Dərsliklərin dili sadələşdiriləcək – Nazirlik tələb qoydu

5 Dekabr, 2025 - 14:16
Dərsliklərin dili sadələşdiriləcək

Dərsliklərdə təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. 

"Azərbaycan müəllimi" AzEdu-nun Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) ünvanladığı sorğunu təqdim edir.

Sorğuya cavab olaraq məlumat üçün bildirilib ki, yeni dərsliklərin hazırlanması prosesində Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin yaradıcı heyətinə dil-üslubun anlaşılan, aydın və daha səlis formada yazılması ilə bağlı tələblər qoyulub:

"Bu səbəbdən dərslik hazırlayan hər bir komandanın tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiliyin dəqiqliyini təmin etmək məqsədi ilə elmi redaktorların iştirakı təmin edilir.

ARTİ olaraq dərsliklərin hazırlanmasının təşkili prosesində  dilin düzgünlüyü, üslubun səlisliyi və anlaşıqlılığı əsas prioritetlərimizdən biridir. Vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələl gətirməməlidir.
Bəzi fənlərin spesifikliyi səbəbi ilə terminologiya mürəkkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə  xələl gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir".