Bütün xəbərlər
6 mart, 15:04

Azərbaycanın qədim və mədəniyyət beşiyi olan Lahıc qəsəbəsi təkcə misgərlik və sənətkarlıq ənənələri ilə deyil, həm də elmə və təhsilə verdiyi töhfələrlə tanınır. Lahıc qəsəbə tam orta məktəbi isə bu elmi ənənənin əsas dayaqlarından biridir. Məktəb Azərbaycanın elm və təhsil sahəsinə dəyərli töhfələr verən böyük alimlər, professorlar və elm xadimləri yetişdirmiş, onların elmi nailiyyətləri Azərbaycan və dünya elminə mühüm töhfələr vermişdir. 

“Azərbaycan müəllimi” olaraq bu təhsil ocağını, onun ənənələri ilə daha yaxından tanımaq üçün məktəbə baş çəkdik. Məktəbin rəhbərliyi, müəllimlər, şagirdlərlə həmsöhbət  olduq.

Məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalına layiq görülən Dadaş Əliyev qeyd etdi ki, Lahıcın təhsil ənənələri çox qədimdir və yerli sakinlər həmişə elmə böyük önəm veriblər: 

“Lahıc qəsəbə tam orta məktəbi uzun illərdir ki, bölgədə təhsilin əsas mərkəzlərindən biri hesab olunur. Məktəb 1888-ci ildə üçsinifli “üsuli-cədid” tipli dünyəvi məktəb kimi fəaliyyətə başlayıb və zamanla genişlənərək müasir təhsil ocağına çevrilib. Əvvəllər şəxsi evlərdə fəaliyyət göstərən bu məktəbdə o dövrün tanınmış maarifçiləri – Məhəmmədhəsən Əfəndiyev, Səməd bəy Hacıbəyov, Bədəl bəy Yolçuyev və Qafur Rəşad Mirzəzadə müəllim kimi çalışıblar. Sonrakı illərdə məktəb yeddiillik, səkkizillik və orta məktəb kimi fəaliyyət göstərib. 1930-cu ildə dövlət tərəfindən məktəb üçün 9 sinif otağından ibarət bina inşa edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 400 yerlik yeni bina tikilib və bütün zəruri avadanlıqlarla təchiz edilib. Son 13 ildə 5 məzun – Almaz Bayramlı, Vahab Cəbrayılov, Niyalə Yarməmmədli, Əbülfəz Səfərli  və Zeynəb Abbasova məktəbi “Qızıl medal”la bitirib. 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan Vahab Cəbrayılov Lahıc məktəbinin məzunu olub və hazırda ABŞ-də təqaüdlü doktorantura təhsili alır. 2023-2024-cü tədris ilində isə Zeynəb Abbasova məktəbi qızıl medalla bitirib. Bu, onun dördüncü qızıl medalı olub. O, Respublika Fənn olimpiadalarında 3 qızıl və 1 bürünc medal qazanıb. Hazırda məktəbdə ibtidai, ümumi və tam orta təhsil pillələri üzrə 191 şagird təhsil alır. Şagirdlərin əksəriyyəti Lahıc qəsəbəsindən olsa da, qonşu Əhən, Namazgah, Gəndov və Köhnədaxar kəndlərindən də oxumağa gələnlər var. 

Demoqrafik vəziyyətlə əlaqədar olaraq şagird kontingenti əvvəlki illərlə müqayisədə bir qədər azalıb. Məktəbin məzunları yüksək balla müxtəlif ali təhsil müəssisələrinə daxil olur və uğurlarını davam etdirirlər. 2023-2024-cü tədris ilində məktəbin idmançı şagirdi Zəhra Şirəliyeva yaşıdları arasında iki dəfə yüngül atletika (orta məsafələrə qaçış) üzrə ölkə birincisi olub.  Məktəb daim inkişaf edir və zamanın tələblərinə uyğun fəaliyyət göstərir. 2024-2025-ci dərs ilində 8 şagird Respublika Fənn olimpiadalarının yarımfinalında iştirak edib. 2023-cü ildə XI sinfi bitirən 15 şagirddən 13-ü tələbə adını qazanıb. Məktəb bir neçə dəfə "İlin ən yaxşı tədris müəssisəsi" mükafatını qazanıb və Dünya Bankının "Məktəb Qrant Proqramı" çərçivəsində 3 layihə qalib olub. 2008 və 2013-cü illərdə isə Prezident İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı məktəb" fəxri adları ilə təltif edilib”.   

Lahıc qəsəbə tam orta məktəbi yarandığı gündən bu günə qədər 400-dən artıq alim, elm xadimi yetişdirib. Onlardan akademik Soltan Mehdiyevi, professor Əkrəm Cəfəri, Əməkdar elm xadimi Mirdaməd Sadıqovu, Xalq rəssamı Ağa Mehdiyevi, ilk qadın gəmi kapitanı Şövkət Səlimovanı, 10 nəfər Əməkdar müəllimi və başqalarını göstərmək olar. Məzunlarımızdan 13 nəfəri torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Lahıc qəsəbə tam orta məktəbində tanınmış məzun-alimlərə həsr olunmuş Alimlər Guşəsi yaradılıb. Guşədə məktəbin yetirməsi olan tanınmış alimlər və elm xadimləri haqqında məlumatlar, fotolar və onların elmi əsərlərindən nümunələr nümayiş etdirilir.  

Məktəbin 10-cu sinif şagirdi Əli Ağayev 6 və 7-ci siniflərdə Respublika Fənn Müsabiqəsinin (RFM) final turuna vəsiqə qazanıb, 8, 9 və 10-cu siniflərdə isə Respublika Fənn Olimpiadasında (RFO) məktəbi uğurla təmsil edərək hər il ilk turu uğurla keçib.  9-cu sinifdə buraxılış imtahanlarında yüksək nəticə (279 bal) göstərərək fərqlənmə attestatına layiq görülüb. Əli düşünür ki, buraxılış imtahanlarında yüksək nəticə əsasən möhkəm təmələ dayanır. O, şagirdlərə tövsiyə edir ki, əgər buraxılış fənlərini davamlı şəkildə oxuyarlar, heç bir problem yaşamazlar. Öz təcrübəsindən danışaraq qeyd edir ki, riyaziyyatdan 95, Azərbaycan dilindən isə 97, ingilis dilindən isə son bir ildə hazırlaşdığı üçün nisbətən az, 87 bal yığıb. Buna görə də hər bir şagirdə bu fənləri vaxtında oxumağı tövsiyə edir.

Burada şagirdlərin təlimi ilə 26 müəllim məşğul olur və bütün fənlər üzrə dərslər uyğun ixtisas müəllimləri tərəfindən tədris edilir. Məktəbin riyaziyyat və informatika müəllimi Şölə Qubatova hər gün dərsə getmək üçün 50-60 km məsafə qət edir. Müəllim qış aylarında qəsəbəyə gediş-gəlişin çətinləşməsinin müəyyən problemlər yaratdığını, amma müəllimlərin və şagirdlərin bu çətinliklərin öhdəsindən birlikdə gəldiyini deyir. “Yolların təmirli olmaması qış aylarında böyük əngəl törədir. İsmayıllı rayonu İstisu kəndində yaşayıram. Yaşadığım yer Lahıc qəsəbəsinə hardasa 55-60 km məsafədədir. Hər səhər saat 6-dan yola çıxmaq məcburiyyətində qalır ki, dərsə vaxtında çata bilim”.   

Məktəbin daha bir şagirdi Həcər Alihüseynova  8, 9 və 10-cu siniflərdə Respublika Fənn Olimpiadasına (RFO) qatılaraq ikinci mərhələyə keçməyə nail olub. 8-ci sinifdə İsmayıllıda keçirilən “Ucqar kəndin intellektual gəncləri” adlı intellektual yarışda iştirak edib,  komandası ilə birlikdə gümüş medala layiq görülüb. Məktəbdaxili tədbirlərdə də fəallıq göstərir, müsbət mənada fərqlənir. Tarixə olan marağını daim genişləndirməyə çalışan Həcər məktəbin muzeyinə tez-tez baş çəkərək biliklərini artırır, araşdırmalar aparır və bu sahədə özünü inkişaf etdirməyə davam edir.

Məktəbin ibtidai sinif müəllimi Cəyran Əliyeva bu ildən etibarən I sinif şagirdlərinə tat dilini tədris etməyə başlayıb. O bildirir ki, bu dil gələcəkdə II-IV siniflərdə də öyrədiləcək. Şagirdlərə tat dilinin əlifbası, səs sistemi, qrammatik qaydaları, lüğət tərkibi və danışıq bacarıqları öyrədilir. Bu addım bölgədə yaşayan lahıcların dilinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müəllim onu da qeyd edib ki, “Mədəni ənənələrini yaşatmaq üçün məktəbdə Lahıc etno-folklor qrupu fəaliyyət göstərir. Folklor qrupu Lahıcın özünəməxsus sənət növlərini, adət-ənənələrini, qədim mahnı və rəqslərini, xalq oyunlarını təbliğ edir, qrupun repertuarına lahıclara məxsus filklor nümunələri: səhnəciklər, mahnılar və rəqslər daxil edilib.”

Məktəbin coğrafiya müəllimi Orxan Kamallı müsahibəsində buranı digər təhsil müəssisələrindən fərqləndirən əsas cəhətlərini vurğulayıb. Onun sözlərinə görə, qocaman təhsil ocağı 137 illik tarixi ilə elmi-mədəni irsin daşıyıcısıdır. Məktəbin dağlıq relyefdə, qəsəbə mühitində yerləşməsi burada təhsil alan şagirdlərin yaradıcı və unikal yanaşma tərzi formalaşdırmasına səbəb olur. Eyni zamanda, Lahıcda turizmin inkişafı bu məktəbi yalnız Azərbaycanda deyil, dünya miqyasında da xüsusi çəkiyə malik təhsil müəssisələrindən birinə çevirib. Digər fərqləndirici xüsusiyyətlərdən biri də bu məktəbin Azərbaycan və dünya elminə töhfə verən alimlər yetişdirməsidir. Bundan əlavə, məktəbin yetişdirdiyi pedaqoji kadrların öz bilik və təcrübələrini digər təhsil müəssisələrində də paylaşması xüsusi qeyd olunmalıdır. 

“Coğrafiya fənninin tədrisi zamanı Lahıcın unikal fiziki-coğrafi xüsusiyyətləri prosesin aktuallığını artırır. Dağlıq relyef amili əraziyə kompleks fiziki-coğrafi yanaşmanı ehtiva edir, eyni zamanda təbii landşaftın iqtisadi-sosial aspektdən qiymətləndirilməsi sayəsində şagirdlər təsərrüfatın təşkili və insan amilinin rolu barədə dərin biliklər əldə edirlər. Şagirdlər Lahıcda tüstüsüz sənaye sahəsi olan turizmin inkişafını müşahidə edərək, onun dünya səviyyəsində genişlənməsində təbii landşaftın təsirini anlayırlar. Bundan başqa, Azərbaycan iqlim müxtəlifliyinin coğrafi relyefin mürəkkəbliyi ilə əlaqəli olduğu, Zaqatala-Lahıc fiziki-coğrafi rayonunun bu baxımdan öyrənilməsi xüsusi aktuallıq daşıdığını qeyd edir”.

İnanırıq ki, özünün təhsil ənənələri ilə seçilən Lahıc məktəbi bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək. Görünən odur ki, məktəbin müəllimləri və şagirdləri, bu qədim qəsəbənin mədəniyyətini yaşatmaqla yanaşı, gələcəyə doğru böyük addımlar atırlar. Lahıc qəsəbə tam orta məktəbi, müasir təhsil infrastrukturu və peşəkar müəllim heyəti ilə gələcəkdə də elm və təhsil sahəsində yeni uğurlar qazanacaq alimlərin yetişdirilməsinə davam edəcəkdir. Məktəbdə aparılan işlər və təhsil ənənələri onu regionun ən nümunəvi təhsil ocaqlarından birinə çevirib. Lahıcda yaşayan hər bir insan üçün təhsil yalnız bir vəzifə deyil, həm də bir dəyərdir. Bu məktəbin müəllim və şagirdlərinə uğurlar arzulayırıq – qoy Lahıcın gənc beyinləri elm və biliklə işıqlansın!

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.