
Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi açıqlamada məktəblərin publik hüquqi şəxsə (PHŞ) çevrilməsinin vacib olduğunu vurğulamışdı. Bəs bu dəyişikliklə bağlı ilkin mərhələdə hansı addımlar atılacaq və bu keçid təhsilin keyfiyyətinə və idarəetmə sisteminə necə təsir edəcək?
“Azərbaycan müəllimi”nin bu mövzuda suallarını təhsilin idarə edilməsi üzrə ekspert Vaqif Fətullayev cavablandırıb.
O qeyd edib ki, məktəblərin publik hüquqi şəxs (PHŞ) statusu alması, ilk növbədə, onların idarəetmədə daha müstəqil fəaliyyət göstərməsinə imkan yaradır. Bu müstəqillik məktəb rəhbərliyinin səlahiyyətlərinin artırılması, qərarvermə prosesində çeviklik və yerli ehtiyaclara uyğun addımlar atmaq baxımından mühüm əhəmiyyət daşıyır:
“Publik hüquqi şəxsə çevrilmə həm də məktəbdaxili hesabatlılıq və şəffaflıq mexanizmlərinin gücləndirilməsini zəruri edir. Bu, məktəbin fəaliyyətinə nəzarəti artırmaqla bərabər, ictimaiyyətin, xüsusilə də valideynlərin təhsil müəssisəsinə olan inamını möhkəmləndirir. Beləliklə, məktəb-cəmiyyət əlaqələri güclənir, ictimai nəzarət formalaşır və fəaliyyətlər daha sistemli şəkildə həyata keçirilir”.

Vaqif Fətullayev əlavə edib ki, yeni modelin tətbiqi nəticəsində məktəblər arasında sağlam rəqabət mühiti yaranması ehtimalı da artır:
“Rəqabət isə müəllimlərin və rəhbərliyin təşəbbüskarlığını stimullaşdırır, innovativ tədris metodlarının tətbiqini təşviq edir. Bu isə son nəticədə təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Eyni zamanda, məktəblər maliyyə resurslarını daha sərbəst və məqsədyönlü şəkildə istifadə edə bilər ki, bu da infrastrukturun yaxşılaşdırılması, rəqəmsal alətlərin tətbiqi və əlavə təlimlərin təşkilində böyük rol oynayır”.
Bəs idarəetmə baxımından bu dəyişiklik məktəb direktorlarından nə tələb edir?
Ekspertin sözlərinə görə, yeni şəraitdə direktorlar yalnız inzibati rəhbərlər deyil, həm də menecer funksiyasını yerinə yetirən strateji liderlərə çevrilməlidirlər. Bu da idarəçilərin davamlı inkişafını və təlimə ehtiyacını gündəmə gətirir.
“PHŞ modelinin uğurlu tətbiqi üçün effektiv monitorinq və qiymətləndirmə sistemlərinin yaradılması vacibdir. Məktəblərin fəaliyyətinə dair aydın göstəricilər və performans meyarlarının müəyyənləşdirilməsi nəticəsində təhsilin nəticələri daha obyektiv şəkildə ölçülə bilər. Bu da sistemin davamlı inkişafını təmin edəcək”, - deyə o əlavə edib.

İlk addım kimi, mövcud təhsil qanunvericiliyində zəruri dəyişikliklər aparılmasını məqsədəuyğun hesab edən həmsöhbətimiz məktəblərin PHŞ statusu alması üçün hüquqi baza yaradılmasını vacib hesab edir:
“Onların fəaliyyəti, maliyyələşməsi, idarə olunması və hesabatlılıq mexanizmləri qanunla tənzimlənməlidir. Bu çərçivədə 13 İyun 2024-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında 300 nömrəli qərarı olduqca əhəmiyyətlidir. Bu qərar hər bir ümumi təhsil müəssisəsi (xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla) üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Beləliklə, ümumi təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında, müvafiq qanunvericilik – “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlar, eləcə də öz nizamnaməsi əsasında idarə olunur”.
O əlavə edib ki, təsisçi isə məktəbin nizamnaməsinin və nizamnamə fondunun təsdiqi və dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması və rəhbərlərinin təyin olunması, inkişaf istiqamətlərinin və maliyyə hesabatlarının təsdiqi, struktur və əməkhaqqı siyasətinin müəyyənləşdirilməsi, hüquqi və təsərrüfat fəaliyyətinə dair razılıqların verilməsi kimi geniş səlahiyyətlərə malikdir.
“İkinci mərhələdə pilot məktəblər seçilərək prosesin sınaq tətbiqi həyata keçirilməlidir. Bu pilot layihələr çərçivəsində məktəblərə PHŞ statusu verilərək onların yeni idarəetmə və maliyyə modelinə uyğun fəaliyyəti müşahidə olunacaq. Pilot nəticələr əsasında təkmilləşdirici tədbirlər görüləcək və genişmiqyaslı tətbiq üçün əsaslar hazırlanacaq”, - ekspert qeyd edib.

Bundan əlavə, o bildirib ki, məktəb rəhbərləri və inzibati heyət üçün təlim proqramları təşkil olunmalıdır. Yeni modeldə məktəb direktorları daha çox məsuliyyət daşıyacaq və onlardan menecment bacarıqları, maliyyə savadlılığı, strateji planlaşdırma və hesabatlılıq sahəsində bilik və səriştə tələb olunacaq. Bu səbəbdən idarəçilərin bu keçidə hazır olması vacibdir:
“İlkin mərhələdə həmçinin məktəblərin maliyyələşmə mexanizmləri də yenidən qurulmalıdır. PHŞ olan məktəblərə maliyyə muxtariyyəti veriləcəyi üçün büdcə planlaşdırması, xərclərin idarə olunması və gəlirlərin şəffaf istifadəsi sahəsində mexanizmlər formalaşdırılmalı, hesabat sistemləri qurulmalıdır. Dövlət bu mərhələdə əlavə dəstək mexanizmləri ilə keçid dövrünü yumşaltmalıdır”.
Emin Əmrullayev jurnalistlərə açıqlamasında həmçinin qeyd etmişdi ki, məktəblərin publik hüquqi şəxsə (PHŞ) çevrilməsi transformasiyası uzunmüddətli və mürəkkəb prosesdir. Bəs məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı mövcud hüquqi, maliyyə və idarəetmə problemləri nələrdir?

Ekspertin sözlərinə görə, bu dəyişiklik yalnız struktur deyil, eyni zamanda funksional, hüquqi və maliyyə əsaslarının köklü şəkildə yenidən qurulmasını tələb edir:
“Mövcud məktəb sistemində hüquqi status, maliyyə muxtariyyəti və qərarvermə mexanizmləri mərkəzləşdirilmiş şəkildə qurulub. PHŞ modelinə keçid zamanı, ilk növbədə, məktəblərin hüquqi statusunun dəyişdirilməsi, yeni nizamnamələrin hazırlanması, mülkiyyət və idarəetmə münasibətlərinin yenidən tənzimlənməsi zərurəti yaranır. Bundan əlavə, maliyyə məsələləri xüsusi çətinlik yaradır. Hazırda məktəblər dövlət büdcəsindən ayrılan vəsaitlərlə təmin olunur və sərbəst maliyyə planlaşdırması imkanları məhduddur. PHŞ statusu isə büdcə müstəqilliyi, öz resurslarının idarə olunması və maliyyə hesabatlılığını tələb edir ki, bu da həm qanunvericilikdə dəyişiklikləri, həm də praktiki idarəetmə alətlərinin tətbiqini zəruri edir. Müəyyən ediləcək yeni maliyyə mexanizmləri şəffaflıq, səmərəlilik və nəticəyönümlülük prinsiplərinə uyğun olmalıdır”.
V.Fətullayev deyir ki, mövcud sistemdə məktəb rəhbərləri inzibati nəzarət altında, mərkəzdən verilən qərarlarla fəaliyyət göstərir. PHŞ modelində isə direktorların məsuliyyəti artır, daha çox müstəqil qərarvermə, strateji planlaşdırma və resursların idarə edilməsi tələb olunur. Bu isə kadr potensialının gücləndirilməsini və davamlı peşəkar inkişaf mexanizmlərinin tətbiqini vacib edir.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsinin işçilərin vəzifələrində hansı dəyişikliklərə səbəb olacağı məsələsinə gəldikdə isə, o hesab edir ki, bu, rəhbərlik və inzibati heyətin vəzifələrində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
“Direktorlar daha çox strateji menecer rolunu oynayacaq, maliyyə və resursların idarə edilməsi, büdcə planlaşdırılması və hesabatlılıq sahəsində müstəqil qərarlar qəbul edəcəklər. Müəllimlər və digər işçilər üçün isə nəticəyə əsaslanan qiymətləndirmə və əməkhaqqı sistemləri tətbiq ediləcək, peşəkar inkişaf və daxili təlimlərə ehtiyac artacaq. Bu dəyişikliklər məktəbin daha şəffaf və səmərəli idarə edilməsinə şərait yaradacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər