Bütün xəbərlər
2 iyul, 14:11

Müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin idarə edilməsi ölkələrin təhsil siyasətində prioritet istiqamətlərdən birinə çevrilib. Cəmiyyətin dinamik inkişafı, texnoloji yeniliklərin sürətlə təhsilə inteqrasiyası, əmək bazarının dəyişən tələbləri və qloballaşma prosesi bu sahədə idarəetmə sisteminin yenidən qurulmasını zəruri edir. İdarəetmədə çeviklik, şəffaflıq və nəticəyönümlülük prinsiplərinə əsaslanan yanaşmalar təhsil müəssisələrinin rəqabətqabiliyyətli kadrlar hazırlamaq funksiyasının səmərəliliyini artırır. 

Təhsil müəssisələrinin idarə edilməsində süni intellekt texnologiyalarının (məsələn, Bulud əsaslı idarəetmə sistemlərinin, Big data analizinin və s.) tətbiqinin azlığı idarəetmənin müasirliyi baxımından müəyyən məhdudiyyətlər yaradır. 

Rəqəmsal texnologiyaların idarəetmə praktikasına inteqrasiyası təkcə texniki yenilənməni deyil, həm də strateji düşüncə tərzinin dəyişilməsini tələb edir.  Bu anlamda xarici ölkələrin idarəetmə proseslərinin elektron platformalar üzərindən həyata keçirilməsi kimi müsbət təcrübələri var. Bu cür təcrübələr idarəetmədə çevik qərarların qəbuluna şərait yaradır.

Ölkəmizdə də bu mənada bir sıra novator təcrübələr mövcuddur. Məsələn, əksər peşə və texniki təhsil müəssisələrində dual təhsil modelinə keçid, dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində qurulan müəssisədaxili təcrübə bazaları, sənaye partnyorları ilə birgə hazırlanan tədris proqramları və s. idarəetmədə əmək bazarının tələblərinə uyğunlaşmanın gücləndirilməsi baxımından müsbət addımlardandır və bu sahədə effektivliyi artırır. 

Demək, idarəetmədə innovativ və beynəlxalq standartlara uyğun mexanizmlərin geniş tətbiqi üçün milli səviyyədə vahid strateji çərçivənin formalaşdırılması zəruridir.

Bununla yanaşı, təhsilin idarə edilməsində performansa əsaslanan maliyyələşmə modellərinin tətbiqi, təhsil müəssisələrinin büdcə müstəqilliyinin artırılması, nəticələrə əsaslanan hesabatlılıq mexanizmlərinin qurulması idarəetmənin optimallaşdırılması baxımından vacib komponentlərdəndir. 

Habelə, idarəetmə kadrlarının fasiləsiz ixtisasartırma təlimlərinə cəlb edilməsi, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və təhsil menecmenti üzrə müasir elmi yanaşmaların tətbiqi yolu ilə də idarəetmənin keyfiyyəti yüksəldilə bilər. Kanada və Sinqapur təcrübəsində olduğu kimi, idarəetmə və pedaqoji heyət arasında koordinasiyanı gücləndirən "təhsil liderliyi məktəbləri"nin yaradılması həm təhsil prosesində innovasiyaların tətbiqinə, həm də qərarvermə proseslərinin optimallaşdırılmasına imkan verir.

Ümumilikdə götürüldükdə, orta ixtisas təhsili müəssisələrinin idarə edilməsinin modernləşdirilməsi strateji baxımdan yalnız təhsil sisteminin səmərəliliyini deyil, həm də milli iqtisadiyyatın insan resursları potensialını formalaşdırmaqla sosial rifahın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan islahatlar, yerli və beynəlxalq səviyyədə həyata keçirilən uğurlu layihələrin təhlili və tətbiqi, elmi araşdırma və tədqiqatların nəticələrinin praktikaya yönləndirilməsi idarəetmədə davamlı inkişafa şərait yaradır. 

Bu yaxınlarda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ASAN TV-də yayımlanan verilişdə çıxışı zamanı “Kolleclərin fəaliyyətində sistem dəyişikliyi zəruridir”, - deyə fikir bildirib. Onun bu fikri orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyətinin köklü şəkildə yenidən nəzərdən keçirilməsini, daha çevik, nəticəyönümlü və əmək bazarının tələblərinə uyğun fəaliyyət modelinə keçidin zəruriliyini vurğulayır. Digər tərəfdən, mövcud qanunvericilik çərçivəsində də orta ixtisas təhsili müəssisələrində sistem dəyişikliyi aparmaq üçün bir sıra hüquqi və institusional mexanizmlər mövcuddur. 

Müasir müstəvidə kolleclərin qarşısında duran əsas vəzifə yalnız nəzəri biliklərə malik kadrlar deyil, real əmək bazarına adekvat, tətbiqi və səriştə əsaslı bacarıqlara malik rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Fikrimcə, dəyişiklik həm idarəetmə, həm məzmun, həm də infrastruktur səviyyəsində həyata keçirilərsə, müsbət nəticələr verə bilər. 

Elektron idarəetmə platformalarının tətbiqi, strateji planlaşdırma və nəticəyönümlü qərarların verilməsi, eləcə də, rəhbər heyətin təhsil menecmenti sahəsində peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, uğurlu idarəetmə modeli həm təhsilin keyfiyyətini artırır, həm də onun iqtisadi dayanıqlığını təmin edir. 

Digər tərəfdən, təhsil proqramlarının əmək bazarının real tələblərinə daha da uyğunlaşdırılması fikrimcə, əsas islahat istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan modul əsaslı və çevik proqramların hazırlanması, yeni kurikulumların sənaye tərəfdaşları ilə birlikdə formalaşdırılması və praktik bacarıqlara əsaslanan dual təhsil modellərinin tətbiqi təklifyönümlüdür. Həmçinin, işəgötürənlərlə sıx əməkdaşlıq da təhsilalanların hazırlıq səviyyəsini və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Sözügedən istiqamətdə dəyişiklik pedaqoji heyətin peşəkar inkişafını da əhatə etməsini zəruri edir. Təcrübəmə dayanaraq, qeyd edə bilərəm ki, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi, yeni texnologiyaların tətbiqinə adekvat olması və müvafiq sahə üzrə davamlı istehsalat təcrübəsi qazanması və s. onların tədris prosesində öyrətdiyi biliklərin aktuallığını təmin edir. 

Bu məqsədlə müəllimlər üçün fasiləsiz ixtisasartırma proqramlarının təşkili, beynəlxalq təcrübə mübadilələrinin aparılması və sənaye təcrübələrinin tətbiqi mühüm rol oynayır. Çünki müəllimlərin peşəkar inkişafı təhsil və tədris prosesinin keyfiyyətində əsas amillərdəndir.

Orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində digər vacib sistem dəyişikliyi infrastruktur və rəqəmsal təchizatla bağlı məsələləri də önə çəkir. Bu baxımdan ixtisasların təhsil proqramlarına əsasən, müasir laboratoriyaların, simulyasiya otaqlarının və texniki bazası gücləndirilmiş emalatxanaların yaradılması, tədris prosesinə rəqəmsal resursların, onlayn platformaların və elektron təlim materiallarının inteqrasiya edilməsi təklifyönümlüdür. Sadaladığımız təkliflər tədrisin interaktivliyini artıraraq tələbələrin motivasiyasını yüksəldə və praktiki bacarıqlarının daha effektiv formalaşmasına şərait yarada bilər.

İdarəetmədə sistem dəyişikliyi həmçinin maliyyə modellərinin də yenidən qurulmasını zəruri edir. Kolleclərin maliyyələşdirilməsində dövlət və özəl tərəfdaşlığının gücləndirilməsi, performansa əsaslanan büdcələşdirmə və alternativ maliyyə mənbələrinin (qrantlar, sifarişli təlimlər, layihələr və s.) tətbiqi bu sahədə effektivliyi artıra bilər. Bu isə gələcəkdə kolleclərdə daha çevik və innovativ fəaliyyət imkanlarının yaradılmasına təkan verəcəkdir.

Beynəlxalq əməkdaşlıq və keyfiyyətin qiymətləndirilməsi mexanizmlərinin tətbiqi də sistem dəyişikliyinin əsas komponentlərindəndir. Kolleclər xarici təhsil qurumları ilə beynəlxalq təcrübə mübadilələri və imkanları yaradaraq, məzunlarının həm yerli, həm də qlobal səviyyədə rəqabət qabiliyyətini artıra bilərlər. 

Nəticə etibarilə, orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində sistem dəyişikliyi kompleks yanaşma tələb edən bir prosesdir və bu dəyişikliklər yalnız formal struktur dəyişmələri ilə məhdudlaşmamalı, təhsil prosesinin bütün iştirakçılarını  (təhsil müəssisə rəhbərliyini, müəllimləri, tələbələri və sosial partnyorları) əhatə etməlidir. Bu dəyişikliklərin tədricən həyata keçirilməsi isə kolleclərin cəmiyyətin və iqtisadiyyatın inkişafına real töhfə verən dayanıqlı və çevik təhsil müəssisələrinə çevrilməsinə, habelə, orta ixtisas təhsilinə ümumi ictimai münasibətin dəyişilməsinə yol açacıqdır.

Simuzər QAFAROVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.