Uşaq hüquqlarını uşaqlara kim və necə öyrətməlidir?
Bir uşağın hüquqlarının nə dərəcədə qorunduğunu anlamaq üçün onun gündəlik həyatına baxmaq kifayətdir: məktəbdə fikrini sərbəst ifadə edə bilirmi, ailədə qərarları nəzərə alınırmı, zorakılıqdan qorunurmu, gələcəyini müəyyənləşdirmək üçün bərabər imkanlara malikdirmi? Bu suallar uşaq hüquqlarının kağız üzərində tanınması ilə real həyatda təmin olunması arasındakı fərqi üzə çıxarır.
Uşaqlıq insan həyatının ən həssas dövrüdür. Bu dövrdə qarşılanmayan ehtiyaclar, qorunmayan hüquqlar və eşidilməyən səslər uşağın gələcək həyatına da təsir göstərir. Ona görə də uşaq hüquqlarının müdafiəsi ailədən məktəbə, cəmiyyətdən beynəlxalq təşkilatlara qədər hər kəsin məsuliyyətidir.
Hər il 20 oktyabr-20 noyabr tarixlərinin ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilməsi də bu məsuliyyətə diqqət çəkmək məqsədi daşıyır. Bəs bu gün uşaq hüquqlarının müdafiəsi sahəsində hansı məsələlər daha çox diqqət tələb edir? Beynəlxalq standartlarla milli təcrübə arasında hansı məqamlar ön plana çıxır? Bu və digər sualları BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanın namizədi Fərid Ədilova ünvanladıq.

– Azərbaycan uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri və əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycanı uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşəbbüsləri və əməkdaşlığı dəstəkləyən, bu istiqamətdə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görən ölkə kimi xarakterizə etmək olar. Bu müsbət inkişafı ölkədə müvafiq sahədə çalışdığım zaman, eyni zamanda doktorantura təhsilim çərçivəsində BMT-nin ekspertləri ilə apardığım müsahibələr əsasında da söyləyə bilərəm.
Azərbaycanın həmçinin BMT-nin insan hüquqları üzrə müqavilə qurumları ilə səmərəli əməkdaşlığı, ölkəyə münasibətdə qəbul edilən tövsiyələrin milli qanunvericilik və dövlət siyasətində nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.
Bildiyimiz kimi, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası dünyada üzv dövlətlər tərəfindən ən çox ratifikasiya olunmuş beynəlxalq insan hüquqları müqaviləsidir. Buna görə də Konvensiyaya tərəf olan dövlətlərin onun müddəalarının yerinə yetirilməsi üçün mütəmadi, ardıcıl tədbirlər görməsi və əldə edilmiş nəticələri qiymətləndirməsi vacibdir. Bu baxımdan dövlətlərin BMT-nin Uşaq Hüquqları Komitəsi ilə konstruktiv dialoqu və Komitənin verdiyi tövsiyələrə dair həyata keçirdiyi tədbirlər onların uşaq hüquqlarının müdafiəsinə dair yanaşmasını göstərir.
Azərbaycanın bu kontekstdə ötən dövrdə Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin həyata keçirilməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Xüsusilə son illər qanunvericilik sahəsində həyata keçirilmiş dəyişiklilər çox önəmlidir. Mən xüsusən son iki mühüm qanunvericilik islahatını qeyd etmək istərdim. Bunlardan birincisi, nikah yaşının oğlan və qızlar üçün bərabərləşdirilməsi və nikah yaşının bir il azaldılmasına imkan verən istisnanın ləğv olunmasıdır. Bildiyimiz kimi, bu kimi hallar təhsildən yayınma, erkən evlilik hallarına yol açır və nəticədə uşaqların təhsil, sağlamlıq və inkişaf hüquqlarının həyata keçirilməsinə mənfi təsir göstərir.
İkinci mühüm məsələ uşaq hüquqları sahəsində milli qanunvericiliyin müasir çağırışlara və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində “Uşaq hüquqları haqqında” yeni Qanunun qəbul edilməsidir. Hər kəsə aydındır ki, qanunvericiliyin yenilənməsi, əlavə və dəyişikliyin edilməsi və yeni qanunun qəbul edilməsi uzun və mürəkkəb prosesdir. Ona görə də bu addımların atılması Konvensiyaya tərəf dövlətin uşaqların ən ümdə maraqlarının qorunmasına verdiyi önəmin göstəricisi kimi dəyərləndirilə bilər.
Eyni zamanda Azərbaycanın Konvensiyada əksini tapan, beynəlxalq səviyyədə də təşviq olunan uşaq iştirakçılığı istiqamətində formalaşdırdığı təcrübəni də qeyd etmək istərdim. Bu baxımdan “Uşaq Səfirlər Məclisi” layihəsini uğurlu təşəbbüslərdən biri hesab edirəm. Uşaq səfirlərlə bir sıra fəaliyyətlərdə iştirak etmiş bir şəxs kimi deyə bilərəm ki, bu cür təşəbbüslər uşaqların onları narahat edən məsələlərlə bağlı öz fikirlərini sərbəs şəkildə ifadə etməsinə imkan yaradan mühüm platformadır. Konvensiya da məhz bunu nəzərdə tutur. Yəni uşağın ona aid məsələlərdə öz fikrini sərbəst ifadə etmək hüququ yaradılmalı və nəzərə alınmalıdır. Uşaqlar ümumlikdə bu prosesdə faəl iştirakçı kimi edilməlidir.
Təbii ki, qeyd edilən bu müsbət cəhətlər uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan bütün məsələlərin tam və hərtərəfli həll edildiyi anlamına gəlmir. Bununla belə burada əsas məsələ uşaqların hüquq və mənafelərinə təsir edən məsələlərin daim diqqətdə saxlanılması və bu istiqamətdə davamlı addımların atılmasıdır.
– “Uşaq hüquqları haqqında” Konvensiyanın əsas prinsiplərinin uşaqlara erkən yaşlardan öyrədilməsi nə dərəcədə əhəmiyyətlidir? Xüsusilə məktəblərdə uşaqların öz hüquqları ilə yanaşı, başqalarının hüquqlarına hörmət ruhunda yetişdirilməsi üçün beynəlxalq təcrübədən hansı nümunələri qeyd etmək olar?
– Suala cavab vermək üçün yenə də Konvensiyaya istinad etmək istərdim. Konvensiyada (42-ci maddə) bu məsələ öz əksini tapıb və iştirakçı dövlətlərin üzərinə Konvensiyanın prinsip və müddəlarının uşaqlar arasında geniş yayılması öhdəliyi qoyulur. Eyni zamanda Konvensiyanın 29-cu maddəsində isə təhsilin məqsədlərindən biri kimi uşaqlarda insan hüquqlarına və əsas azadlıqlara hörmətin inkişaf etdirilməsi, onların qarşılıqlı anlaşma, sülh, tolerantlıq və bərabərlik ruhunda tərbiyə edilməsi nəzərdə tutulur.
Buna görə də uşaqlara Konvensiya ilə qorunan hüquqlarının öyrədilməsi vacib olduğu qədər, onların başqalarının hüquqlarına hörmət ruhunda tərbiyə edilməsi də eyni dərəcədə vacibdir. Yəni uşaqlar anlamalıdır ki, onların malik olduqları hüquqlar digər uşaqlara da eyni dərəcədə şamil olunur. Məsələn, uşaq bilməlidir ki, o öz fikrini sərbəst şəkildə söyləyə bilirsə, başqalarının da öz fikrini ifadə etmək və dinlənilmək hüququ vardır. Bu yanaşmanın erkən yaşdan uşaqlara aşılamaq onlarda qarşılıqlı hörmət, bərabərlik və fərqliliklərə dözümlü münasibətin formalaşmasına kömək edə bilər.
Böyük Britaniyada öz tədris təcrübəmdən bir nümunə söyləmək istərdim. Məktəb həyatından universitet həyatına qədəm qoyan, yəni təhsilin növbəti mərhələsinə “keçid” (transition) edən tələbələrə ilk dərsdə söylədiyimiz prinsiplərdən biri “hər bir fikrə hörmət edirik və biz şəxsləri yox, ideyaları müzakirə edirik”. Bu, sadə görünsə də, olduqca önəmli prinsipdir. Tələbə başa düşür ki, müzakirənin məqsədi şəxsi deyil, onun irəli sürdüyü fikri və arqumenti qiymətləndirməkdir. Başqa sözlə, bir fikirlə razılaşmaya bilərik, amma bu qarşılıqlı hörmət prinsipini istisna etmir.
Bu istiqamətdə ölkələr müxtəlif yanaşmalar tətbiq edir. Mənim şəxsi yanaşmam odur ki, hər hansı ölkədə uğurla tətbiq olunan təşəbbüs və ya layihə digər ölkədə mütləq eyni nəticəni verməyə bilər. Çünki bu prosesə yerli kontekst, mədəniyyət, təhsil sisteminin xüsusiyyətləri və digər amillər təsir göstərə bilir.
Bununla belə UNICEF-in Böyük Britaniyada həyata keçirdiyi “Hüquqlara hörmət edən məktəblər” (Rights Respecting Schools) təşəbbüsünu qeyd etmək istərdim. Burada əsas məsələ uşaq hüquqlarının ayrıca dərs və ya mövzu kimi tədrisi deyil, bütövlükdə “Uşaq hüquqları haqqında” Konvensiyasının müddəalarının məktəbin planlaşdırma, siyasət, ümumi fəaliyyət və dəyərlər sisteminə inteqrasiya edilməsidir. Buradakı yanaşma 3 əsas istiqaməti əhatə edir. Bunlara hüquqlar haqqında tədris və öyrənmə; hüquqlar əsasında tədris və öyrənmə - ümumi dəyərlər və qarşılıqlı münasibətlər, hüquqların təşviqi naminə tədris və öyrənmə - iştirakçılıq, səlahiyyətləndirmə və fəaliyyət daxildir.
Göründüyü kimi, bu yanaşma uşaqların hüquqlarının yalnız nəzəri cəhətdən öyrənilməsini deyil, həm də hüquqlara hörmət edilən mühitdə böyüməsini və hüquqların müdafiəsində fəal iştirakını təşviq edir. Daha öncə qeyd etdiyim kimi, bu kimi müsbət təcrübələr yerli kontekst çərçivəsində nəzərdən keçirilə bilər.




