Mənsur Məhərrəmov: Riyaziyyat dərsliklərinin məzmununda ciddi problem yoxdur
Azərbaycanda riyaziyyat fənn kurikulumunun təkmilləşdirilməsi zamanı beynəlxalq qiymətləndirmələrdə ilk onluqda yer alan ölkələrin təcrübəsi araşdırılıb, Sinqapurun “Marshall Cavendish” təhsil şirkətinin mütəxəssisləri prosesə məsləhətçi qismində cəlb olunublar.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
Onun sözlərinə görə, kurikulumun təkmilləşdirilməsinə 2021-ci ildə başlanılıb. Bu məqsədlə əvvəlcə 2013-cü ildə təsdiq edilmiş riyaziyyat fənn kurikulumu təhlil olunub, daha sonra beynəlxalq təcrübə ilə müqayisələr aparılıb:
“Beynəlxalq qiymətləndirmə tədqiqatlarında qabaqcıl nəticələr göstərən ölkələrin, xüsusilə ilk onluqda yer alanların riyaziyyat fənn kurikulumlarını müqayisəli şəkildə təhlil etdik. Təhlillər göstərdi ki, Azərbaycanda riyaziyyatın məzmun əhatəliliyi beynəlxalq kurikulumlarla müqayisədə normal səviyyədədir. Tədris olunan mövzular arasında ciddi fərqlər yoxdur. Əsas fərqlər bəzi mövzuların yerləşdirilməsi və ardıcıllığı ilə bağlı idi. Bu qənaətə təkcə biz gəlməmişik. Sinqapurun “Marshall Cavendish” təhsil şirkətinin mütəxəssisləri də həm təhlil, həm də standartların hazırlanması zamanı bizə məsləhətçi kimi dəstək göstəriblər. Onlar da riyaziyyatın tədris məzmununda ciddi problemin olmadığı qənaətinə gəliblər”.
M.Məhərrəmov bildirib ki, təkmilləşdirmə zamanı standartlardakı təkrarlar aradan qaldırılıb, bəzi mövzuların siniflər üzrə yerləşdirilməsinə yenidən baxılıb və fərqli şəkildə başa düşülə bilən tələblər konkretləşdirilib.
O qeyd edib ki, təxminən iki il davam edən təkmilləşdirmə prosesindən sonra yeni riyaziyyat fənn kurikulumu 2024-cü ildə təsdiqlənərək istifadəyə verilib.




