Bütün xəbərlər
test
28 dekabr, 12:29

Müasir dünya reallıqları ali təhsil sahəsində qlobal dəyişiklikləri qaçılmaz edir. Əmək bazarının tələbləri yüksək biliklə yanaşı, daha çox səriştə və bacarıqlar tələb edən ixtisaslara fokuslanır. Məzunların mühəndislik, süni zəka, data elmləri sahəsində bilikləri universitet tədris proqramlarında yenilikləri labüd edir. Ali təhsil müəssisələrimiz bu yeniliklərə nə dərəcədə hazırdır və hansı addımlar atır? Universitetlərimizdə süni intellekt fənləri tədris olunurmu?

“Azərbaycan müəllim” mövzu ilə bağlı yeni layihəsində ölkə universitetlərinin bu qlobal trendə münasibətini öyrənməyə çalışacaq. 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu çağırışlara necə cavab verir?

Müsahibimiz UNEC-in Tədrisin təşkili şöbəsinin müdiri, dosent Sevda Sərdarovadır. Sevda Sərdarova “Azərbaycan müəllimi”nə UNEC-də təhsil proqramlarındakı yeniliklər barədə danışdı.

- Qeyd edim ki, xarici və yerli təlimçilər cəlb edilməklə universitetdə ilk dəfə tədrisi həyata keçirilən 193 fənn üzrə 5 təlim proqramı hazırlanıb. Nəticədə fənlərin tədrisində ixtisaslaşmış xarici universitetlərin mütəxəssisləri təlim iştirakçıları ilə öz təcrübələrini bölüşməklə yanaşı, fənn üzrə tədris materiallarını formalaşdırıblar. Xarici təlimçilər ilə birlikdə hazırda 18 yeni fənn üzrə dərsliklərin yazılması həyata keçirilir. Bununla yanaşı, təlimdə iştirak etmiş UNEC əməkdaşları ümumilikdə 809 beynəlxalq səviyyəli QR kodlu müvəffəqiyyət sertifikatı əldə ediblər.

Ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlərin davam etdirilməsini təklif edirik. Belə ki, növbəti təlimlər əvvəl keçirilmiş təlimlərdən fərqli olaraq fənlər üzrə hazırlanmış vahid proqramlara uyğun tədrisin təşkili məqsədilə keçirilə bilər. Hazırda universitet üzrə bakalavriat səviyyəsində 940 fəndən 325 fənnin, magistratura səviyyəsində Beynəlxalq Magirstratura və Doktorantura Mərkəzində 704 fəndən 29 fənnin, UNEC Biznes məktəbində isə 372  fəndən 10 fənnin bütün tədris dilləri üzrə vahid fənn proqramları hazırlanıb. Proqramlarda təlimlərin seçilmiş müəllimlərin cəlb edilməklə keçirilməsi nəzərdə tutulur. Təlimlər fənlərin spesifikliyinə uyğun olaraq dərslərin praktikliyinin təmininə, təlim nəticələrinin ölçülməsinə xidmət edən imtahan sualları və test tapşırıqlarının, habelə keyslərin daha keyfiyyətli tərtibinə xidmət edəcək. 

Bundan əlavə, ixtisas sahələri üzrə təkmilləşdirilmə məqsədilə təlimləri 300-ə yaxın beynəlxalq təlimçi cəlb etməklə təşkil etmişik. Hazırda yeni müasir proqramlar üzrə təlimlər təşkil edirik. Təlimlər riyaziyyat-statistika, ekonometrika, ali makroiqtisadiyyat (40 saat, təlimçi professor Yadulla Həsənli), layihələrin yazılması və idarəedilməsi (10 saat, təlimçi professor Salih Şahin), maşın öyrənmə əsaslı adaptiv tədrisin təşkili (30 saat), kompetensiya əsaslı tədris prosesinin təşkili (20 saat), dərin öyrənmə və neyron şəbəkələri (30 saat, təlimçi Yıldız Yexnik Universitetinin dosenti Ahmet Elbir) proqramları üzrə keçirilir.

- Bu təlimlər universitet müəllimlərinə nələr qazandırır?

- Nəticə etibarilə təlimlər müxtəlif bölmələr üzrə müəllimlərin tədris metodikası sahəsində üstün təcrübələrinin mübadiləsinə imkan yaradacaq. Bu məqsədlə növbəti tədris ilinin payız semestrindən başlamaqla təhsilin I ili üzrə əksər ixtisaslarda tədris olunan və həmin ixtisaslar üzrə baza hesab edilən əsas fənlər müəyyən edilməklə təlim keçirilməsi üçün 5 fənn – (“Xətti cəbr və riyazi analiz”, “İKT-baza kompüter bilikləri”, “İqtisadiyyata giriş”, “Kimya”, “Xətti cəbr və analitik həndəsə”) müəyyənləşib. Nümunə olaraq həmin fənlərdən “İqtisadiyyata giriş” fənni üzrə təlim proqramı hazırlanıb. Bu yanaşma ilə hər semestrdə tədris olunan fənlər müəyyənləşdirilərək fənlərin tədrisi üzrə təcrübə mübadiləsi çərçivəsində təlimlərin ardıcıllıqla keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, müəllimlərin aparıcı xarici universitetlər (Harvard, Massaçusets, Boston) tərəfindən keçirilən fənlər üzrə təlimlərə qoşulması istiqamətində də imkanlar araşdırılır. Belə ki, qeyd edilən universitetlərin təlim proqramlarına qoşulmaqla bağlı artıq ilkin müzakirələrə başlanılıb.

Mikroiqtisadiyyat, mühasibat, menecment, çarketinq və s. bu kimi fənlər üzrə yetərli ingilis dili bilik səviyyəsi olan müəllimlərin layihəyə cəlb edilərək təlimlərdə iştirakı nəzərdə tutulur. Müsbət nəticələndiyi halda beynəlxaq təlimlərə cəlb edilmiş əməkdaşların əldə etdikləri bilik və bacarıqlarının kafedraların digər əməkdaşları ilə paylaşılması yolu ilə fənlərin tədrisinin beynəlxalq təcrübəyə uyğunlaşması mümkün olacaq.

- UNEC-də tədris proqramlarında süni intellektin tətbiqi ilə bağlı hansı yeniliklər var?

- Hazırda universitetdə süni intellektlə bağlı bakalavriat və magistratura səviyyələrində 21 fənn tədris olunur. Bakalavriat səviyyəsində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, magistraturada isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) “İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarəedilməsi”, “Süni intellekt və ekspert sistemləri”, UNEC Biznes Məktəbində (MBA) “Süni neyron şəbəkələri, “Multiplatformada oyunların hazırlanması”, “Kompüter vizionuna giriş”, “Əşyaların interneti, sensorlar və elektron cihazlar üçün tətbiqlərin hazırlanması”, “Maşın öyrənmə”, “Dərin öyrənmə”, “Əşyaların interneti”, “Süni intellektin əsasları”, “Qərarqəbuletmədə tədqiqat metodları”, “Real vaxt rejimi tətbiqləri üçün quraşdırılmış sistemlər”, “Müasir verilənlər bazası sistemləri”, “Simsiz şəbəkə protokolları”, “İnsanla kompüter arasında qarşılıqlı təsir”, “Kompüter və alqoritm vasitəsilə təbii dilin emal edilməsi”, “Rəqəmsal şəkil emalı”, “Süni intellekt tətbiqləri” tədris olunur.

- Süni zəkanın tətbiqi ilə bağlı dərslər necə və kimlər tərəfindən həyata keçirilir?

- Bu fənlərin tədrisi ixtisaslaşmış müəllimlərin, xüsusən Yaponiya və Hindistanın bu sahə üzrə aparıcı mütəxəssislərinin cəlbi ilə həyata keçirilir. UNEC-də müəllimlərin praktiki bacarıqlarının artırılması və yeni biliklərin əldə edilməsi üçün mütəmadi olaraq təlimlər təşkil edilir. Bu yanaşma tələbələrin müasir texnologiyalara uyğun təhsil almasını təmin edir və onların gələcək karyera perspektivlərini genişləndirir. Süni intellekt fənni ilə bağlı UNEC-də 9-dan çox təkmilləşdirilmiş laboratoriya fəaliyyət göstərir.

Yerli müəllimlərin həmin fənlərin tədrisi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təlim proqramları həyata keçirilir. “Süni intellekt” fənni üzrə təlimlər Türkiyənin Qazi Universitetinin dosenti Yunus Kayır, “Süni neyron şəbəkələri” fənni üzrə təlimləri isə Yıldız Texnik Universitetinin dosenti Əhməd Elbir tərəfindən keçirilir. Fənnin tədrisi üzrə laboratoriya otaqları da yaradılıb.

Müəllimlərin peşəkarlığının artırılması məqsədilə UNEC növbəti layihəyə start verib. Universitetin Bloomberg Maliyyə Laboratoriyası seçilmiş 10 müəllimə maliyyə təlimlərinə başlayıb. Təlimlər həftənin şənbə günlərində pesəkarlar tərəfindən pulsuz olaraq Bloomberq Maliyyə Laboratoriyasında keçiriləcək. Bu laboratoriya Bloomberglə birgə ölkəmizdə yaradılmış yeganə belə laboratoriyadır.

- Universitet tələbələrinin dil səriştələrinin artırılması ilə bağlı proqramların icrası barədə nə deyə bilərsiniz?

- Tələbələrin dil səriştələrinin artırılması ilə bağlı proqramların icrası üçün aşağıdakıları həyata keçiririk:
1. Tədris proqramları: Universitetlərdə dil proqramlarının genişləndirilməsi, müasir metodlarla (onlayn dərslər, interaktiv tədris) yeni dərslərin təşkil edilməsi.
2. Dil mərkəzi: Universitetdə dil mərkəzinin yaradılması. Bu mərkəzdə tələbələrə dilin praktiki istifadəsi üçün imkanlar yaradılır.
3. App və onlayn resurslar: Tələbələrə dil səriştələrini artırmaq üçün mobil tətbiqlər və onlayn resurslar (dil oyunları, testlər, videolar və s.) təqdim edilir.
4. İnteraktiv seminarlar: Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün interaktiv seminarlarda, vebinarlarda iştirak etmələrinə təşviq edilməsi.
5. Müəllimlərin tədris bacarıqları: Dil müəllimlərinin bacarıqlarını artırmaq üçün mütəmadi təlimlərin keçirilməsi.
6. Motivasiya və dəstək: Tələbələrin dil bacarığını artırmaq üçün motivasiya proqramlarının (müsabiqələr, olimpiadaların) təşkili.
7. Monitorinq və qiymətləndirmə: Proqramların effektivliyini qiymətləndirmək üçün mütəmadi olaraq monitorinq və təhlillərin aparılması.

Bu tədbirlər tələbələrin dil səriştələrini artırmaqda, onların gələcək peşə fəaliyyətinə hazırlığında və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.

Bundan əlavə, məzunlarla sorğu keçirilib. UNEC məzunları arasında sorğuların keçirilməsi üçün beynəlxalq təcrübə, universitetlərin istifadə etdikləri sorğu anketləri əsas götürülüb. "Google forms" üzrə tərtib olunmuş sorğu sualları müvafiq strukturlara təqdim edilib. Sorğu nəticələrinin təhlili üzrə yekun hesabat hazırlanıb, 2020-2021-ci tədris ilindən 2024-2025-ci tədris ilinə qədər 6 təlim proqramı  təşkil edilib.

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/84cbf3b1-a8e4-4e82-8b85-a335fec75c19_8699e878-27f4-407a-8591-591c43943527.jpg

Xəbər lenti

29 dekabr, 09:30

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün kurikulumların tətbiqi üzrə təlimlər keçirilib

29 dekabr, 09:28

Təhsilin İnkişafı Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

29 dekabr, 09:22

163 gənc müəllim beynəlxalq sertifikat alıb

28 dekabr, 19:50

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndə heyəti Polis Akademiyasının qonağı olub

28 dekabr, 19:37

Peşə təhsili tələbələri “Sehrli peşəm” adlı animasiya filmi hazırlayıblar

28 dekabr, 17:51

BMU-da tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib

28 dekabr, 17:47

Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb

28 dekabr, 17:41

ADPU-da "Şagirdə Tələbə Dəstəyi” göstərənlər təltif olunub

28 dekabr, 16:41

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

28 dekabr, 16:22

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

28 dekabr, 15:33

Ümumtəhsil müəssisələrində superviziya və monitorinqlər həyata keçirilir

28 dekabr, 15:21

NASA-nın kosmik aparatı ilk dəfə Günəşə ən yaxın məsafədə olub

28 dekabr, 15:06

Ödənilməz borc – Esse müsabiqəsi qalibinin yazısı

28 dekabr, 14:57

Beynəlxalq müsabiqədə qalib olan AzMİU tələbələrinə fəxri diplomlar təqdim edilib

28 dekabr, 14:48

Azərbaycanda suitilərin qorunması mərkəzi yaradılacaq

28 dekabr, 14:38

Azərbaycanlı tədqiqatçı xərçəngin müalicəsi üçün bio-nanomateriallar hazırlayır

28 dekabr, 14:31

“Təhsildə liderlik” mövzusunda təlimlər davam edir

28 dekabr, 13:51

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

28 dekabr, 13:49

Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqatı beynəlxalq nüfuzlu jurnalda çap edilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.