İkidilli təlim Azərbaycanda təhsilin bütün pillə və səviyyələrində reallığa çevrilməkdədir. Bu da təbiidir. Zamanın nəbzinə, yerli və beynəlxalq əmək bazarının sifarişinə, ölkə vətəndaşlarının karyera və şəxsi inkişaf perspektivlərinə uyğun olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təhsilin ayrı-ayrı səviyyələri üçün konkret deskriptorları (informasiya axtarış dilinin leksik vahidi, sənədin ümumi məzmununu ifadə edən söz və ya söz birləşməsi – red.) müəyyən edib. Təbii ki, bütün sənəd boyu dövlət dili bilgiləri bilik, bacarıq və kompetensiyaların fundamenti kimi təsdiqlənir. Eyni zamanda, elə 1-ci səviyyədən başlayaraq xarici dildə elementar ünsiyyət tələbi qoyulur. 2-ci (ümumi orta təhsil) və 4-cü (tam orta təhsil) səviyyələrdə ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyət, yəni anlama və rəybildirmə bacarığı, 6-cı səviyyədə (ali təhsilin bakalavriat səviyyəsi) isə “fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan dilində və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir” deskriptoru yer alır. Tədris dilindən asılı olmayaraq bu deskriptorlar təhsilin pillə və səviyyələri üzrə bütün təhsilalanlara aiddir.
Sadə bir məntiqlə aydın olur ki, ölkədə yaşayan, təhsil alan, işləyən hər kəsin həyat və fəaliyyəti üçün dövlət dilini bilmək və onu tətbiq etmək vacibdir. Lakin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda fəaliyyət ən azından bir xarici dildə ünsiyyət bacarığını da diktə edir.
Ölkəmizdəki etnik zənginlik, multikultural mühit, digər mədəniyyətlərə tolerant münasibət, dünya və region xalqları ilə sülh və əməkdaşlıq şəraitində yaşamaq əzmi, dünyanın ən müasir təhsil texnologiyalarını gənc nəsillərin malına çevirmək istəyi respublikamızın Konstitusiyasında, Təhsil və Ümumi təhsil haqqında qanunlarda dövlət dili ilə yanaşı, ölkəmizin azsaylı xalqlarına öz dillərində və vətəndaşlara əcnəbi dillərdə təhsil almaq imkanı verib. AzMKÇ konseptual sənəd olaraq məhz Azərbaycan Respublikasının Konstitusiyası və yuxarıda göstərilən qanunlardan qidalanır. Sovet dövründə bu məsələlər elan olunsa da, beynəlxalq dil və millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin geniş şəkildə istifadəsi digər dillərin funksionallığına və inkişafına mənfi təsir göstərirdi. Müstəqillik illərində ölkəmizdə dil siyasəti, dövlət dilinin inkişafı ilə bağlı dövlət proqramlarının icrası və bu istiqamətdə atılan digər mühüm addımlar göstərdi ki, mövcud problemlərin həlli, ilk növbədə, ölkənin təhsil sistemində aparılan islahat və dəyişikliklərin müsbət nəticələrindən asılıdır. Bu islahat və dəyişikliklərin cərgəsində pedaqoji kadr hazırlığı, tədris resurslarının hazırlanması, əlavə təhsilin təşkili, ən müasir təlim texnologiyalarının və yanaşmaların, qabaqcıl beynəlxalq təcrübələrin təhsil müəssisələrinə gətirilməsi, təhsilalanların qazandıqları bilik və bacarıqların praktikada tətbiqi, bu məqsədlə tədris-təcrübə istehsal bazalarının yaradılması kimi məsələlər öndə gəlir. Faktiki olaraq, hər bir səviyyə üzrə bilik, bacarıq və səriştələrin AzMKÇ-da təsviri bütün təhsil səviyyələri üzrə tədris standartlarının və planlarının, fənn kurikulumlarının hazırlanmasını, konkret peşələr (ixtisaslar) üzrə kompetensiyaları, hər bir fənn (kurs) üzrə təlim nəticələrini müəyyən etməyə imkan verir.
