
Müasir təhsil dünyasında uğur, yalnız keyfiyyətli dərslərlə deyil, həm də texnologiyanın təhsilə inteqrasiyası ilə ölçülür. Naxçıvan Dövlət Universiteti bu istiqamətdə parlaq nümunələrdən biri kimi diqqət çəkir. Universitet, rəqəmsal transformasiyanı təkcə məqsəd deyil, həm də inkişafın başlıca strategiyası kimi qəbul edərək, 2012-ci ildən bu sahədə sistemli və ardıcıl islahatlara start verib.
2013-cü ildə Koreya Respublikasının dəstəyi ilə təməli qoyulan “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi universitetdə rəqəmsallaşmanın əsasını formalaşdırıb. 2015-ci ildən etibarən istifadəyə verilən İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi bu sahədə qabaqcıl addımların rəmzinə çevrilib. Universitetin rəsmi internet saytı iki dildə – Azərbaycan və İngilis dillərində istifadəyə verilib. Burada yalnız informasiya deyil, həm də interaktiv idarəetmə imkanları yaradılıb. Eləcə də server otağında təhlükəsizlik kameraları, yanğından mühafizə və kartla giriş sistemləri, xarici ali təhsil müəssisələri ilə HD keyfiyyətli telekörpülər tətbiq olunub ki, bütün bunlar təhsildə texnologiyanın tətbiqinə verilən önəmin göstəricisidir.
Yenilənmiş elmi kitabxana portalı – lib.ndu.edu.az – artıq dörd beynəlxalq elmi bazaya inteqrasiya olunub. Yenilənmiş sayt və proqram təminatı vasitəsilə kitabxana resursları, kataloq sistemi, istifadəçi girişi və axtarış mexanizmləri müasir formatda təqdim olunub. Naxçıvan Tibb Kolleci (tibbkolleci.ndu.edu.az) və Naxçıvan Dövlət Texniki Kolleci (texnikikollec.ndu.edu.az) üçün yeni internet saytları yaradılıb. Elektron jurnal, E-cədvəl və LMS platformaları fakültələrdə və kolleclərdə eləcədə NDU nəzdində fəaliyyət göstərən İngilisdilli Gimnaziyada və NSU İnternational Schoolda tətbiq olunub, imtahan nəticələrinin QR kod vasitəsilə oxunması və WhatsApp platforması üzərindən tələbələrə göndərilməsi təmin edilib. Kontingent sistemi (kontingent.ndu.edu.az), konfrans portalı (konfrans.ndu.edu.az) və rektorun rəsmi saytı (rector.ndu.edu.az) istifadəyə verilib.
Kampus miqyasında rəqəmsal fəaliyyətlərin təhlükəsizliyini və izlənməsini təmin etmək məqsədilə loglama (qeydiyyat və hadisə izləmə) sistemi tətbiq olunub. Bu sistem vasitəsilə istifadəçi hərəkətləri, şəbəkə trafiki və sistem dəyişiklikləri avtomatik qeydə alınır, təhlil edilir və lazım gəldikdə dərhal müdaxilə üçün məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanılır. Bu yanaşma həm kibertəhlükəsizlik, həm də audit şəffaflığı baxımından vacib rol oynayır.
Eyni zamanda, universitetin bütün kompüter və server infrastrukturu mərkəzi antivirus sistemi ilə qorunur. 1000-dən çox istifadəçini əhatə edən bu sistem real vaxtda zərərli proqramların qarşısını alır, şəbəkədə təhdidlərin yayılmasına imkan vermir və bütün cihazlarda təhlükəsizlik səviyyəsini vahid mərkəzdən idarə etməyə imkan yaradır.
Texniki nəzarətin daha bir vacib addımı kimi, universitet daxilində “NDU Monitoring” sistemi yaradılıb və uğurla istifadəyə verilib. Bu sistem vasitəsilə serverlər, şəbəkə avadanlıqları, xidmətlər və kritik texnoloji komponentlər real vaxtda monitorinq edilir, xətalar və yüklənmələr dərhal müəyyən olunur və texniki heyətə bildiriş göndərilir. Beləliklə, sistem dayanıqlığı və fasiləsiz xidmət təminatı yüksək səviyyədə qorunur.
"Eduroam" beynəlxalq simsiz şəbəkəsinə tam inteqrasiya universitetin qapılarını dünyaya açıb. Hazırda kampus ərazisi boyunca 160 təhlükəsizlik kamerası və 190 IP telefoniya xətti ilə təchiz olunmuş müasir mühafizə və əlaqə infrastrukturu mövcuddur. Kampus boyunca aktiv çalışan Wi-Fi şəbəkəsi isə tələbə və müəllimlərə fasiləsiz internet imkanı yaradır.
İdarəetmədə çevikliyi təmin edən daxili sənəd dövriyyəsi sistemi (nsu.edu.az) və korporativ e-poçt xidməti (mail.ndu.edu.az) vasitəsilə universitetin bütün strukturları rəqəmsal koordinasiya içində fəaliyyət göstərir. Fakültələrdə quraşdırılmış elektron monitorlar isə artıq klassik lövhələri əvəz edərək, elanı da, informasiyanı da rəqəmsal formatda auditoriyalara çatdırır.
2025-ci ilin ötən dövründə bir neçə yeni sistem istifadəyə verilib:
- Naxçıvan Dövlət Universiteti Tələbə Məlumat İnformasiya Sistemi (tmis.ndu.edu.az) universitetdə təhsilin idarə olunması və tələbə məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsini təmin edən müasir və çoxfunksiyalı platformadır.
TMİS aşağıdakı əsas funksiyaları özündə birləşdirir:
- Elektron jurnal – müəllimlər tərəfindən dərs davamiyyəti və qiymətlərin daxil edilməsi;
- Elektron cədvəl – dərs və imtahan cədvəllərinin hazırlanması və paylaşılması;
- Elektron imtahan sistemi – test və yazılı imtahanların onlayn keçirilməsi;
- LMS (Learning Management System) – dərs materiallarının yerləşdirilməsi, tapşırıqlar və müzakirə platforması;
- Tələbə ödəniş sistemləri – tələbələrin təhsil haqları və digər ödənişlərin izlənməsi;
- Yataqxana idarəetməsi – tələbələrin yerləşdirilməsi, müraciət, qeydiyyat və ödəniş proseslərinin idarəsi;
- Tələbə kontingenti əməliyyatları – akademik qeydiyyat, status dəyişikliyi, diplom əlavələri və digər kontingentlə bağlı əməliyyatlar;
- Sorğu sistemi – tələbə və müəllimlər üçün elektron sorğuların yaradılması və cavablandırılması;
- Statistik hesabatlar – idarəetmə üçün tələbə və müəllim fəaliyyətlərinə dair analitik və statistik məlumatların avtomatik formalaşdırılması.
Nəticə etibarilə, TMİS Naxçıvan Dövlət Universitetində təhsilin keyfiyyətinin artırılması, idarəetmədə çevikliyin təmin edilməsi, həmçinin tələbə və müəllim məmnuniyyətinin yüksəldilməsi üçün strateji bir addımdır və rəqəmsal transformasiyanın önəmli mərhələlərindən birini təşkil edir.
- Elmi Əsərlər jurnalı (jurnal.ndu.edu.az) üçün hazırlanmış platforma universitetdə müasir elmin müxtəlif sahələrində aparılan orijinal tədqiqatları təqdim edir, elmi kommunikasiyanı inkişaf etdirir və gənc alimlərin işlərini dəstəkləyir, akademik tədqiqatların nəşri sahəsində keyfiyyətli və elmi cəhətdən etibarlı platforma kimi fəaliyyət göstərir. Jurnal, universitetin elmi potensialını təmsil edərək, müxtəlif elm sahələrində orijinal tədqiqatların dərcinə həsr olunmuşdur. Jurnalın missiyası, elmi biliklərin yayılmasına və akademik mübadilənin inkişafına töhfə vermək, eləcə də tədqiqatçılar üçün yüksək standartlara cavab verən nəşr imkanları yaratmaqdan ibarətdir. Jurnal, yerli və beynəlxalq alimlər üçün elmi fikir mübadiləsi platforması kimi xidmət göstərir və universitetin elmi nailiyyətlərinin təqdimatında mühüm rol oynayır.
- İnventar uçotu sisteminin rəqəmsallaşdırılması – ims.ndu.edu.az
Naxçıvan Dövlət Universiteti maddi-texniki ehtiyatların idarə olunmasında da rəqəmsallaşmanı prioritetə çevirib. Bu məqsədlə istifadəyə verilmiş inventar məlumat sistemi universitetin bütün avadanlıq və əmlakının tam uçotunu elektron platformada aparmağa imkan verir. Artıq hər bir inventar vahidi : masa, kompyuter, proyektor, hətta oturacaq belə barkod sistemi ilə qeydiyyata alınır, hərəkətləri izlənilir və aidiyyəti üzrə məsul şəxslərlə əlaqələndirilir. Sistemin mobil tətbiqlə inteqrasiyası isə uçot və yoxlama prosesini həm daha çevik, həm də yerində idarəolunan hala gətirib. İMS vasitəsilə istənilən fakültə və ya şöbədə yerləşən avadanlığın statusu, yerləşdiyi məkan, növü və istifadə tarixi real vaxtda izlənilə bilir. Bu da nəinki idarəetmədə şəffaflıq yaradır, həm də resursların optimal bölüşdürülməsi və planlaşdırılması üçün güclü alət rolunu oynayır.
- Distant təhsil texnologiyasının imkanlarından istifadə etməklə tələbələr istənilən yerdən, istənilən vaxt dərslərə qoşula, tədris materiallarına çıxış əldə edə və müəllimlərlə əlaqə saxlaya bilərlər. Ənənəvi auditoriya dərslərindən fərqli olaraq, distant təhsil fərdi öyrənmə tempini və çevikliyi dəstəkləyir. Müasir dövrdə xüsusilə zaman və məkan məhdudiyyətlərini aradan qaldırmaq baxımından distant təhsil geniş yayılmış və effektiv üsula çevrilib. Bu məqsədlə distant.ndu.edu.az platforması yaradılıb. Platformada tələbə və müəllimlər üçün onlayn dərslər, video dərslər, dərs materiallarının paylaşılması, interaktiv söhbət modulları qurulub.
Universitetdə bir çox xarici universitetlərlə HD keyfiyyətli video bağlantılar, telekörpülər qurulur. Bunun nəticəsində xarici universitetlərlə əlaqələr daha da möhkəmləndirilir. Ustad dərslərin və vebinarların keçirilməsi tədris sistemində beynəlxalq təcrübədən istifadə imkanlarını daha da genişləndirməkdədir. Universitetin akademik heyətinin İKT biliklərini artırmaq üçün bir çox kurslar və seminarlar keçirilir. Bu sahədə baş verən ən son texnoloji yeniliklər təlim-tədris prosesində tətbiq olunur.
Naxçıvan Dövlət Universitetində innovasiya artıq təkcə texniki anlayış deyil, bir inkişaf fəlsəfəsinə çevrilib. Universitetdə yaradılan İnnovasiya Mərkəzi, gənclərin ideyalarını real layihələrə çevirmək, yaradıcılıq potensiallarını üzə çıxarmaq və rəqabətədavamlı startap təşəbbüslərini dəstəkləmək üçün mühüm bir platformadır. Bu mərkəz, həm də gələcəyin liderlərini yetişdirməyə xidmət edən bir yaradıcılıq məkanıdır.
Yeni dövrün çağırışlarına cavab olaraq, elmtutumlu texnologiyaların işlənməsi, tətbiqi və qlobal bazarlara çıxarılması, eləcə də nano sahəsində ixtisaslaşmış kadrların hazırlanması istiqamətində Texnologiyalar Parkının qurulması üzərində işlər sürətlə davam edir. Bu təşəbbüs universiteti regionun deyil, ölkənin də texnoloji inkişaf xəritəsində aparıcı oyunçulardan birinə çevirəcək.
Eyni zamanda, IBM kimi dünya nəhəngləri ilə əməkdaşlıq çərçivəsində universitetdə təşkil olunan təlimlər, rəqəmsal texnologiyaların öyrədilməsi və beynəlxalq sertifikatların təqdim edilməsi gənc mütəxəssislərin karyera imkanlarını daha da genişləndirir. Bu isə universitetin beynəlxalq səviyyədə tanınmasına yeni bir nəfəs verir.
Bütün bu inamlı addımlar onu deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti təkcə bugünün deyil, sabahın da universitetidir, ideyaların, yeniliyin və texnologiyanın ünvanıdır.
Universitet, ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, bu etimadı doğrultmaq üçün fəaliyyətini daim təkmilləşdirməkdə, günün tələblərinə cavab verən, çevik və dinamik idarəetmə modelini uğurla tətbiq etməkdə davam edir.
Hüseyn ƏSGƏRLİ
NDU-nun İnformasiya texnologiyaları şöbəsinin müdiri
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər