
Oktyabrın 14-də Bakıda "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə baş tutub.
Açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva təhsili dünyanı dəyişdirən ən güclü vasitə kimi qiymətləndirib və “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsinin 2026-2030-cu illəri əhatə edəcəyini diqqətə çatdırıb.
Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, təhsilin inkişafı və innovativ ixtisasların geniş tətbiqi hər bir ölkə üçün, o cümlədən Azərbaycanın dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Təhsilə yatırılan investisiyalar strateji baxımdan nəticəyönlüdür. Nazir müavini qeyd edib ki, təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır. Təhsil yalnız bilik və bacarıq qazanmaqdan ibarət deyil. Təhsil ölkənin iqtisadi inkişafını, sosial rifahını, idarəetmə strukturunu da müəyyənləşdirir. Təhsil yoxsulluğun azalmasına, sosial və gender bərabərliyinin təmin olunmasına mühüm təsir göstərir.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda son illərdə təhsilin inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb və təhsilin inkişafına qoyulan bu dəyəri gələcək üçün ən böyük sərmayə kimi qiymətləndirib. Birgə həyata keçirilən layihələrdən söz açan Bahar Muradova qeyd edib ki, bu təşəbbüslər sadəcə fərdi taleləri dəyişmir, regionlarda sosial ədaləti və gender bərabərliyini artırır.
Tədbir çərçivəsində BMT-nin iqtisadçısı Hurşid Rüstəmov tərəfindən “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələri təqdim olunub.
Daha sonra “Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya” adlı panel müzakirəsi keçirilib. Panelə iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov moderatorluq edib.
Müzakirələrdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi və "Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi Məryəm Məcidova iştirak ediblər.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan universitetlərinin beynəlxalq reytinq göstəriciləri barədə məlumat verib. Son illərdə açıq şəkildə yüksələn dinamikanın olduğunu qeyd edib.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
1 /19
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər