Bütün xəbərlər
4 iyul, 11:53

Oxud kəndinin səssizliyini pozan, içindən gələn əminliklə danışan gənclərin səsi bizi bu məktəbə çəkdi. Onlar təmkinlə, amma inamla öz uğurlarından danışır, hər cavablarında zəhmətin dəyərini ifadə edirdilər. 

Həmin gənclərin 11-i - Aysu Şabanlı, Əziz Qədirli, Ayşən Bəkirova, Muğay Məmmədli, Ayan Yusifli, Zöhrə Məmmədli, Aydan İsazadə, İlahə Ağammədzadə, Nərmin Eyvazlı, Nəzrin Mustafazadə və Nurlan Ramazanova bu il orta təhsillərini xüsusi nailiyyətlərlə başa vuraraq fərqlənmə attestatına layiq görülüblər. 

Məktəbin 67 məzunundan 11-nin fərqlənmə attestatı alması bir kənd məktəbi üçün böyük və örnək sayıla biləcək göstəricidir.  

Kənd məktəbinin akademik uğur tarixçəsinə yeni səhifə yazan bu məzunların uğurlarını təhsil müəssisəsinin kollektivi böyük sevinc və fəxrlə qeyd edib.

Şəki rayonu N.Hümmətov adına Oxud kənd tam orta məktəbin 11-ci sinif şagirdi Aysu Şabanlı Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi buraxılış imtahanında mümkün 300 mümkün balın 296-sını toplayaraq məktəbin adını zirvəyə yazdırıb. Aysunun ardınca Əziz Qədirli 295, Ayşən Bəkirova isə 292 bal toplayaraq bu möhtəşəm göstəricilərlə məktəbin akademik uğurlarına yeni səhifə əlavə ediblər.

Ümumilikdə builki buraxılış imtahanında 11-ci sinif məzunlarının 12-si 250-dən, 21-i isə 200-dən artıq nəticə göstərib.

Şagirdlərin öz dillərindən dinlədikcə bu uğurların arxasındakı fədakarlığı daha dərindən hiss edirsən. Aysu Şabanlı deyir ki, bu nəticə yalnız dərsə davamlı diqqət və zamanını düzgün bölüşdürməsi sayəsində mümkün olub: 

“Telefondan mümkün qədər uzaq qalmaqla dərslərimə daha çox diqqət göstərə bildim. Vaxtımı sosial şəbəkələrə yox, dərslərə ayırırdım. Müəllimlərim hər zaman mənə dəstək oldular. Məktəbdəki əlavə dərslərdə iştirak etdim, müəllimlər çətinlik çəkdiyim mövzuları yenidən başa saldılar".

Əziz Qədirli uğurunu belə izah edir: 

"Əsas amil məsuliyyət hissidir. Məktəbə sadəcə gəlmək yox, orada vaxt keçirmək, maraqla öyrənmək lazımdır. Mən hər gün dərsdən sonra bir neçə saat məktəbdə qalaraq dərslərlə əlavə məşğul olurdum. Telefonu isə imtahanlara qədər tam kənara qoymuşdum. Müəllimlərimiz təkcə dərs deməklə kifayətlənmirdilər, həm də bizə motivasiya verirdilər".

Ayşən Bəkirova isə daha emosional danışır: 

"Bu nəticəni görmək ailəmi, müəllimlərimi, xüsusilə də özümü çox sevindirdi. Bəzən yorulurdum, bəzən çətin gəlirdi, amma müəllimlərimin bir cümləsi – “Sən bacaracaqsan!” deməsi mənə kifayət edirdi. Məktəbdə dərsdən sonra əlavə məşğələlərə qatılırdım. Vaxtımı düzgün planlaşdırmaq və telefondan uzaq durmaq mənim üçün uğurun açarı oldu".

Məktəbin şagirdləri arasında olimpiadalarda uğur qazananlar da var. Respublika Fənn Olimpiadasında (RFO) final mərhələsinə qədər yüksələn 14 şagirdin, həmçinin Respublika Fənn Müsabiqəsində (RFM) və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında da iştirak etmiş 5 şagirdin uğurlu nəticələri məktəbdə yaradılan sağlam tədris mühitindən xəbər verir.

Ali məktəblər də hər il ənənənə halını alan bu nəticələri yüksək qiymətləndirib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2024-cü ildə məktəbə rəsmi təşəkkür məktubu göndərərək müəllim və rəhbərliyə xüsusi minnətdarlığını bildirib. Qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərən 5 məzun hazırda BANM-in tələbəsidir.

Məktəbin direktoru Elman İsmayılov isə qeyd edir: "Hazırda məktəbimizdə 23 sinif komplektində 558 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərlik müəllim heyəti məşğuldur. Kollektivimizdə həm təcrübəli, həm də gənc müəllimlər fəaliyyət göstərirlər. 

Tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərimiz öz bilik və bacarıqlarını mütəmadi artırır, treninq və beynəlxalq layihələrdə iştirak edirlər. Bizim üçün valideynlərlə əməkdaşlıq xüsusi önəm daşıyır. Onların təhsil prosesində aktiv iştirakı şagirdlərin nailiyyətlərinə birbaşa təsir edir”. 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində müəllimlərdən Mənzər Şabanova, Leyla Xammədova, Şəlalə Salmanova 56 bal toplayaraq məktəbin ən yüksək nəticə göstərənlərindən olublar. Ümumilikdə məktəbin müəllimləri arasında 50-dən yüksək nəticə göstərənlərin sayı az deyil.  
Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərlə də həmsöhbət olduq. 

Onların səmimi yanaşmaları, peşəyə sevgiləri bizə bu uğurların arxasında dayanan mənəvi gücü hiss etdirdi. İbtidai sinif müəllimi Şəlalə Salmanova öz düşüncələrini bizimlə bölüşdü: 

"Bizim peşəmiz sadəcə bilik ötürmək deyil, uşaq qəlbinə toxunmaq, onu cəmiyyət üçün faydalı bir fərd kimi yetişdirməkdir. Hər bir uğur, hər bir bal birgə zəhmətin bəhrəsidir. Bəzən bir şagirdin sadə təşəkkürü bütün yorğunluğun ən gözəl mükafatına çevrilir".

Biologiya müəllimi Firuzə Süleymanova isə dərslərinin sadəcə tədris prosesindən ibarət olmadığını, burada həyat dərsləri verildiyini bildirir: "Şagirdlərimin uğurlarında özümü görürəm. Hər imtahan, hər dərs bir fürsətdir və biz bu fürsətləri şagirdlərin inkişafına çevirməyə çalışırıq. Onların hər bir nailiyyəti bizim birgə yolumuzun nəticəsidir".

Mənzər Şabanova isə deyir ki, hər bir uğurun arxasında əzm, məsuliyyət və sevgi dayanır: “Dərslərimdə şagirdlərə sadəcə dil öyrətmirəm, onları inamlı və öz fikrini ifadə edə bilən fərd kimi formalaşdırmağa çalışıram. Şagirdlərimizin uğuru mənim uğurumdur".

Məktəbdə vətənpərvərlik tədbirləri xüsusi diqqətdə saxlanılır. Müəllim və şagirdlər davamlı olaraq, şəhid məzunların – Asif Əhmədov və Məhərrəm İbrahimlinin ailələrini, eləcə də Oxud kənd Şəhidlər xiyabanındakı məzarlarını ziyarət edirlər.

Gördüklərimiz bizə bu qənaətə gəlməyə imkan verdi ki, Oxud kənd tam orta məktəbində təhsil yalnız dərs keçməkdən ibarət deyil. Burada formalaşan mühit, fədakar müəllimlər və istedadlı şagirdlər sayəsində məktəb hər gün yeni uğurlara imza atılır.

1 /7

Şərhlər

Xəbər lenti

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

4 iyul, 18:04

5 il ərzində bütün imtahanlar elektronlaşdırılacaq – Məleykə Abbaszadə

4 iyul, 18:04

Növbəti tədris ilində yenilənmiş iki fənn kurikulumu tətbiq olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.