286 nömrəli məktəbdə xəsarət alan şagirdlə bağlı AÇIQLAMA
“2026-cı il aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı hadisədən sonra şagirdin atası ilə mütəmadi əlaqə saxlanılır, sağlamlıq vəziyyəti ilə bağlı məlumat alınır və bütün mümkün dəstəklər göstərilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin rəhbərliyi şagirdin sağlamlığı ilə bağlı vəziyyəti diqqətdə saxlamaqda davam edir”.
Bu barədə “Azərbaycan müəllimi”nə məktəbdən məlumat verilib.
Bildirilib ki, hadisədən dərhal sonra məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb, xəsarət alan şagirdə ilkin tibbi yardım göstərilib: “Xəsarət alan şagird müayinə və müalicə üçün müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Tibb müəssisəsində şagirdə zəruri və təxirəsalınmaz tibbi yardım göstərilib, müvafiq müayinə və müalicə tədbirlərinə başlanılıb.
Qeyd edək ki, hadisə baş verdiyi gündən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və məktəb rəhbərliyi şagirdin müalicə aldığı tibb müəssisəsində olub, onun vəziyyəti ilə maraqlanıb, həkimlər və valideynlə görüşüblər. Sonrakı müddət ərzində də şagirdin müayinə və müalicə prosesi mütəmadi olaraq diqqətdə saxlanılıb. Eyni zamanda, şagirdin müalicəsinə dəstək məqsədilə qanvermə aksiyası təşkil olunub”.
Məktəbin məlumatında qeyd olunub ki, hazırda da xəsarət alan şagirdin səhhəti və müalicə prosesinin gedişi diqqət mərkəzində saxlanılır: “Bir daha baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyimizi bildirir, valideynin narahatlığını bölüşür, xəsarət alan şagirdimizin tezliklə sağalmasını arzulayır və ailəsinə dəstəyimizi ifadə edirik.
İnanırıq ki, tezliklə şagirdimizin sağlamlığı bərpa olunacaq, öz doğma məktəbinə qovuşacaq və buraxılmış dərslərin bərpası üçün nəzərdə tutulan xüsusi tədris proqramı vasitəsilə X sinifdə təhsilini davam etdirəcək.
Hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, aidiyyəti rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.




