Hansı ixtisas məzunları daha asan iş tapır?

19 Yanvar, 2026 - 11:50
Hansı ixtisas məzunları daha asan iş tapır?

Məzunların məşğulluğu ilə bağlı orta göstəricilər əsasında hansı ixtisas sahiblərinin daha rahat iş tapdığına dair məlumatlar açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu göstəricilər Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” ilə bağlı yayımladığı məlumatda öz əksini tapıb.

Agentliyin yaydığı məlumata əsasən, ən yüksək məşğulluq göstəricisi 88 ballıq orta göstərici ilə “Biznesin təşkili və idarəedilməsi (tədris ingilis dilində)” proqramında qeydə alınıb.

İkinci yerdə 81,3 ballıq orta göstərici ilə “Elektroenergetika mühəndisliyi” (Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində), üçüncü sırada isə 77,6 ballıq orta nəticə ilə “Biznesin idarə edilməsi” (mühasibat uçotu, maliyyə, marketinq, beynəlxalq biznes) ixtisası qərarlaşıb.

Yüksək məşğulluq göstəriciləri reytinqində ilk beşlikdə həmçinin “Müalicə işi” və “Neft-qaz mühəndisliyi” (tədris ingilis dilində) ixtisaslarının məzunları da yer alır.

Reytinq cədvəlində yüksək nəticələr əsasən mühəndislik, tibb və biznes yönümlü ixtisaslarda cəmlənib. Məlumata görə, enerji, səhiyyə, aviasiya və İT sahələrinə aid ixtisaslar əmək bazarında daha rəqabətlidir.

Qeyd edək ki, agentliyin açıqladığı məlumatda məzunların əmək bazarına çıxışı və işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb. Statistik göstəricilər 2018–2023-cü illəri əhatə edir.