
"Nikon Small World"
"Nikon Small World" 1975-ci ildə “Nikon” şirkəti tərəfindən təsis edilmiş, mikrofotoqrafiya sahəsində ən nüfuzlu müsabiqələrdən biridir. Bu mükafatın özəlliyi ondadır ki, münsiflər işləri həm elmi, həm də estetik baxımdan qiymətləndirirlər və bununla da elm ilə incəsənət arasında unikal bir körpü yaradırlar.
“Azərbaycan müəllimi” xarici mətbuata istinadla beynəlxalq müsabiqədə qalib olan bəzi fotoları təqdim edir. Bu kadrlar göstərir ki, fotoqrafiya alimlərə mürəkkəb təbii hadisələri öyrənməkdə necə kömək edir.

Siçan beyin şişi hüceyrələri
Fotoda siçanın beyin şişi hüceyrələri əks olunub. Burada aktin sitoskeleti (hüceyrənin formasını qoruyan və hərəkətinə kömək edən nazik liflər), mikronayçalar (müxtəlif maddələrin daşındığı strukturlar) və genetik materialı saxlayan nüvələr aydın görünür.
Şəkil ABŞ-nin Oqusta Universitetindən doktor Bruno Systerne və doktor Erik Vitriolun əməkdaşlığı ilə çəkilib. Alimlər sitoskeletdəki pozuntuların altsheymer xəstəliyi və amiotrofik lateral skleroz kimi xəstəliklərə necə səbəb ola biləcəyini araşdırırlar.
“Neurodegenerativ xəstəliklərin tədqiqində əsas problemlərdən biri onların səbəblərinin tam məlum olmamasıdır. Effektiv müalicə üsulları hazırlamaq üçün ilk növbədə bu xəstəliklərin əsas mexanizmlərini anlamaq lazımdır. Tədqiqatımız bu biliklərin əldə olunmasına və yeni dərmanların yaradılmasına yol açır”, –deyə Systerne izah edir.
Şəkil 100 dəfə böyüdülmüş formada çəkilib və “Nikon Small World 2024” müsabiqəsinin qalibi olub.

Gəmiricinin görmə siniri
"Nikon Small World 2023" qalibi gəmiricinin görmə sinirinin fotosudur. Şəkil Avstraliyanın Lions Eye Institute tibb-tədqiqat institutundan Hassanain Kambari və Jayden Dickson tərəfindən çəkilib. 63 dəfə böyüdülmüş bu fotoda görmə sinirinin göz almasının arxa hissəsindən çıxış nöqtəsi əks olunub.
Flüoresan boyalar vasitəsilə kollagen liflər (yaşıl), sinir hüceyrələri (qırmızı) və hüceyrə nüvələri (mavi) vurğulanıb. Bu görüntü şəkərli diabet nəticəsində yaranan diabetik retinopatiyanın – göz torlu qişasının zədələnməsinin öyrənilməsi və müalicəsi üçün əhəmiyyətlidir.
“Görmə sistemi mürəkkəb və yüksək ixtisaslaşmış orqandır, torlu qişanın qan dövranındakı kiçik pozuntular belə görmə itkisinə səbəb ola bilər. Mən bu müsabiqəyə torlu qişanın mikroquruluşunun mürəkkəbliyini göstərmək üçün qatıldım”, – deyə Kambari bildirir.

Gekkonun embrion pəncəsi
Fotoda böyük Madaqaskar gekkosunun embrion pəncəsi təsvir olunub. Əlinin uzunluğu cəmi 3 mm-dir. Şəkil Cenevrə Universitetindən alimlər tərəfindən çəkilib – iş doktor Qriqori Timin tərəfindən doktor Mişel Milinkoviçin rəhbərliyi altında yerinə yetirilib.
Şəkil süni rəngləmə ilə hazırlanıb: sinirlər mavi, sümüklər, vətərlər, bağlar, dəri və qan hüceyrələri isti rənglərlə göstərilib. Çəkiliş üçün konfokal mikroskopiya üsulu istifadə olunub ki, bu da nöqtəvi işıqlandırma və səpələnmiş işığın qarşısını almaqla yüksək kontrastlı təsvirlər əldə etməyə imkan verir. Yüzlərlə detallı şəkil iki gün ərzində çəkilib və birləşdirilib. Ümumi məlumat həcmi təxminən 200 GB olub.
Bu foto "Nikon Small World 2022" müsabiqəsinin qalibi olub.
Wellcome Photography Prize
Böyük Britaniyanın səhiyyə sahəsində tədqiqat aparan “Wellcome” Fondu tərəfindən təşkil olunan fotomükafatdır. Fond 1936-cı ildə əczaçılıq maqnatı Henri Vellkomun vəsiyyəti ilə yaradılıb.
Müsabiqənin bir neçə nominasiyası var, onlardan biri “Elmi və tibbi vizuallaşdırma möcüzələri”dir.

Qaraciyərdə xolesterin
2025-ci ildə “Elmi və tibbi vizuallaşdırma möcüzələri” nominasiyasının qalibi qaraciyərdəki xolesterin fotosu olub. Şəkildə qaraciyər hüceyrəsinin (bənövşəyi) içindəki xolesterin kristalları (mavi) görünür. Xolesterin maye haldan kristal halına keçdikdə qan damarlarında yığılıb onları zədələyə bilər ki, bu da infarkt və insult riskini artırır.
Elmi fotoqraf Stiv Gşmayssner şəkli yüksək dəqiqlikli elektron mikroskop vasitəsilə çəkib. Bu cihaz ən kiçik strukturları belə böyük dəqiqliklə görməyə imkan verir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər