bp və tərəfdaşlarının inklüziv təhsilə dəstək layihəsi başa çatıb
bp Azərbaycanda inklüziv təhsilə dəstək məqsədilə Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları ilə həyata keçirdiyi sosial sərmayə layihəsini uğurla başa çatdırıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində Azərbaycan İdman Akademiyasının “Adaptiv bədən tərbiyəsi”, “İdman tibbi və reabilitasiya”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, “Kütləvi-sağlamlaşdırıcı idman” və “Məşqçilik” ixtisasları üzrə təhsil alan 165 tələbənin inklüziv tədris bacarıqlarının inkişafına dəstək göstərilib.
Layihə iştirakçıları əlilliyi olan və olmayan şəxslər arasında ünsiyyəti, bədii özünüifadəni, özünəinamı və əməkdaşlığı təşviq edən, beynəlxalq səviyyədə tanınmış inklüziv hərəkət praktikası olan "DanceAbility®" metodu üzrə 30 saatlıq təlimdə iştirak edib, təlimçi nəzarəti altında məşğələlər və praktiki çalışmalar keçiblər. Tələbələr hərəkət vasitəsilə ünsiyyət, verbal və qeyri-verbal əlaqə, qrup şəklində əməkdaşlıq, eləcə də inklüziv fəaliyyətlərin təşkili və idarə olunması üzrə bacarıqlar əldə ediblər.
Layihə çərçivəsində, həmçinin əlilliyi olan və olmayan şəxslərin iştirakı ilə təlim-seminarlar keçirilib, əlçatanlığın təmin edilməsinə yönəlmiş təşəbbüslər həyata keçirilib. Bununla da tələbələr əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmək imkanı qazanıblar.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Adaptiv bədən tərbiyəsi proqramının müasir inkişaf səviyyəsinə çatdırılmasının hədəfləndiyini bildirib. O, bu istiqamətdə beynəlxalq təcrübənin ölkəyə gətirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Adaptiv bədən tərbiyəsi yalnız fiziki sağlamlıq deyil, eyni zamanda iştirakçıların sosiallaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu sahədə insanların özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməməsi vacibdir. Məzunlardan gözləntilərimiz böyükdür. Xüsusilə “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının tələbələrinin bu istiqamətdə fəaliyyət göstərməsini istərdim”.
bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan İdman Akademiyasının ölkənin təhsil və idman sahəsində mühüm mövqeyə malik olduğunu vurğulayıb: “İdman Akademiyası bir sıra beynəlxalq proqramları ölkəyə gətirən və ixtisaslaşmış ali təhsil müəssisəsi kimi mühüm uğurlar qazanan qurumdur. Bütün iştirakçılara və məzunlara uğurlar arzulayıram. bp şirkəti olaraq biz də sosial layihələrdə fəal iştirak edirik. Son 30 ildə ölkənin sosial həyatına töhfə verməyə çalışmışıq”.
Təlim proqramını uğurla başa vuran bütün iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 14 ay davam edən layihənin ümumi dəyəri 91 550 manat (53 853 ABŞ dolları) təşkil edir. Layihə “DanceAbility Azerbaijan” şirkəti tərəfindən icra olunub.
Foto: Kənan Qafarov




