Bütün xəbərlər
12 iyun, 15:05

Artıq iki gündür ki, Naxçıvan şəhərində II Karyera sərgisi keçirilir. “Azərbaycan müəllimi” olaraq biz də yolumuzu bu sərgiyə saldıq.
Sərgiyə daxil olan kimi marağın çox olduğunu görmək olur. Bildiyimiz kimi, karyera sərgilərinin keçirilməsində əsas məqsəd universitet məzunlarının məşğulluğunun təmin edilməsi, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisas yönümlü karyera perspektivlərinin dəstəklənməsidir. Tələbələr üçün uyğun təcrübə imkanlarının yaradılması və onların əmək bazarına inteqrasiyasının təmin edilməsi karyera sərgiləri təşkil olunarkən qarşıya qoyulan əsas məqsədlərdəndir. Belə sərgilər sayəsində tələbə və məzunlar işəgötürənlərlə peşəkar ünsiyyət qurmaq təcrübəsi də əldə edirlər.

Bəs sərgidə nə qədər vakant yer var və əsasən kimlər müraciət edə bilər? Sualımıza cavabı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev verir. Rektor deyir ki, karyera sərgisi NDU məzunlarının işlə təmin edilməsi baxımından çox əhəmiyyətlidir. “Ötən ilin statistikası göstərir ki, sərgi, həqiqətən də, keyfiyyətli kadr təminatı, eyni zamanda, məzunların operativ iş tapmasında mühüm rol oynayıb. Ötənilki karyera sərgisində 6 min nəfər iştirak edib, təklif olunan vakant yerlərin sayı 2 min olub”.

O qeyd edir ki, birinci karyera sərgisində iştirakçı təşkilatların sayı 39 idisə, budəfəki sərgidə bu rəqəm 42-dir. Bu təşkilatlar arasında həm dövlət, həm də özəl qurumlar var. Sərgidə kifayət qədər aktivlik müşahidə olunur, 2 min vakant yer təklif edilir: “Son illərin, o cümlədən cari ilin məzunların, bakalavr, magistr, rezidentura təhsili alan tələbələrimizin, o cümlədən doktorantların sərgidəki vakansiyalara müraciətləri yerində qiymətləndirilib, kifayət qədər müraciət qeydə alınıb. Burada CV məlumatlarının hazırlanması və şirkətlərlə əməkdaşlığın həyata keçirilməsi üçün qərargah da yaradılıb. Əlbəttə, bu həm Muxtar Respublikada dövlət qurumlarının, özəl təşkilatların kadra olan ehtiyaclarının qarşılanması, həm də NDU-nun məzun bankında olan tələbələrin işlə təmin olunması baxımından kifayət qədər əhəmiyyətlidir”.

“Keçənilki sərgiyə müraciət edənlər İqtisadiyyat Nazirliyində işlə təmin olunublar”

İşaxtaranlar arasında, əlbəttə ki, yeni məzun olanlar daha çoxdur. Bəs staj tələbi olmayan vakansiyalar varmı? 

Sərgini gəzdikcə belə iş yerlərinin də olduğunu görürük.

Sərgiyə ən çox vakant yer çıxaran Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyidir. Nazirliyin tabeliyindəki müəssisələrdə vakant olan kitabxana müdiri, kitabxanaçı, laborant, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və baş mühasib vəzifələri üzrə 124 vəzifə çıxarılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi isə sərgiyə ümumilikdə 28 vakant yer çıxarıb. Süreyya Bayramlı nazirliyin İnsan resursları sektorunun müdiridir. Deyir ki, vətəndaşların suallarına cavab verir, onları yönləndirirlər: “Karyera sərgisi gənc mütəxəssislərlə işəgötürənləri bir araya gətirir. Tədbirin məqsədi işaxtaranlara peşəkar istiqamət vermək, onları əmək bazarının tələbləri ilə tanış etmək və real iş imkanları yaratmaqdır. Sərgidə İqtisadiyyat Nazirliyi və onun strukturuna daxil olan Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin öz stendləri var. Burada iştirakçılara İqtisadiyyat Nazirliyi və tabeli qurumlarında yaradılan iş imkanları və vakansiyalar barədə ətraflı məlumat verilib. Keçənilki karyera sərgisinə müraciət etmiş şəxslər İqtisadiyyat Nazirliyində işlə təmin olunublar”.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Ruslan Həsənov bildirir ki, adətən, hüquq sahəsi üzrə işçi tapmaqda çətindir, çünki hüquqşünaslar iş üçün müraciət etmirlər: “Ümumi müsahibəyə müraciət edən olmadığı üçün müsabiqənin müsahibə mərhələsini ikinci dəfə keçiririk. Universiteti yeni bitirmiş, stajı olmayan namizədlər sertifikatla müraciət edə bilərlər. Hüquq sahəsini bitirənlərin çoxu bu sahəyə gəlmirlər. Yeni məzunların bundan xəbəri yoxdur. Ona görə də sərginin məqsədi bu barədə məlumat vermək və gəncləri işə cəlb etməkdir”.

Əsas tələb: Ali təhsil və sertifikatın olması

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində isə 13 vakant yer çıxarılıb. Burada da əsas tələblər ali təhsilli olmaq və dövlət qulluğu üzrə sertifikata sahib olmaqdır. Nazirlik keçənilki sərgi vasitəsilə 6 nəfəri işə qəbul edib.

Növbəti stend isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Nazirliyin əməkdaşı Sevinc Məmmədova 53 vakansiya təqdim etdiklərini deyir. Onun sözlərinə görə, elə vakansiyalar var ki, onlarda staj tələbi yoxdur.

“Ali təhsillilər kifayət qədər iş tapa bilərlər”

İşaxtaranlarla da söhbət etmək istəyirik, amma bəziləri çalışdıqları iş yerlərini dəyişmək istədiklərindən bizimlə söhbətdən qaçırlar. İxtisasca sosioloq olan Azər Babayev də işini dəyişmək istəyir. Deyir ki, ixtisasına uyğun həm özünə, həm də dövlətə xeyir verəcək iş axtarır: “İxtisasım sosial işdir deyə humanitar sahələri yaxşı bilirəm. Tələblər ixtisas yönümlüdür, bu, yaxşı haldır. Bu barədə məlumat və praktikanın olması vacibdir ki, həmin yerlərdə işləyərkən çətinlik yaranmasın. Burada çıxarılan vakant yerlərin çoxu vətəndaşlarla işlə bağlıdır. Yaxşı haldır ki, burada staj tələb etməyən uyğun yerlər çoxdur, ali təhsilli olanlar kifayət qədər iş tapa bilərlər”.

Növbəti müsahibimiz Naxçıvan Muxtar Respublikası Ekologiya Nazirliyinin Hidrometeorologiya Mərkəzinin baş mütəxəssisi Sona Hüseynovadır. Deyir ki, nazirlikdə və ona tabeli qurumlarda işaxtaranlara ümumilikdə 30 vakant vəzifə təqdim olunub. Yeni məzun olanlar imtahan verib sertifikat aldıqdan sonra müraciət edə bilərlər.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin baş mütəxəssisi Elnur Maqsudovun sözlərinə görə, hazırda 12 vakant yer mövcuddur. Onların 9-u agentlik, 3-ü isə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna aiddir: “Qida Təhlükəsizliyi İnstitutu olaraq Culfa və Sədərək rayonları üzrə baytar texniklərinə ehtiyacımız var, amma namizədlərin 1 il iş stajı olmalıdır, çünki onların görəcəyi iş məsuliyyətlidir. CV-lərə baxılacaq, uyğun olanlar işə götürüləcəklər. Keçən il karyera sərgisində 20 nəfərin CV-sini qəbul etmişdik, onların 6-sı  işlə təmin olunub”.

Yaxınlaşırıq “Şərq qapısı” stendinə. Əfsanə Tağıyeva redaksiyanın kadrlar üzrə mütəxəssisidir. Deyir ki, CV-ləri bazaya topladıqdan sonra müraciətləri dəyərləndirirlər. Ehtiyac olduqda namizədlə əlaqə saxlayırlar. Üstünlük jurnalistika ixtisasını bitirənlərə verilir və onlar müddətli müqavilə ilə də işləyə bilərlər.

Əlavə edək ki, sərginin ikinci günü olsa da, artıq bir nəfər burada işlə təmin olunub. Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi olan Elnurə Cəfərova “Şərq qapısı” qəzetinin yarımştat müxbiri kimi fəaliyyətə başlayacaq.

Biz gəzib işəgötürənlərlə söhbət etdikcə bir gənc qız da buraya yaxınlaşır və CV-sini təqdim edir. Nilufər Ağayeva adlı bu qız NDU-da saathesabı işləyən müəllimdir. Deyir ki, sərgi haqqında məlumatı elanlarda görüb: “İxtisasıma uyğun, humanitar sahədə iş axtarıram. İstəyirəm ki, bacara biləcəyim iş olsun. Ona görə də gələcəyini gördüyüm işlər üçün CV verirəm”.

Tibbi təhsil alanlar elə sərgidə işlə təmin olundular 

Sərgidə müxtəlif dövlət qurumları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi də iştirak edir. Nazirlik tərəfindən sərgi iştirakçılarına səhiyyə müəssisələrində mövcud olan vakant həkim vəzifələri barədə ətraflı məlumat verilir. Şəhər və rayonlar üzrə ümumilikdə 109 vakant həkim vəzifəsi təqdim olunub. Bu təşəbbüs gənc kadrların regionda işlə təmin olunmasına, yerli səhiyyə sisteminin daha da gücləndirilməsinə və əhalinin tibbi xidmətə əlçatanlığının artırılmasına xidmət edir. Artıq sərgiyə qatılan, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmiş bir qrup məzun işlə təmin olunub. Təyinat alan məzunlar yeni yaradılan Ailə Sağlamlıq Mərkəzlərində fəaliyyətə başlayacaqlar.

Orta təhsililər üçün iş imkanı 

Karyera sərgisində təkcə ali təhsillilər deyil, orta təhsili olanlar da iş tapa bilər.
Badamlı və Sirab firmalarında anbardar köməkçisi, kompüter operatoru kimi işlər də təklif olunur.

Bundan başqa, sərgidə bir çox özəl şirkətlər də işçilər axtarır ki, bu həm onlar, həm də qarşı tərəf üçün çox əlverişli imkanlar yaradır.

Beləliklə, müşahidə etdik ki, Naxçıvanda keçirilən karyera sərgisi həqiqətən də gənclərin əmək bazarına inteqrasiyası üçün geniş imkanlar açır.

 

1 /6

Şərhlər

Xəbər lenti

13 iyun, 14:24

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatır

13 iyun, 14:20

AzMİU-da tələbələr insan hüquqları barədə maarifləndiriliblər

13 iyun, 13:35

Texnologiyanı sevdirən müəllim: Bu fənni elmi yanaşma, mühəndisliklə birləşdirirəm

13 iyun, 13:08

İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır

13 iyun, 13:00

Səssiz sinif, “dəcəl” şagirdlər və “Bizsiz darıxacaqsınız” deyən məzunlar REPORTAJ

13 iyun, 12:30

DİN-dən "Son zəng"lə bağlı xəbərdarlıq

13 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

13 iyun, 12:27

İşğaldan azad edilmiş rayonların məktəblərinin 84 şagirdi məzun olacaq

13 iyun, 11:57

Paytaxt məktəbliləri yerli və beynəlxalq olimpiadalarda 89 medal qazanıblar

13 iyun, 11:40

Onkoloji xəstə olan Sadiq: Oxumağa olan böyük həvəsim mənə ağrılarımı unutdurur

13 iyun, 11:11

Prezident İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

13 iyun, 10:45

Əl əməyi, real bacarıqlar - İsmayıllıda Peşə Günü

13 iyun, 10:40

Türk Dövlətləri Təşkilatının özbəkistanlı nümayəndələri LDU-da olublar

13 iyun, 10:30

215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13 iyun, 10:29

Naxçıvan şəhərində uşaq əməyindən istifadə halları aşkarlanıb

13 iyun, 10:27

ADPU-da XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

13 iyun, 10:25

Sertifikasiya nəyi dəyişdirdi? - Naxçıvan müəllimlərinin təəssüratları 

13 iyun, 10:14

İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib

13 iyun, 10:02

Bu universitet 165 fənn üzrə 63 vakansiya elan etdi

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.