
Mütəxəssislər deyirlər ki, musiqi təhsilinin şagirdlərin savadlılığına və inkişafına verdiyi faydalar xüsusilə ibtidai siniflərdə vacibdir.
“Azərbaycan müəllimi” Böyük Britaniyanın k12dive.com portalına istinadən musiqinin savadlılığa təsirinə dair məqaləsini təqdim edir:
Musiqi təhsili – istər musiqi alətində ifa, istərsə də mahnı oxuma – şagirdlərə oxumağı öyrənərkən onlara kömək edəcək bacarıqlar qazandıra bilər. Böyük Britaniyanın Milli Musiqi Təhsili Assosiasiyasının ümumi musiqi şurasının şimal-qərb nümayəndəsi Stefani Beniçek deyir ki, musiqi öyrənmək şagirdləri daha ünsiyyətcil və yaxşı dinləyici edir. Həmçinin bu, onların söz ehtiyatını artırır və diqqətini toplama qabiliyyətini möhkəmləndirir.
“Hamımız əlifbanı oxumağı mahnı ilə öyrəndiyimizi xatırlayırıq, çoxumuz orta məktəbdə “Pop goes the Weasel” melodiyası ilə kvadrat tənlik formulunu əzbərləmişik. Bu, öyrənməyin əla yoludur”, – deyə Musiqi Müəllimləri Milli Assosiasiyasının üzvlük inkişafı direktoru Rayan Qrin bildirib.
Ətraflı baxış:
2020-ci ildə aparılmış bir hesabat göstərib ki, “Head Start” müəllimləri sinifdə musiqini gündəlik dərslərə inteqrasiya etdikdə, bu, müəllimlərə şagirdlərin müxtəlif akademik və emosional ehtiyaclarını daha yaxşı ödəməyə imkan verib.
Qrin deyir ki, musiqi dərsləri və not oxumağı öyrənmək kimi fəaliyyətlər uşaqlarda naxışları tanıma və əl-göz koordinasiyası bacarıqlarını inkişaf etdirir. “Əgər sən not oxumağı bacarırsansa, artıq digərlərindən bir addım öndəsən”, – deyə o əlavə edir.
Qrin müstəqil piano müəllimidir və adətən şagirdləri 4-5 yaşlarında öyrətməyə başlayır. Onun müşahidəsinə görə, musiqi təhsilinin ən böyük təsirlərindən biri şagirdlərin özünəinamının artmasıdır. Uğurlu çıxış təcrübəsi onlara digər bədii fəaliyyətlərə cəsarətlə başlamaq imkanı verir.
Beniçek Aydahodakı “Star Elementary” məktəbində K-5 siniflərinə ümumi musiqi dərsi keçir. O, uşaq bağçası şagirdlərində söz ehtiyatını artırmaq üçün “hərəkət mahnısı”ndan istifadə edir. Mahnıya “tullan”, “dayan”, “yüyür” kimi sözlər daxil edilir və uşaqlar həm oxuyur, həm də hərəkətlərlə canlandırırlar.
Beniçek deyir ki, bəzən müəllimlər özlərini musiqi bacarığı baxımından yetərsiz hiss edə bilərlər, lakin dərslərə musiqini qatmaq üçün peşəkar müğənni və ya musiqiçi olmaq şərt deyil. O, təkrarlanan cümlələri olan nağıl kitablarına sadə melodiyalar qoşmağı və şagirdlərin onları təkrar oxumasını tövsiyə edir.
Qrin isə müəllimlərə sadə ritm çalmaq və ya mahnıya uyğun rəqs etdirmək kimi kiçik addımlarla başlamağı məsləhət görür.
Beniçek təcrübəli musiqi müəllimlərinin yardımından faydalanmağın, onlardan pleylist və fəaliyyət ideyaları kimi resurslar əldə etməyin vacibliyini vurğulayır. Qrin isə MTNA-nın yerli və ştat üzrə musiqi müəllimləri şəbəkəsinin bu sahəyə maraq göstərən müəllimlər üçün faydalı ola biləcəyini bildirir.
Məktəblərin çox vaxt obyektiv göstəricilər və qiymətləndirməyə yönəldiyini deyən Beniçek, pedaqoqların və məktəb rəhbərlərinin yaradıcılığa daha çox önəm verməsini arzulayır. Onun sözlərinə görə, erkən yaşlarda musiqi təhsili uşaqlara müxtəlif inkişaf yolları açır.
“Çox adam sadəcə bu qapını azacıq aralasa, marağı olub-olmadığını görə bilər”, – deyə Beniçek qeyd edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər