Dərslikdəki plagiat iddiasına aydınlıq gətirilib
Dərsliklərdə plagiat mətnlərin olması iddiasına aydınlıq gətirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında danışıb.
O bildirib ki, dərsliyə əlavə edilən mətnlərə qarşı çox ciddi tələblər irəli sürülür və onlar müəyyən meyarlara cavab verməlidir:
“Lakin həmin meyarlara cavab verən əsərləri tapmaq çox çətindir. İndiyədək yazılmış əsərlər arasında belə mətnləri tapmaq bəzən mümkün olmur. Bunları mütləq adaptasiya edərək uğurlu formaya salmaq lazımdır”.
Z.İsayevin sözlərinə görə, “Azərbaycan dili” dərsliyində plagiat olduğu iddia edilən mətnlə bağlı da onu ilk dəfə işıqlandıran xarici yazıçı həmin mətnin onun məhsulu olmadığını, bu süjeti ilk dəfə haradansa eşitdiyini və bədiiləşdirdiyini deyib:
“Bunlar “gəzəyən” süjetlərdir, həmin süjetlərin, hadisələrin müəllifi olmur. Bunlar bədii əsərlər deyil, hadisələrdir. Yazıçılar həmin süjetləri bədiiləşdirir, obrazlara xarakter verirlər, bəzi situasiyalar əlavə edir, maraqlı dramatik vəziyyət yaradırlar. Bununla şagirdi həm əsərə cəlb edir, həm də onu tədris materialı üçün yararlı formaya salırlar”.
Mərkəz direktoru qeyd edib ki, burada heç bir plagiatdan söhbət getmir:
“Sadəcə olaraq, gündəmi zəbt etmək üçün belə iddialar səsləndirilir. Dərsliklər təxminən 130-150 min şagird üçün çap olunur. Elə bir sahə yoxdur ki, bu qədər geniş auditoriyanı əhatə etsin. Dərslik mövzusu, demək olar ki, respublikanın bütün əhalisini əhatə edir. Ona görə də gündəmə gəlmək üçün çox uğurlu mövzudur”.