Müstəqil Azərbaycanın təhsil sistemində (məktəbəqədərki yaş dövrü, ümumi və orta, ali təhsil) qeyri-dövlət dillərində təlimin təşkili və məzmunu məsələsi son on ildə gündəmdən düşməyən müzakirə predmeti olaraq qalır. AzMKÇ mühüm təhsil qanunvericilik aktları təhsilverənlər və təhsilalanlar, təhsil prosesinin üçüncü tərəfdaşı kimi çıxış edən valideynlər (ictimaiyyət) üçün konkret vəzifələr müəyyən edir. Dövlətin təhsil siyasətinin reallaşmasına məsul olan mərkəzi icra orqanı – Elm və Təhsil Nazirliyi (ETN) tədris prosesində, təlim-tərbiyədə dillərin istifadəsinə nəzarəti həyata keçirir. Təbii ki, dil sadəcə zahiri bir görünüş, ifadə və ünsiyyət vasitəsi, emosional-psixoloji-idraki vəziyyətin göstəricisi deyil. Dilimiz bizim ailə tərbiyəmiz, adət-ənənələrimiz, bayram və rituallarımız, folklor, ədəbiyyat və musiqimiz, vətənpərvərlik duyğularımız, milli-mədəni kimliyimizin ifadəsidir. Dil açan körpələr ilk kəlmələrini və mahnı zümzümələrini ana dilində tələffüz etməli, balacalar ilk uşaq şeirlərindən, beşincilər “Vətən tarixi”ni “Zəfər tarixi”ndən başlamalıdır.
Ölkəmizdə dillərin istifadəsi və işlənməsi mənzərəsi aydın göstərir ki, cəmiyyətdə dominant dil Azərbaycan dilidir. Bakı şəhəri də daxil olmaqla bütün ölkə üzrə ailənin, məktəbin, küçənin, rəsmi və işgüzar yazışmaların, tədrisin, elm və diplomatiyanın dominant dili dövlət dilidir. Lakin ailə, sosial və etnik qruplar, regionlar, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri, işgüzar münasibətlər, diplomatik və beynəlxalq əlaqələr və sair fəaliyyətlərə baxdıqda cəmiyyətimizdəki dil rəngarəngliyi (poliliqvallıq) nəzərdən qaçmır.
İkidillilik və çoxdillilik artıq formalaşmış dil səviyyələri və kompetensiyaları kimi anlaşıldığından tədris mühiti, xüsusən də məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün ikidillilik və çoxdillilik üzrə bacarıq və səriştələrin qazanılması, təbii ki, adekvat pedaqoji yanaşmalardan, tədris standartlarının, planlarının və resurslarının tətbiqi ilə lazımi təhsil mühitinin formalaşmasından asılıdır. İkidillilik və çoxdillilik ailə mühitində, ata və ananın, üçüncü tərəfin dili ilə formalaşır. Əsasən, Bakı şəhərində Azərbaycan dilinin dominant dil kimi çıxış etmədiyi ailələrdə də, mövzumuzun obyekti və predmeti kimi müzakirə etdiyimiz bilinqval tədris situasiyasında (ailədə rus və ya ingilis dilində danışılır, məktəbdə də tədris bu dillərdə aparılır) aktiv üçüncü tərəf rolunda “Azərbaycan dili” və “Azərbaycan tarixi” fənlərini tədris edən müəllimlər çıxış edir.
Mütəxəssislər ikidilliliyi (bilinqvizmi) “körpəlik”,“uşaqlıq”,“yeniyetməlik” və “yaşlı” dövrlərə ayırırlar. “Körpəlik” və “uşaqlıq” dövrlərinə xas ikidilliliyin tanınmış tədqiqatçısı, rus alimi Qalina Çirşeva bilinqvizmin 4 tipinin ilk dəfə amerikan linqvisti Eynar Haugen tərəfindən müəyyən olunduğunu qeyd etməklə yanaşı, o fikir üzərində dayanır ki,“körpəlik” və “uşaqlıq” mərhələləri eyni vaxtda formalaşan ikidillik üçün ideal yaş dövrüdür. Hazırda bizim məktəblərdə ikidilli təlim modelinin tətbiqi ilə şagirdlər 10-11 yaşlarında qarşılaşırlar ki, bu da “uşaqlıq” (1-12 yaş arası) dövründən “yeniyetməlik” (12-17 yaş arası) dövrünə keçid zamanına təsadüf edir. Q.Çirşeva 12 yaşından sonra iki dilin mənimsənilməsi prosesini ardıcıl bilinqvizm adlandırır. Bu isə dillərin paralel, eyni vaxtda mənimsənilməsi üçün münbit vaxt hesab olunmur. Ölkəmizdə ikidilli təlim modelinə keçidin xüsusiyyətləri və çətinlikləri barədə yerli və xarici mətbuatda mütəmadi çıxışlar etmişik. Bununla belə, məhz yeniyetməlik dövründə şagirdlərə təklif olunan ikidilli təlimin xarakteri və elmi-metodiki əsaslarının geniş araşdırma və eksperimentlər tələb etdiyi qənaətindəyik və bu mənada mövzuya qayıtmağa ehtiyac duyuruq.
Elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq təhsil müəssisələrində ikidilli təhsil mühitinin təmin olunmasının vacibliyi, eləcə də yeni dərs ilinin başlanğıcında, Şuşa məktəbində Real TV-yə verdiyi müsahibədə təlim qeyri-dövlət dillərində aparılan bütün məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının dövlət dilində aparıldığını elan etməsi bu istiqamətə cavabdeh instansiyalar, xüsusilə də tədris vəsaitlərinin hazırlanmasına məsul təşkilatlar, müəllif və ekspert qrupları üçün konkret vəzifələr müəyyən edir.
Fikrimizcə, tədrisi qeyri-dövlət dillərində aparan məktəbəqədər və ümumi təhsil müəssisələrində ikidilli təlimə keçidi ləngidən bir sıra səbəblər var. Səbəblərlə yanaşı, onların aradan qaldırılması yollarını da vurğulamaq istəyirik:
1. İlk növbədə, ikidilli (bilinqval), həm də çoxdilli(polilinqval)təlim modelinin tətbiqinin müvafiq qanunvericilik aktlarında (təhsil və ümumi təhsil haqqında qanunlarda) əks olunmamasıdır ki, bu da məktəbəhazırlıq, ümumi və tam orta, ali təhsilin tədris standartlarının və planlarının, bunlara istinadən hazırlanan tədris resurslarının ərsəyə gətirilməsi işini ciddi şəkildə ləngidir.
2. Digər olduqca vacib bir cəhət 2019-cu ildə Milli Məclisdə 3-cü oxunuşdan sonra “Ümumi təhsil haqqında Qanun”a edilmiş dəyişiklik nəticəsində 6.2-ci bənddən çıxarılmış “Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə” ifadəsinin bərpasının vacibliyi ilə bağlıdır ki, bu da göstərilən qanunun 6.4-cü bəndindəki “Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır” cümləsinə “dövlət dilində tədris olunmalıdır” ifadəsini əlavə etməyə şərait yaradar.
3. Son illərdə akademik dairələrdə, eləcə də müvafiq respublika universitetlərində dillərarası dialoq, kulturologiya, linvokulturologiya, müqayisəli dilçilik, linqvodidaktika üzrə aparılan elmi tədqiqatların, müdafiə edilən dissertasiya işlərinin və nəşr olunan monoqrafiyaların intensivliyi fonunda onların orta və ali məktəblər üçün dərsliklər, metodiki vəsaitlər və sair tədris resursları hazırlanması prosesində aprobasiyasının zəifliyi və ya sezilməməsi nəzərdən qaçmır.
4. On ildən artıq bir müddətdə Azərbaycanda multikulturalizmin dövlət siyasəti elan olunması və buna müvafiq olaraq geniş yayılmış folklor və ədəbiyyat nümunələrimizin həm aparıcı əcnəbi dillərdə, həm də ölkəmizdə yaşayan milli azlıqların dillərində nəşri, kitabxana fondlarına, həmçinin tədris resurslarının yaradılması ilə məşğul olan müəllif kollektivlərinin ixtiyarına verilməsi faktının hələ ki ikidilli və çoxdilli təlim üçün kifayət qədər dəyərləndirilməməsi göz qabağındadır.
5. Yuxarıda qeyd olunanları əsas götürərək həm də gəldiyimiz qənaət budur ki, ikidilli təlimə keçidi ləngidən səbəblərdən biri də bu təlim modelinin əhəmiyyətinin lazımi səviyyədə dəyərləndirilməməsi, uşaq bağçasından və 1-ci sinifdən tutmuş universitetlərin müvafiq ixtisaslarının tədris proqramlarınadək onun tətbiqinin prioritet məsələ kimi müəyyən edilməməsidir. İnkişaf etmiş, dünyaya açıq müasir cəmiyyətlərdə bilinqval və polilinqval təlim modellərinin məhz erkən yaş dövründən intensiv şəkildə, elmi-metodiki əsaslarla tətbiqi təhsil sisteminin əlifbası, fundamenti hesab olunan cəhətlərdəndir.
6. Fikrimizcə, bu il bütün ölkə üzrə “Azərbaycan tarixi”fənninin dövlət dilində tədrisinin qarşılığında təklif edilən dərslik ikidilli təlimin reallıqlarına və standartlarına uyğunlaşdırılmalıdır. Bu amil tarixçilər tərəfindən 5-ci siniflər üçün hazırlanmış dərsliyin
1) növbəti tədris ilinədək bilinqval təlim standartlarına uyğun yenidən işlənilməsini;
2) 6-cı siniflər üçün yazılacaq dərsliyin və “Müəllim üçün vəsait”in eyni qaydada tərtibini və bu zaman daha çox “Azərbaycan dili” fənni və tarixi mövzulu Azərbaycan ədəbiyyatı mətnləri ilə inteqrativ şəkildə hazırlanmasını aktuallaşdırır.
Mövcud dərsliyi nəzərdən keçirərək, belə qənaətə gəlirik ki, lakonikliyi, əhatəliliyi, interaktiv və inteqrativ təlimə uyğunluğu ilə seçilən, tariximizin ən qədim dövrlərindən tutmuş bugünkü hadisələrədək bütün faktları ustalıqla təqdim edən bu uğurlu dərsliyin mövzuları və mətnləri saxlanılmaqla müəllif kollektivinin (Kərim Şükürov, Pərviz Ağalarov, Niyaməddin Quliyev, Elnur Hüseynov) təlim qeyri-dövlət dillərində aparılan siniflər və məktəblər üçün ayrıca kitab hazırlamağı təklif etmələri daha məqsədəuyğundur. Bu, tədris materiallarının bilinqval təlimin tələbləri,təlim texnologiyaları, mətnlərin şagirdlərin şifahi və yazılı nitqi, lüğət üzərində iş üçün uyğunlaşdırılması istiqamətində müəlliflərə məqsədli fəaliyyət göstərməyə imkan yaradardı. Hazırda “Azərbaycan tarixi” fənni ilə ikidilli təlimə ümumi təhsil səviyyəsindən start verilməsi və təlim qeyri-dövlət dillərində aparılan məktəblərdə Azərbaycan dilinin tədris dilinə çevrilməsi rusdilli və ingilisdilli təlim və məktəb mühiti üçün xüsusi və vacib hal kimi qiymətləndirilməlidir. Ən başlıcası, ayrı-ayrı siniflər üzrə şagirdlərə təklif olunan “Azərbaycan tarixi” dərsliyinin mətninin, sual və tapşırıqlar sisteminin, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirmə vasitələrinin dövlət dili kimi tədris edilən “Azərbaycan dili” fənninin tədris standartları ilə (dil səviyyəsi üzrə) uyğunluq təşkil etməsi şərtdir.
7. Respublikamızın təlim qeyri-dövlət dillərində aparılan məktəblərində məktəbəhazırlıqda və ibtidai təhsil səviyyəsində Azərbaycan dilinin dövlət dili statusunda (xüsusi statusla tədris planlarında yer alan bu fənnin məzmun xətləri, standart və alt-standartları nə qədər mükəmməl görünsə belə, dövlətimizin dilində ən azından azərbaycanşünaslıqla əlaqəli fənlərin tədrisi aparılmadan onun lazımi səviyyədə mənimsənilməsini real hesab etmirik) yox, tədris dili standartları ilə öyrədilməsi perspektivi bütün məktəblərimizdə vahid dərsliyin istifadəsinə imkan verərdi.
Sonuncu bənd təlim qeyri-dövlət dillərində aparılan məktəblərdə “Ədəbiyyat” fənninin dövlət dilində tədrisi məsələsinə də münasibət bildirməyi vacib edir. Bu məsələ təhsilalanlarda dil və təfəkkürün, dünyagörüşün, milli və bəşəri duyğuların, insani keyfiyyətlərin formalaşması cəhətdən, həm də metodiki aspektdə həsas görünür. Birincisi, texnologiyaların, süni intellektin intişarı daha çox diqqəti texniki və təbiət fənlərinin tədrisinə yönəltdiyindən təəssüf ki, qlobal miqyasda insan tərbiyə edilməsindən çox, robotlaşma, yeni texnologiyaların mənimsənilməsi dövrünü yaşamaqdayıq. Nə qədər çalışsaq da, ən yeni texniki inqilab və iqtisadi münasibətlər erası yüksək insani duyğuların, bəşəri dəyərlərin, obyektiv yanaşmaların xeyrinə işləmir. Xüsusən də informasiyalar üçün sərhədsiz dünyada milli kimliyin, milli ideologiyanın, milli və vətənpərvərlik hisslərinin, mənəvi dəyərlərin qorunması işi çətinə düşüb. Bu konteksdə məktəbyaşlı uşaqlar və yeniyetmələr üçün milli və dünya ədəbiyyatından bədii mətnlərin seçilməsi və onların düzgün elmimetodiki təqdimatı əvəzsiz rola malikdir. Eyni zamanda, ədəbiyyat dərsləri özündə dil-nitq amilini, hadisələrə obyektiv münasibət bildirmə xüsusiyyətini, estetik-emosional zövqün formalaşmasını ehtiva edir. Fənn müəllimləri və metodistlər bizimlə həmrəy olarlar ki, ən müxtəlif mövzulu bədii mətnləri, tarixi dövrləri, insan nəsillərini, insan və cəmiyyət, insan və təbiət və s. mövzuları ehtiva edən ədəbiyyat dərsləri inteqrativ və interaktiv təlim üçün ən uyğun tədris fənnidir.
