılmalıdır. Hər bir yeni ixtisas üzrə elmi-pedaqoji komanda formalaşdırılmalı, bu sahədə təcrübəli mütəxəssislər cəlb edilməlidir. 

Yeni açılacaq ixtisaslar ölkənin ümumi sosial-iqtisadi inkişafı ilə yanaşı, filialların yerləşdiyi regionların sosial-iqtisadi ehtiyaclarına da uyğun olmalıdır. Məsələn, Quba, Şamaxı, Şəki, Cəlilabad və Ağcabədi filiallarımızda məhz həmin bölgələrin əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı prioritet hesab edilir.

Eyni zamanda, regionlarda ali təhsilə marağın artırılması da önəmli hədəflərimizdəndir. Bu, həm bölgələrdə yaşayan gənclərin ali təhsilə çıxış imkanlarına genişləndirmək, həm də paytaxtda yaşayan gənclərimizin regionlardakı tədris mühitində təhsil almağa təşviq olunması baxımından əhəmiyyətlidir. Bu məqsədlə region filiallarında maraqlı, rəqabətqabiliyyətli və əmək bazarının ehtiyaclarına  cavab verən ixtisaslar üzrə proqramlar açılmalıdır.

Bu, təkcə bizim universitetin filialları ilə məhdudlaşmamalı, ölkənin digər regionlarında fəaliyyət göstərən ali təhsil müəssisələrinin də üzərinə düşən mühüm vəzifədir. Digər tərəfdən, bu prosesi əmək bazarının nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirməliyik.

Xüsusilə nəzərə almaq lazımdır ki, Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturu ilə bağlı qəbul olunmuş yeni Dövlət Proqramında regionlarda ali təhsil müəssisələrinin tələbə payının artırılması strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan Pedaqoji Universitet olaraq biz də bu strateji hədəfə uyğun hərəkət edirik.

– Bəs filiallarınızda hansı ixtisaslar üzrə əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirilə bilər?
– Bu istiqamətdə artıq konkret planlarımız var. Təkcə düşünmürük, eyni zamanda fəaliyyətə keçirik. Ümid edirəm ki, 2025–2026-cı tədris ilindən həm bu filiallarda, həm də Bakı şəhərində yeni ixtisasların açıldığının şahidi olacağıq. Təbii ki, bunun üçün yalnız ixtisasların müəyyənləşdirilməsi deyil, dəstək mexanizmləri, infrastrukturun gücləndirilməsi, elmi-tədqiqat potensialının artırılması da strateji planda əsas məsələlərdən biridir. Üçüncü vacib istiqamət infrastrukturun gücləndirilməsi və rəqəmsallaşmadır. Hazırda Pedaqoji Universitetin regionlarda fəaliyyət göstərən filiallarından yalnız birində tam fəaliyyət göstərən yataqxana mövcuddur, digər birində isə yataqxana var, lakin istifadəyə tam yararlı vəziyyətdə deyil.

Yeni ixtisasların açılması, sadəcə kadr hazırlığına başlamaqla məhdudlaşmamalıdır. Bu prosesin davamlı və effektiv olması üçün müvafiq infrastrukturun yaradılması əsas şərtlərdən biridir. Bu baxımdan universitet rəhbərliyi olaraq əmək bazarı nümayəndələri, özəl sektor, banklar və dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində filiallarda zəruri infrastrukturun yaradılması istiqamətində təşəbbüslərlə çıxış edirik.

Yeni ixtisasların açılması üçün mövcud normativ sənədlərdə nəzərdə tutulan tələblər var və bu tələblərə uyğun olaraq təhsil infrastrukturu ilə yanaşı, sosial infrastruktur da qurulmalıdır. Tələbələrin yataqxana ilə təminatı, təcrübə imkanları, sosial həyatı və təhsil aldıqları sahə üzrə məzun olduqdan sonra işlə təmin olunmaları və ya karyera perspektivlərinin aydın olması bu sahədə kompleks yanaşmanı zəruri edir.  

“Yaxın gələcəkdə yataqxana binalarının mərhələli şəkildə boşaldılması planlaşdırılır”

– ADPU-nun Bakıdakı yataqxanası ilə bağlı vəziyyət necədir?
– Bakıdakı yataqxana məsələsinə gəlincə, hazırda Pedaqoji Universitetin “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən korpusunda - Tarix-coğrafiya fakültəsinin yerləşdiyi binada yalnız qızlar yataqxanası fəaliyyət göstərir. Bu yataqxana 300 nəfərlikdir,  ümumilikdə şəraiti qənaətbəxşdir. 
Unutmayaq ki, Pedaqoji Universitet ölkəmizin 104 illik tarixi olan köklü ali təhsil müəssisəsidir və tələbələrinin əksəriyyəti regionlardan olan şəxslər, xüsusilə də qızlardır. Belə bir tələbə kontingenti üçün yalnız 300 nəfərlik yataqxananın olması, əlbəttə ki, kifayət etmir.

Sovet dövründə universitetin geniş yataqxana infrastrukturu mövcud idi. Universitetin yataqxana infrastrukturu ilə bağlı çətinliklərə toxunarkən bu məsələnin kökləri birbaşa ölkəmizin yaşadığı müharibə faktoru və onun nəticələri ilə əlaqədardır. Bildiyiniz kimi, təxminən 30 ildir ki, universitetimizin yataqxana binaları məcburi köçkün soydaşlarımızın istifadəsindədir. 
Şükürlər olsun ki, artıq Azərbaycan qalib ölkədir və işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir. 

Yaxın gələcəkdə yataqxana binalarının mərhələli şəkildə boşaldılması planlaşdırılır. Ən azı 4-5 binadan birinin yaxın vaxtlarda boşaldılması və onun vəziyyətinin qiymətləndirilməsindən sonra təmir və ya yenidən inşa ilə bağlı qərar qəbul ediləcək. Əgər mövcud şərait təmirə əlverişli deyilsə, yeni yataqxana binasının inşası məsələsi gündəmə gələcək.

Əlbəttə, bu məsələdə son söz texniki ekspertizanın rəyinə və müvafiq qurumların təqdim etdiyi imkanlara əsasən veriləcək. Amma əsas məqsədimiz tələbələrin yataqxana təminatını mərhələli şəkildə yaxşılaşdırmaq və Pedaqoji Universiteti bu sahədə də layiq olduğu səviyyəyə qaldırmaqdır.


İnanıram ki, yaxın zamanda Elm və Təhsil Nazirliyinin dəstəyi, eləcə də özəl sektorla əməkdaşlıq nəticəsində yeni və müasir yataqxananın istifadəyə verilməsinə nail olacağıq.

– Sonda “Azərbaycan müəllimi” oxucularına və Təhsil TV izləyicilərinə, xüsusilə müəllimlərə nə demək istəyirsiniz?
– Bütün müəllimlərimizə yalnız uğurlar arzulayıram. Bugünkü sosial həyatın reallığı ondan ibarətdir ki, təhsillə, məktəblə bağlı məsələlər hər zaman gündəmdədir. Təəssüf ki, cəmiyyətin diqqəti daha çox problemli məqamlara yönəlir, baxmayaraq ki, sevindirici və ilhamverici nümunələr də az deyil.
Müəllimlik adını şərəflə daşıyan bütün həmkarlarıma demək istəyirəm ki, ruhdan düşməyin! Cəsarətli olun, rəqabətə hazır olun! Müasir dövrdə müəllim olmaq həqiqətən də çətin və məsuliyyətli peşədir. Müəllim yalnız intellektual deyil, eyni zamanda, ciddi psixoloji və mənəvi hazırlığa malik olmalıdır. İnanıram ki, Azərbaycan müəllimi bu iradəni, bu məsuliyyəti şərəflə daşıyır və daşıyacaq.

Şərhlər

Xəbər lenti

19 aprel, 15:27

Naxçıvanda Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.