Peşə təhsilində keyfiyyətin ölçülməsi üzrə yeni mexanizmlər hazırlanır

2 Dekabr, 2025 - 12:31
Peşə təhsilində keyfiyyətin ölçülməsi üzrə yeni mexanizmlər hazırlanır

“Peşə təhsili sektorunda adambaşı maliyyələşmə sistemi tətbiq olunur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə səsləndirib.

O qeyd edib ki, hazırda peşə təhsili sistemində işəgötürənlərin və təhsil müəssisələrinin öhdəliklərini, təhsilverən və təhsilalanların əməyinin ödənilməsi qaydalarını müəyyən edən sənədlərin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Həmçinin keyfiyyətin ölçülməsi üzrə yeni mexanizmlər hazırlanır və təhsilalanların və təhsilverənlərin etik davranış kodeksi üzərində işlər davam etdirilir.

Rəbiyyə Museyibzadə vurğulayıb ki, sistemin daha da genişləndirilməsi, əhatə dairəsinin artırılması və müəssisələrin sayının çoxaldılması planlaşdırılır. Yeni mexanizm tətbiq olunduqda, müəssisələrdə əməyin ödənişinin stimullaşdırılması baş verəcək. Bu isə işçi heyətinin maddi təminatının yüksəlməsinə, onların işə daha yüksək motivasiya ilə yanaşmasına və peşə təhsil müəssisələrinə daha ixtisaslı mütəxəssislərin cəlb olunmasına imkan yaradacaq.

O əlavə edib ki, adambaşı maliyyələşmə sistemi peşə təhsil müəssisələrinin maddi-texniki bazasını gücləndirməyə, yeni laboratoriyalar yaratmağa və təmir-tikinti işlərini həyata keçirməyə şərait yaradır.