
Öyrətmək uzun illər yalnız professional müəllimlərin işi kimi qəbul edilsə də, müasir dövrdə bu fəaliyyət sərhədlərini daha da genişləndirib. Artıq öyrətmək və bilik ötürmək missiyası valideynlərdən və könüllülərdən tutmuş mentorlar, təlimçilər və müxtəlif sahələrdə çalışan mütəxəssislərə qədər bir çox fərqli şəxslərin fəaliyyət sahəsinə çevrilib. İnsanların bir-birinə məlumat, bacarıq və təcrübələrini ötürməsi cəmiyyətin inkişafı və tərəqqisi üçün əhəmiyyət daşıyır. Lakin öyrətmək yalnız informasiya paylaşmaqdan ibarət deyil, bu proses müəyyən şəxsi və peşəkar keyfiyyətlər tələb edir.
Öyrətməklə məşğul olmaq istəyən hər kəs təhsil almış professional müəllim olmasa da, effektiv təlimçi rolunu yerinə yetirmək üçün ünsiyyət bacarığı, səbir, empatiya, motivasiya vermək qabiliyyəti və yaradıcı yanaşma kimi mühüm xüsusiyyətlərə sahib olmalıdır. Bu məqalədə professional müəllim olmayanların öyrətmək fəaliyyətində uğurlu olması üçün əsas keyfiyyətlərə nəzər salacağıq.
Hər bir mentor təcrübə qazandıqca tədrisə öz yanaşmalarını tətbiq edir. Lakin elə ümumi prinsiplər var ki, onları əvvəldən nəzərə almaq lazımdır. Başqa bir insanı öyrətmək diqqət, səbir və strategiya tələb edən prosesdir. Teaching-and-learning.co.uk saytında başqasını öyrətmək üçün təlimçidən tələb olunan prinsiplər göstərilib:
– Təhsilalanın ehtiyaclarını anlayın – tədrisə başlamazdan əvvəl qarşınızdakının səviyyəsindən, ehtiyaclarından və məqsədlərindən xəbərdar olduğunuzdan əmin olun. Öz yanaşmanızı onların fərdi ehtiyaclarına uyğunlaşdırın.
– Ardıcıl mərhələli aydın təlim planı hazırlayın. Bu, təhsilalanın materialı daha yaxşı anlamasına və onların irəliləyişini qiymətləndirməyə kömək edəcək.
– Müxtəlif tədris metodlarından istifadə edin – izahatlar, video çarxlar, interaktiv tapşırıqlar və müzakirələr daxil olmaqla, fərqli tədris metodlarından yararlanın. Bu, məlumatın daha yaxşı mənimsənilməsinə kömək edəcək.
– Motivasiyanı saxlamaq – öyrənilən materialın əhəmiyyətini vurğulamaq, onun real həyata uyğunluğunu nümayiş etdirmək. Təhsilalanı həvəsləndirin, uğurlarını vurğulayın və çətin anlarda dəstəkləyin.
– Təcrübə və tətbiq – praktiki məşğələlər, layihələr və tapşırıqlar vasitəsilə biliklərin fəal tətbiqinə çalışın.
– Rəy bildirin – dinləyənlərin hər şeyi anladığından əmin olun, yaranan çətinlikləri dərhal müəyyənləşdirin və təhsilalanın hazırlıq səviyyəsinə uyğun olaraq təlim prosesini təkmilləşdirməyə çalışın.
– Müstəqil düşünməyə həvəsləndirmək – təhlil və tənqidi düşüncə tələb edən suallar verməyə təşviq edin. Bu, materialın asan və dərin mənimsənilməsinə kömək edir.
– Dəstəkləyici öyrənmə mühiti yaradın – rahat və stimullaşdırıcı öyrənmə mühiti təmin edin. Buraya mənəvi dəstək, lazımi material və resurslara çıxış, dostluq mühitinin yaradılması daxildir.
– Səbrli və çevik olun – unutmayın ki, insanlar müxtəlif templərdə öyrənirlər və hər kəsin öz öyrənmə tərzi var. Lazım gələrsə, yanaşmanızı onlara uyğunlaşdırmağa hazır olun.
– Şəxsi inkişafınıza davam edin – öz təcrübənizi zənginləşdirmək və daha uğurlu müəllim olmaq üçün yeni tədris metodları, müasir texnologiyalar və bilik sahəsindəki inkişaflarla ayaqlaşın.

Başqalarını öyrətmək niyə faydalıdır?
Başqalarını öyrədən insanlar tədris materialını izah etməyə hazırlaşarkən əvvəllər bildiyindən daha çox öyrənir. Mütəxəssislər başqalarına öyrətməyin faydalı xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırıb:
– Daha dərindən başa düşmək – anlayışları izah etmək və bilikləri başqalarına ötürmək materialın daha yaxşı dərk olunmasına təkan verir.
– Məlumatın daha yaxşı yadda saxlanması – biliklərin başqalarına ötürülməsi beyinin müxtəlif hissələrini aktivləşdirir, bu da məlumatın saxlanmasını və qavranılmasını yaxşılaşdıra bilər.
– İnkişaf etmiş ünsiyyət bacarıqları – başqalarına öyrətmək ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Bura fikirləri aydın və yığcam şəkildə ifadə etmək, başqalarını dinləmək və anlamaq, onların ünsiyyət tərzini uyğunlaşdırmaq qabiliyyəti daxildir.
– Liderlik bacarıqları – müəllim çox vaxt təhsilalanlara rəhbərlik edən lider kimi çıxış edir. Bu, motivasiya, təşkilatçılıq və başqalarına ilham vermək bacarığı kimi liderlik keyfiyyətlərinin inkişafına kömək edir.
– Məsuliyyət səviyyəsinin yüksəldilməsi – dəqiq və faydalı məlumatın çatdırılması üçün yüksək səviyyəli məsuliyyət tələb edir. Bu, planlaşdırma və təşkilatçılıq bacarıqlarının təkmilləşdirilməsinə təsir edə bilər.
– Özünəhörmət – başqalarını öyrətməkdə qazanılan uğur insanın öz bilik və bacarıqlarına inamını artırmağa kömək edir. Bu, özünəhörmətin formalaşmasına müsbət təsir göstərir.
– Həyat təcrübəsinin zənginləşdirilməsi – tədris tələbələrin fikrini öyrənmək, gənclər mühitindəki tendensiyaları anlamaq, öz həyat və tədris təcrübənizi zənginləşdirmək imkanı verir.
– Şəxsi və peşəkar əlaqələrin formalaşması – öyrənmə prosesi zamanı müxtəlif insanlarla əlaqələr qurulur. Bu cür şəbəkələr peşəkar inkişafa kömək edir və yeni dostlar tapmağa imkan yaradır.
– Cəmiyyətə fayda – biliyin ötürülməsi və insanların təhsil səviyyəsinin yüksəldilməsi təhsilin və nəhayət, cəmiyyətin rifahının yüksəldilməsinə kömək edir.
– Şəxsi məmnunluq – başqalarının inkişafına töhfə verdiyinizi bilmək şəxsi məmnunluq və dəyər hissini yüksəldə bilər.
Ümumiyyətlə, başqalarını öyrətmək təkcə biliyi yaymaq üçün deyil, həm də şəxsi və peşəkar inkişaf vasitəsi sayılır. Bununla belə, həm sizə, həm də təhsilalanlara zərər verən ciddi səhvlərdən yayınmaq vacibdir.
Başqalarını öyrətməyə başlamaq üçün peşəkar müəllim və ya bir növ “hər şeyi bilən” olmaq vacib deyil. Ancaq bu, heç bir şey bilmədən və ya hazırlaşmadan başqalarını öyrədə biləcəyiniz demək deyil. Başqalarını öyrətmək məsuliyyətli bir prosesdir, buna görə də nüfuzunuza xələl gətirə biləcək ciddi səhvlərdən qaçmaq və eyni zamanda peşəkar yüksəliş yolunda irəliləmək vacibdir. Hazır olmadan öyrətmək həvəsinin qurbanı olmamaq üçün Danninq-Krüger effektini unutmamaq vacibdir. Xatırladaq ki, Danninq-Krüger effekti insanın öz səriştə və bacarıq səviyyəsini ciddi şəkildə şişirtməyə, səhv qərarlar qəbul etməyə başladığı, eyni zamanda, səriştələrinin aşağı səviyyədə olması üzündən nəticələrini başa düşə bilmədiyi idrak təhrifidir.
Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə amerikalı psixoloqlar Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa, təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur” fikirləri ilə üst-üstə düşür.
Bu səhvlərə yol verməmək daha effektiv və məhsuldar öyrətməyə kömək edəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər