
Hər bir uşağın maraq və xəyalları fərqlidir. Kimisi elmə, kimisi isə incəsənətə yönəlir. Bəziləri isə bu iki sahəni birlikdə sevərək inkişaf etdirir. Ayan Xankişiyeva da məhz belə məktəblilərdən biridir. O həm dərslərində uğur qazanır, həm də rəqsdə sürətlə irəliləyir.
“Azərbaycan müəllimi” istedadlı şagirdi oxucularına təqdim edir.
Ayan Xankişiyeva Landau məktəbinin altıncı sinfində təhsil alır. O, “K-pop”la əlaqəli müxtəlif müsabiqə və yarışlarda iştirak edib. Bu yarışlara valideynlərinin təşviqi ilə qatılıb və hər bir təcrübəsi ona yeni biliklər, dostlar qazandırıb.
Ayan məktəbdə xüsusilə iki fənni - rus dili və riyaziyyatı çox sevir. Bu sevgisinin səbəbini açıqlayaraq bildirib ki, bu fənləri çox sevməyinin əsas səbəbi müəllimləridir: “Onlar dərsləri o qədər maraqlı və aydın izah edirlər ki, öyrənmək mənə zövq verir. Çalışıram ki, onları daha dərindən öyrənim. Riyaziyyatda problemləri həll etmək, eyni zamanda, tapmacaların cavabını tapmaq mənə çox maraqlı gəlir”.

“Rəqs mənim üçün təkcə bir hobbi deyil, həyat tərzidir”
Uşaqlıqdan rəqsə könül verib. Ayanın “K-pop” üzrə uğur qazanmasında rəqs müəllimi Aygün Hüseynovanın rolu danılmazdır. Ayan Xankişiyeva qeyd edib ki, o, təkcə müəllim deyil, sirdaşı, dostudur.
Ayan iki dəfə keçirilən “Game Summit” festivalının “K-pop” yarışmasında iştirak edib və hər iki yarışda ikinci yerə layiq görülüb. Bu nailiyyətlər onu daha da ruhlandırıb və gələcəkdə beynəlxalq səviyyədə çıxış etmək arzusunu gücləndirib:
“Uşaqlıqdan rəqsə xüsusi marağım olub. Rəqs edəndə sanki başqa bir aləmə düşürəm. O an bütün fikirlərim yalnız musiqi və hərəkətlərdə olur. Səhnəyə çıxanda özümü rahat hiss edirəm. Rəqs edərkən hər şey daha gözəl olur, sanki içimdəki bütün duyğuları musiqi ilə ifadə edə bilirəm. Rəqs mənim üçün təkcə bir hobbi deyil, həyat tərzidir. Boş vaxtlarımı ya ailəmlə keçirir, ya da rəqslə məşğul oluram”.

Ayan məktəbdə çoxlu dostlar qazanıb və onlarla birlikdə vaxt keçirməkdən zövq aldığını deyir. Onlar dərsdənkənar vaxtlarda dərslə bağlı sualları birlikdə müzakirə edir, gələcək planları haqqında danışırlar. Gələcək planlarına gəldikdə isə Ayan hələ də öz yolunu axtarır: “Hazırda proqramçı olmaq istəyirəm. Mən texnologiyalara maraq göstərir, kompüterlə işləməyi, proqramları öyrənməyi sevirəm. Amma gələcəkdə bəlkə də fikrimi dəyişərəm. İndi mənim ən böyük arzum Los-Ancelesə getmək və orada universitet oxumaqdır. Orada həm yeni biliklər qazanmaq, həm də fərqli həyat təcrübəsi yaşamaq istəyirəm”.
Ayan ailəsi ilə birlikdə tez-tez səyahətlərə çıxır. Tətillərini xarici ölkələrdə keçirməyi çox sevir: “Valideynlərimlə müxtəlif ölkələri kəşf edirik, bu mənim çox xoşuma gəlir. Səyahətlər zamanı həm yeni mədəniyyətlərlə tanış oluram, həm də gözəl xatirələrim olur”.
Ayan valideynlərini özünün ən böyük dayağı hesab edərək deyir ki, ata-anası ona hər zaman səhvlərini izah edirlər: “Çünki bilirlər ki, səhvlər öyrənmək üçün bir fürsətdir. Çətin anlarımda hər zaman yanımdadırlar. Onların dəstəyi mənim üçün çox vacibdir”.

“Elə bil mən də onun treyneri idim”
Ayanın rəqsə olan marağını ilk hiss edən, ona bu yolda addım atmağa kömək edən isə anası Gülər Tağıyevadır. O, Ayanı 4 yaşından rəqsə qoyub. Rusiyada yaşadıqları müddətdə Ayanın bal rəqsi ilə məşğul olduğunu, artıq 3 ildir ki, “K-pop”la maraqlandığını deyir: “Vətənə qayıtdıqdan sonra Ayanda “K-pop” rəqsinə maraq yarandı. Rəqsə meyil saldıqdan sonra həm ölkə daxilində, həm də xaricdə keçirilən yarışlarda onunla birgə iştirak etmişəm. Artıq mən də bilirdim ki, Ayan səhnədə nəyi düzgün, nəyi səhv edir. Elə bil mən də onun treyneri idim. Ona tez-tez deyirdim: “Ayan, bunu belə et, bunu düzəlt”. Ona dayaq oldum. Görürəm ki, Ayan rəqsi bütün qəlbi ilə sevir. O, səhnəyə böyük həvəslə çıxır, sevərək rəqs edir. Amma mənim üçün hər şeydən önəmlisi onun təhsilidir. İstəyirəm ki, müxtəlif dilləri bilsin.

Məktəbdə fransız və Çin dilini öyrənir. Rus dilini isə Ayan Rusiyada doğulduğu üçün yaxşı bilir. İngilis dilində də kifayət qədər irəliləyiş əldə edib. Arzum budur ki, mümkün qədər çox dil öyrənsin. Həyatda öncə təhsili sonra isə maraq göstərdiyi sahələr ön planda olsun”.
Gülər Tağıyeva böyük sevinc və qürur hissi ilə vurğulayıb ki, planları Ayanın ölkələr üzrə “K-pop” festivalına çıxmasıdır: “Hazırda hədəfimiz Los-Ancelesdə keçiriləcək festivalda çıxış etməkdir. Ayan bunun üçün məşqlər edir”.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər