.jpeg)
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin həyətində adi günlərdən fərqli olaraq bir canlanma var.
Mərkəzdə “Açıq qapı” günü keçirilir. Bu, texnika və texnologiyalara marağı olan hər kəs üçün mərkəzin verdiyi bilik və bacarıqlarla tanışlıq imkanıdır. Mərkəzin işçi heyəti və tələbələri binanın həyətində qonaqlara nümayiş olunacaq əl işlərini yerləşdiriblər.
.jpeg)
“Azərbaycan müəllimi” olaraq, Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” tədbirinə yollandıq. Mərkəzə daxil olanda gördüyümüz mənzərə bizim üçün də maraqlı oldu: həyət rəngarəng guşələrlə dolu idi. Tələbə və müəllimlər günlər əvvəlcədən hazırlaşdıqları bu tədbirə həyəcanla qatılıblar.
Burada aşpazlıqdan tutmuş geyim dizaynına, qaynaq işlərindən santexnikaya qədər hər ixtisasın bir hekayəsi var. Hər guşədə tələbələrin əlləri ilə hazırladıqları işlər düzülüb. Hər bir tələbənin gözlərində sevinc və fəxr hissi var. Çünki bu onların əl işləridir. Həmçinin müəllimlər də bununla qürur duyurlar.
Açılış dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik yad edilməsi ilə başlayıb. Ardınca giriş nitqi ilə çıxış edən Mərkəzin direktor əvəzi Səbinə Hacıyeva tədbirin məqsədlərindən danışıb.
.jpeg)
O bildirib ki, təşkil olunan tədbirin əsas məqsədi Mərkəzdə tədris olunan ixtisaslar barədə ümumi məlumat vermək, peşə təhsilində mövcud imkanları və müasir texnoloji yanaşmaları təqdim etmək, eyni zamanda tələbələrin hazırladığı əl işlərini nümayiş etdirməkdir: “Tədbirə orta məktəblərin buraxılış sinif şagirdləri və məktəb direktorları dəvət olunub. Məqsəd onlarda peşə təhsilinə maraq oyatmaq və bu istiqamətdə düzgün seçim etmələrinə dəstək olmaqdır. Bu formada keçirilən tədbirlər gənclərin gələcəkdə peşə seçimində daha məlumatlı qərar verməsinə şərait yaradır”.
O vurğulayıb ki, hazırda Mərkəzdə 35 ixtisas üzrə tədris aparılır: “Növbəti tədris ilindən etibarən “Krançı”, “Suvaqçı” və “Mebel ustası” kimi yeni ixtisaslar da tədris proqramına əlavə olunacaq. Mərkəzdə 162 nəfərlik işçi heyəti fəaliyyət göstərir və hazırda 1100 tələbə təhsil alır. Son 8 ildə peşə təhsilinə maraq daha da artıb. Əgər əvvəllər valideynlər peşə məktəblərinə yalnız attestat almaq məqsədilə yanaşırdılarsa, indi tələbələr bu sahəyə məqsədli şəkildə yönəlirlər. Subbakalavr pilləsinin mövcudluğu da bu marağı artıran əsas amillərdəndir”.
.jpeg)
Səbinə Hacıyeva əlavə edib ki, Mərkəzin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, praktik bacarıqlara və peşəkar biliklərə malik ixtisaslı kadrlar hazırlamaqdır. Təhsil alanlara nəzəri biliklərlə yanaşı, real iş şəraitinə uyğun təlim və təcrübə imkanları yaradılır və bu da onların gələcək karyeraları üçün möhkəm baza formalaşdırır.
Dəvət olunan ictimaiyyət nümayəndələrinin çıxışından sonra “Açıq qapı” günündə bədii hissə də unudulmayır. Səhnədə rəqslər, mahnılar təqdim olunur, müxtəlif müsabiqələr və yarışlar keçirilir. Qaliblərə hədiyyələr verilir.
Tədbir çərçivəsində tələbələrin müxtəlif sahələr üzrə əl işləri nümayiş olunub. Geyim dizaynı, qaynaqçılıq, aşpazlıq, santexnika sahələrində hazırlanan nümunələr tədbir iştirakçılarına təqdim edilib.
.jpeg)
“Tələbələr öyrənməyə həvəslidirlər, biz də çalışırıq ki, onları yaxşı mütəxəssis kimi formalaşdıraq”
Təbii ki, bu prosesdə əsas əməyi olan tələbələrə dərs keçən, bilik və bacarıqlar öyrədən müəllimlərdir. Mərkəzdə istehsalat təlim ustası Xəyalə Həsənova “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. O bildirib ki, bu sahəyə tələbələr tərəfindən böyük maraq var: “Bu da təbiidir. Çünki Mərkəz tələbələrə uğurlu karyera qurmaq üçün geniş imkanlar yaradır. Məqsədimiz müasir tələblərə cavab verən, peşəkar kadrlar yetişdirməkdir. Tələbələr öyrənməyə həvəslidirlər, biz də çalışırıq ki, onları yaxşı mütəxəssis kimi formalaşdıraq”.
“Bəziləri artıq əmək bazarına da cəlb olunublar”
25 ildir Mərkəzdə fəaliyyət göstərən müəllim Mənsumə Məmmədova isə son 4 ildir ki, “Qrafik dizayn” ixtisası üzrə dərs deyir. O qeyd edib ki, bu ixtisasa olan maraq ildən-ilə artır:
.jpeg)
“Əvvəllər 5 qrup fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 7-yə çatıb. Məktəblərdən şagirdlər dəvət olunur, onlar gəlib dərslərdə iştirak edir, maraqlanırlar. Tələbələrimiz çox təşəbbüskardır. Onlar ideyalarını bölüşür, həvəslə işləyirlər. Bəziləri artıq əmək bazarına da cəlb olunublar. Nümayişdə Şuşa qalasının maketini hazırlayan, ya da onu qrafik proqramlarda illüstrasiya edən tələbələrin əl işləri var. Bəzi tələbələr isə muncuqla Şuşa qalasının maketini ərsəyə gətiriblər. Eyni zamanda, bütün ixtisasların vizit kartları tələbələr tərəfindən dizayn edilib”.
“Bu işlərdə həm yeni başlayanlar, həm də təcrübəli tələbələr iştirak edir”
Mərkəzin “Aşpaz” ixtisası üzrə müəllimi Rəsmiyyə Allahverdiyeva artıq 37 ildir ki, bu sahədə çalışır. Onun 22 ili rəhbər vəzifədə keçib. Hazırda isə ixtisas fənn müəllimi kimi fəaliyyətini davam etdirir:
.jpeg)
“Aşpazlıq sahəsində 6 dərsliyin müəllifiyəm. 2007–2012-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində dərsliklər hazırlamışam. Hazırda dərslər kurikulum əsasında keçirilir. Mən nəzəri dərsləri tədris edirəm, praktiki dərsləri isə istehsalat təlim ustaları aparır. Səriştə yönümlü tədrisə üstünlük verilir”.
O qeyd edib ki, hazırda mərkəzdə 4 qrupda 70-ə yaxın tələbə “Aşpaz” ixtisası üzrə təhsil alır və bütün tələbələr aktiv şəkildə dərslərdə iştirak edirlər: “Dərslər həm nəzəri, həm də praktiki hissələri əhatə edir. Azərbaycan və dünya mətbəxinə aid yeməklər tələbələr tərəfindən peşəkar səviyyədə hazırlanır. Bu işlərdə həm yeni başlayanlar, həm də təcrübəli tələbələr iştirak edir. Tədris planına uyğun olaraq, nəzəri hissə başa çatdıqdan sonra tələbələr mart ayından iyunun 25-nə qədər müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər. Onlar əldə etdikləri bilik və bacarıqları tətbiq edərək tədris proqramına uyğun yeməklər hazırlayır və bu bacarıqları sərgiləyirlər. Belə tədbirlərdə nə hazırlamaq istədiklərini çox zaman tələbələrin öhtəliklərinə buraxırıq. “Açıq qapı” günündə tələbələr öz ixtisaslarını böyük həvəslə və sevinc hissi ilə təqdim etdilər. Hər bir yeməyin təqdimatı da var, təqdimatda olan yazıları da özləri hazırlayıblar, dizayn formasını da özləri müəyyən edib. Hər hansı yeməyə yaxınlaşanda orada yeməyin adı, tərkibi, hazırlayanın adı var”.
Tələbələr arasında peşəyə maraq artır…
Yunis Sərkərli Bakı Peşə Liseyi Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 3-cü kurs tələbəsidir. O, elektrik qaz qaynağı ixtisası üzrə təhsil alır. Uşaqlıqdan bu sahəyə böyük maraq göstərən Yunis, ustalarının dəstəyi ilə müxtəlif əl işləri görüb. Onlardan biri də öz əli ilə düzəltdiyi yelləncəkdir. Valideynlərinin dəstəyi də onun bu sahəyə olan sevgisini daha da artırıb. Gələcəkdə öz sahəsinin peşəkarı olmaq, daha böyük nailiyyətlər qazanmaq və bu istiqamətdə fəaliyyət göstərmək istəyir.
.jpeg)
“Uşaqlıqdan bu sahəyə olan həvəsim, məni peşə təhsili seçməyə yönəltdi”
Maçaut Nikita “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisası üzrə təhsil alır. Bu sahəyə olan dərin marağı onu Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumağa təşviq edib. Nikita hesab edir ki, bu Mərkəz ona inkişaf və irəliləyiş imkanı yaradır. Müəllimlərlə və həmyaşıdları ilə birlikdə daim yeni biliklərə yiyələnməyə çalışır. O, həmçinin dizayn sahəsinə də maraq göstərir və kompüter texnologiyaları üzrə öz bacarıqlarını genişləndirir: “Uşaqlıqdan bu sahəyə olan həvəsim, məni peşə təhsili seçməyə yönəltdi və bu qərarımdan məmnunam”.
“Tədbirdə iştirak etməyimin əsas məqsədi gələcək planlarımı daha da dəqiqləşdirməkdir”
172 saylı məktəbin 9-cu sinif şagirdi Ləman Niyazova bu tədbirə Mərkəz tərəfindən dəvət olunub. O, uşaqlıqdan peşə sahələrinə xüsusi maraq göstərib. Ləman geyim dizaynı sahəsinə maraq göstərir və bu istiqamətdə gələcəyini qurmaq istəyir:
.jpeg)
“Tədbirdə iştirak etməyimin əsas məqsədi gələcək planlarımı daha da dəqiqləşdirməkdir. 3-cü ixtisas qrupu üzrə hazırlaşıram. Amma artıq qərarımı qətiləşdirdim. “Dizayn” ixtisası üzrə təhsil almaq və bu peşə sahəsində inkişaf etmək niyyətindəyəm”.
“Əvvəllər razı olmasaq da, indi oğlunu televiziyalara, yemək proqramlarında görəndə fəxr edir, qürur duyuruq”
Tədbirdə iştirak edən 3 övlad anası Sevinc Hüseynzadə deyir ki, indiki dövrdə reallığa nəzər salsaq, peşəyə sahib olmaq iş imkanlarını xeyli artırır. Bəzən peşə təhsili hələ tamamlanmamış belə, iş təklifləri gəlməyə başlayır. Oğlu Cavid Hüseynzadə və qızı Lamiyə Hüseynzadə bu Mərkəzdə təhsil alır. Onlar öz istəkləri ilə peşə təhsili almağa qərar verdiyini dilə gətirib:
.jpeg)
“Bir valideyn olaraq, biz istəyirdik ki, oğlumuz ali təhsil alsın. Hətta repetitor yanına da qoyduq. Amma o, israrla etiraz etdi. Aşpaz olmaq istədiyini dəfələrlə vurğuladı. Atası əvvəlcə narazı idi, normal bir ixtisas seçməsini istəyirdi. Amma Cavid bu sahə üzrə təhsil alacağında qərarlı idi. Hazırda peşə təhsilinin 3-cü kursunda oxuyur. Zaman keçdikcə həyat yoldaşımın da, mənim də fikrimiz dəyişdi. Əvvəllər razı olmasaq da, indi oğlumuzu televiziyalarda, yemək proqramlarında görəndə fəxr edir, qürur duyuruq”.
Qızı Lamiyə Hüseynzadə “Aşpaz” ixtisası üzrə təhsil alıb, indi isə kulinariya sahəsində ixtisaslaşır.
Belə ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” tədbiri bütün iştirakçıların marağına səbəb olub. Tədbir tələbələrin peşəyə olan marağını və sevgisini nümayiş etdirməklə yanaşı, peşə təhsilinin nə qədər aktual və zəruri olduğunu bir daha ortaya qoyub.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər