Tələbə və məzunlar üçün SOCAR-da təcrübə imkanı

19 Oktyabr, 2026 - 11:51
Tələbə və məzunlar üçün SOCAR-da təcrübə imkanı

Dövlət Neft Şirkəti (SOCAR) tələbə və yeni məzun olmuş gənclərin peşəkar iş mühitində praktiki təcrübə qazanması məqsədilə növbəti “Gənc İstedadlar Proqramı”na (GİP) sənəd qəbuluna başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 5 ay davam edəcək proqram çərçivəsində gənclər öz ixtisaslarına uyğun struktur bölmələrdə real iş proseslərinə və layihələrə cəlb olunacaqlar.

Proqram iştirakçıları təcrübə müddətində peşəkar və fərdi inkişaf yönümlü təlimlərdə, mentorluq və müxtəlif inkişaf tədbirlərində iştirak etmək şansı qazanacaqlar. Bundan əlavə, gənclər müəyyən edilmiş qaydalara uyğun olaraq aylıq təqaüdlə təmin ediləcəklər. Proqramın sonunda SOCAR-ın müəssisələrinin biznes ehtiyaclarına uyğun olaraq, yüksək fəaliyyət nəticələri və inkişaf potensialı ilə seçilən iştirakçıların daimi məşğulluq imkanlarına baxıla bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı əsas meyarlara cavab verməlidirlər:
• Azərbaycan Respublikasının vətəndaşı olmaq və yaşı 29-u keçməmək;
• Məzunlar üçün: təhsili son 3 tədris ili ərzində (2024, 2025, 2026-cı illər) başa vurmaq;
• Tələbələr üçün: bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil almaq (ixtisas dəyişikliyi etmiş magistrlər 2-ci kursda olmalıdır);
• Hər hansı bir işəgötürənlə aktiv əmək münasibətlərində olmamaq;
• Ümumi orta müvəffəqiyyət göstəricisi (CumGPA) 75%-dən (digər sistemlərdə 2.5-dən) yüksək olmaq.

Müraciət zamanı universitet tərəfindən verilmiş rəsmi transkript (tələbələr üçün əvvəlki semestrin qiymətləri daxil olmaqla) və ya diplom əlavəsi elektron sistemə mütləq yüklənməlidir.

“Gənc İstedadlar Proqramı”na seçim müsabiqəsi 3 mərhələdən ibarətdir: müraciətlərin ilkin seçimi, məntiqi təfəkkür və ingilis dili üzrə test imtahanı və son olaraq ixtisas biliklərinin qiymətləndirildiyi müsahibə mərhələsi.

Proqramda iştirak etmək istəyən namizədlər Jobs.socar.az portalına daxil olaraq “Vakansiya axtarışı” bölməsində “Təcrübə” açar sözünü yazmaqla uyğun elanlara müraciət edə bilərlər. Xüsusi olaraq qeyd edilib ki, e-mail və ya digər vasitələrlə göndərilən CV-lər qəbul olunmur, müraciətlər yalnız portal vasitəsilə rəsmiləşdirilməlidir.

Əlavə suallar yarandığı təqdirdə namizədlər hr@socar.az ünvanına yaza və ya (012) 521 34 05 qaynar xətt nömrəsi ilə əlaqə saxlaya bilərlər.