Bu fikirlərimiz onu təsdiq edir ki, təlim qeyri-dövlət dillərində aparılan məktəblərdə “Ədəbiyyat” fənninin tədrisi ilə bağlı artıq Elm və Təhsil Nazirliyi tərəfindən səsləndirilən ideya, yəni təlim dilinə müvafiq olaraq, dünya ədəbiyyatı nümunələrinin rus və ya ingilis dillərində, milli ədəbiyyatımıza aid əsərlərin isə Azərbaycan dilində öyrədilməsi daha böyük səmərə verə bilər. Belə halda, şübhəsiz ki, şagirdlərdə tədris dillərinin inkişafı və zənginləşməsi, işlədilmə dairəsinin genişlənməsi imkanları artır. Bu məsələnin cari dərs ilində reallaşdırıldığı təqdirdə mətnlərin eyni kitabda verilməsinin, vacib olan sual və tapşırıqlar, təlim metod və mexanizmləri, şərhlər və lüğət işi təklif etməklə ideya-mövzu və metodiki cəhətləri ilə dərsliyin bütöv tədris kompleksi kimi hazırlanmasının tərəfdarıyıq. Azərbaycan ədəbiyyatı nümunələrini uyğunlaşdırma və ixtisar etmədən mövzulara dair uyğun mətnlər seçilə bilər.
Yeri gəlmişkən, vurğulayaq ki, növbəti tədris ilinin bağlanğıcınadək ali təhsilin bakalavriat səviyyəsi üçün tədris standartlarının yenilənməsi gözlənilir. Bununla bağlı olaraq, bir sıra humanitar ixtisasların (məsələn,“Tərcümə (dillər üzrə)”, “Regionşünaslıq (ölkələr üzrə)”, “Xarici dil müəllimliyi(dillər üzrə)”)tədris proqramları və tədris planlarının bilinqval və polilinqval təlim modellərinə əsaslanaraq, ixtisas və təlim dillərinin mütənasibliyi gözlənilməklə qurulması vacib məsələdir. Təəssüf ki, ixtisaslar üzrə ali məktəblərə həvalə olunan tədris standartlarının hazırlanması prosesinə bəzən texniki iş kimi yanaşıldığından, bu yaradıcı və olduqca məsuliyyətli tədris-metodiki işə ixtisas kafedraları sıx şəkildə cəlb olunmadığından, nəticədə, mütəxəssis hazırlığına ciddi maneələr yaradan tədris proqramları və planları ortaya çıxır ki, bu da ixtisas üzrə lazımi bilik və bacarıqlar, səriştələr əldə etmək üçün gərəkli olan fənlərin və kursların ortaya çıxmasını əngəlləyir. Bu səbəbdəndir ki, bizdə tələbələrə ali təhsildə bilinqval, polilinqval təlimi, metalinqvistik tendensiyaları əks etdirən dərsliklər təklif olunmur, bu istiqamətdə elmi-tədqiqat laboratoriyaları mövcud deyil və elmi-tədqiqat işləri planlaşdırılmır.
Qeydlərimiz onu göstərir ki, təlimi qeyri-dövlət dillərində aparan məktəblərimizdə reallığa çevrilən ikidilli tədris situasiyası linqvokulturoloji, linqvodidaktik, etnopsixoloji araşdırma və müşahidələrlə müşayiət olunmaqla aydın elmi-nəzəri metodoloji bazaya əsaslanmalıdır. Bu metodologiya bizə həm də təkdilli (monolinqval), təlimi dövlət dilində aparılan məktəblərimizdə xarici dillərin tədrisinə yanaşmanı kökündən dəyişməyə imkan verər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)