Bütün xəbərlər
11 iyun, 09:53

Pedaqoji işçilərin sertifikasiyaya cəlb olunması təhsilin keyfiyyət səviyyəsinin artırılmasında mühüm vasitələrdən biri kimi qiymətləndirilir. Artıq bir neçə ildir ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırılması prosesi həyata keçirilir. Bu imtahanlar vasitəsilə müəllimlərin peşəkarlıq səviyyəsi ölçülür, onların fənn və metodiki bilikləri qiymətləndirilir.

2024-cü il üzrə keçirilən sertifikasiya imtahanlarında respublika üzrə 26 nəfər maksimum nəticə göstərərək 60 balı toplayıb. Onların 8-i paytaxt məktəblərində fəaliyyət göstərir. 

“Azərbaycan müəllimi” uğur qazanan müəllimlərin təcrübəsini oxucularına çatdırmaq məqsədilə onların bəziləri ilə həmsöhbət olub.

“İmtahan bizə zəif və güclü tərəflərimizi müəyyənləşdirmək imkanı verdi”

İngilis dili müəllimi Aynurə Əliyeva sertifikasiya imtahanında 60 bal toplayan pedaqoqlardan biridir. O, 2010-cu ildən müəllimlik fəaliyyətinə başlayıb və daim yüksək nəticələri ilə seçilib. 2014-cü ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 58 bal toplayan Aynurə Əliyeva bu dəfə də imtahana inamla qatılıb: “Sertifikasiyaya hazırlığa yüksək motivasiya ilə başladım. Düşünürdüm ki, bu imtahan mənim üçün bir fürsətdir və bunu bacaracağam”.

Hazırlıqlara ötən ilin mart ayından başlayan A.Əliyeva ixtisası üzrə  yeniliklərə və metodikada çətinlik çəkdiyi mövzulara xüsusi diqqət yetirib. Onun ən çox çətinlik çəkdiyi bölmə taksonomiya olub: “Taksonomiya ilə bağlı müəyyən çətinliklərim var idi. Amma araşdıraraq, həmkarlarımla müzakirələr apararaq bu mövzunu daha dərindən öyrəndim. Sertifikasiya imtahanı müəllimlərə özlərini sınamaq və inkişaf etdirmək üçün mühüm fürsət yaradır. Bu imtahan bizə zəif və güclü tərəflərimizi müəyyənləşdirmək imkanı verdi. Metodika və ixtisas sahəsindəki boşluqları doldurmaq üçün ciddi işlədim. Bu həm də məsuliyyət hissini artırdı”.

İmtahanda şəffaf və rahat mühitin yaradıldığını qeyd edən A.Əliyeva bildirib ki, suallar maraqlı və aydın idi: “İmtahan prosesi tam şəffaf şəkildə keçdi. Hər bir müəllim üçün rahat şərait yaradılmışdı. Çətinlik hiss etmədim, sadəcə, bir az həyəcanlı idim. Bu da təbii idi”.

“Bu uğur özünəinamımı daha da artırdı”

Nəticəni ilk olaraq ailəsi ilə bölüşən müəllimin bu anları olduqca emosional olub: “Ailəmdə hər kəs çox sevindi, anam sevincindən ağladı. Bu uğur özünəinamımı daha da artırdı, məndə böyük ruh yüksəkliyi yaratdı. Artıq özümə daha çox güvənir və inanıram ki, qarşıya qoyduğum hədəflərə çata bilərəm”.
Xəzər rayonu, Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbdə 15 ildir ki, çalışan müəllimin gələcək hədəfləri də kifayət qədər genişdir: “Təlimçi kimi təkmilləşərək çətinlik çəkən müəllimlərlə təcrübəmi bölüşmək niyyətindəyəm. Eyni zamanda, yeni layihələrdə iştirak etməklə şagirdlərin dərsə marağını artırmaq və onların nailiyyətlərinə töhfə vermək istəyirəm”.

“Bu imtahan müəllimləri daim öz üzərində işləməyə sövq edir”

Aygün Həsənova da ötən il riyaziyyat fənni üzrə keçirilən sertifikasiya imtahanında 60 bal toplayaraq uğur qazanan müəllimlər sırasındadır. O, 2018-ci ildə Bakı şəhəri 324 nömrəli məktəbdə, 2019-cu ildə isə 195 nömrəli məktəbdə müvəqqəti əsaslarla fəaliyyət göstərib. 2021-ci ildə isə müəllimlərin işə qəbulu imtahanında topladığı 55 balla respublika ikincisi olub və 314 nömrəli məktəbdə daimi əsaslarla işə başlayıb. Hazırda onun 7 illik pedaqoji təcrübəsi var.

A.Həsənova sertifikasiya imtahanında uğur qazanmasının əsas səbəbi kimi öz peşəsinə və ən əsası, şagirdlərinə olan sonsuz sevgisini göstərir: “İmtahana 6 ay qalmış planlı şəkildə hazırlaşmağa başladım. Mövzulara ciddi yanaşdım. İmtahan zamanı, demək olar ki, hər hansı bir çətinlik yaşamadım, çünki ixtisas biliyimə tam güvənirdim. Metodika və pedaqogika üzrə isə müxtəlif mənbələrdən test tapşırıqları işləyir, hər mövzuya dair materialları diqqətlə öyrənirdim”.

Onun fikrincə, sertifikasiya imtahanının keçirilməsi müəllimlərin peşəkar inkişafına böyük töhfə verir: “Bu imtahan müəllimləri daim öz üzərində işləməyə sövq edir. Bu da dolayısı ilə şagirdlərimizə daha keyfiyyətli təhsil verməyimizə imkan yaradır. Müasir dövrün tələblərinə uyğun olaraq müxtəlif üsul və metodlardan istifadə etmə bacarığımızı artırır. Hesab edirəm ki, bu, təhsil sistemimiz üçün olduqca vacib bir mərhələdir”.

Uğur qazandıqdan sonra ilk olaraq bu sevinci anası ilə bölüşdüyünü deyən A.Həsənova daha sonra məktəb direktoru Səfa Xəlilova, təlim-tərbiyə işləri üzrə müavinlər Rahibə Mehdiyeva, Lamiyə Mehdiyevaya və məktəb kollektivinə təşəkkür etdiyini bildirir: “Onların dəstəyi və inamı mənə böyük motivasiya verdi. Xüsusilə kollektivim hər zaman mənə inanırdı və “Aygün müəllim, sən 60 bal yığacaqsan”,- deyirdilər. Mən də bu inamı doğrultduğum üçün çox sevinirəm”.

İmtahan prosesi ilə bağlı təəssüratlarını da bölüşən müəllim bildirib ki, şəffaflıq və rahatlıq onu müsbət mənada təəccübləndirib: “Ən böyük çətinliyim həyəcanla bağlı idi. Amma sualları bir-bir cavablandırdıqca bütün narahatlığım aradan qalxdı. Sertifikasiyaya hazırlaşan müəllimlərə onu bildirmək istəyirəm ki, onlar təkcə ixtisas biliklərini deyil, metodik bilikləri də dərin və sistemli şəkildə mənimsəməlidirlər. Planlı şəkildə, intizamla və inamla çalışan hər bir müəllim uğura çata bilər”.

“Bu imtahan yalnız biliklərimi yox, həm də məsuliyyət və özünəinamımı artırdı”

Sertifikasiya prosesi onun peşəkar fəaliyyətinə də müsbət təsir göstərib: “Artıq sinfə daha böyük inamla daxil oluram. Yeni metod və vasitələrdən istifadə edərək dərsləri daha maraqlı və effektiv keçməyə çalışıram. Bu imtahan yalnız biliklərimi yox, həm də məsuliyyət və özünəinamımı artırdı. Gələcəkdə məqsədim daim öz üzərimdə işləmək, inkişaf etmək və təhsildə daha yüksək pillələrə qalxmaqdır. İstər təlimçi, istər rəhbər vəzifədə olum, əsas məqsədim mükəmməl bilik və bacarıqlara sahib olmaqdır”.

Şərhlər

Xəbər lenti

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

12 iyun, 14:46

5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.