Ayaz Abuşov: “Süni intellektin təhsildə tətbiqi yalnız texnoloji yenilik deyil, təhsil yanaşmalarının transformasiyasıdır”
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda “Təhsildə rəqəmsal innovasiyalar və süni intellekt” mövzusunda təqdimatla çıxış edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimatda süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin əsas istiqamətləri, rəqəmsal həllərin tədris və idarəetmə proseslərinə inteqrasiyası, eləcə də bu texnologiyaların təhsilin keyfiyyətinin yüksəldilməsində rolu diqqətə çatdırılıb.
Bildirilib ki, süni intellektin təhsildə tətbiqi üç əsas istiqaməti – “Bərabər imkanlar”, “Məhsuldar müəllim” və “Sübut-əsaslı qərarvermə” yanaşmalarını əhatə edir. “Bərabər imkanlar” yanaşması bütün şagirdlərin keyfiyyətli təhsilə bərabər çıxışının təmin edilməsini, “Məhsuldar müəllim” müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasını və iş səmərəliliyinin artırılmasını, “Sübut-əsaslı qərarvermə” isə məlumatların təhlili əsasında təhsil idarəçiliyində daha əsaslandırılmış qərarların qəbulunu nəzərdə tutur.
A.Abuşov, həmçinin “Rəqəmsal məktəb” platformasının imkanları, təhsil müəssisələrinin rəqəmsal infrastrukturu və İKT avadanlıqları ilə təminatı barədə məlumat verib. Bu çərçivədə İKT avadanlıqlarının ölkə üzrə məktəblər arasında paylanılması, təhsil müəssisələrinin texnoloji imkanlarının genişləndirilməsi və rəqəmsal tədris mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Təqdimat zamanı rəqəmsal məzmunun tədris prosesində rolu da xüsusi vurğulanıb. A.Abuşov “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin tədrisi, bu layihələrin şagirdlərdə texnoloji biliklərin, yaradıcı və tənqidi düşünmə, problem həll etmə və praktiki bacarıqların inkişafına verdiyi töhfələrdən danışıb.
Bununla yanaşı, məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan süni intellekt alətlərinə toxunaraq, onların dərslərin planlaşdırılması, tədris materiallarının hazırlanması, fərdi öyrənmə imkanlarının genişləndirilməsi və təlim prosesinin təkmilləşdirilməsində yaratdığı imkanları diqqətə çatdırıb.
Sonda rəqəmsal texnologiyaların və süni intellektin təhsildə tətbiqinin yalnız texnoloji yenilik deyil, həm də tədris yanaşmalarının, müəllim və şagird bacarıqlarının, eləcə də təhsil idarəçiliyinin transformasiyası baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.




