Valideyn himayəsindən məhrum uşaqların müdafiəsi necə həyata keçirilir? – SXA AÇIQLAYIR
Hər bir uşağın ailə mühitində böyüməsi, qayğı və sevgi görməsi, təhsil alması, sağlam inkişafı üçün bərabər imkanlara malik olması onun fundamental hüquqlarındandır. Lakin müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaqların bu hüquqlardan yararlanması xüsusi diqqət və dəstək tələb edir. Bu uşaqların müdafiəsi onların yaşayış və gündəlik ehtiyaclarının qarşılanması ilə bitmir. Sosial adaptasiyası, psixoloji vəziyyəti, təhsil imkanları və gələcəkdə müstəqil həyata hazırlanması da mühüm məsələlərdəndir.
Ölkəmizdə hər il 20 oktyabr – 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edilməsi də uşaqların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına xidmət edir. Bəs valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmin edilməsi üçün hansı işlər görülür, onların ailə mühitində böyüməsi və cəmiyyətə inteqrasiyası istiqamətində hansı imkanlar mövcuddur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsinin diqqətdə saxlanılması sosial siyasətin mühüm istiqamətlərindəndir: “”Uşaq Hüquqları Aylığı” bütün uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olmuş və ya valideyn himayəsindən məhrum olma riski ilə üzləşən uşaqların hüquqlarının müdafiəsi məsələlərinin cəmiyyətin diqqətində saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu aylıq çərçivəsində uşaqların hüquqları ilə bağlı maarifləndirmənin gücləndirilməsi, onların ehtiyaclarının və problemlərinin ictimai müzakirəyə çıxarılması, eyni zamanda hər bir uşağın təhlükəsiz, sağlam və qayğıkeş mühitdə böyüməsinin vacibliyinin vurğulanması xüsusi önəm kəsb edir.

Valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi yalnız onların yaşayış və sosial təminat məsələlərinin həlli ilə məhdudlaşmır. Uşaqların ailə mühitində böyümək, təhsil almaq, sağlamlığının qorunması, fərdi inkişafı, fikirlərinin dinlənilməsi, sosial həyata inteqrasiyası və gələcəkdə müstəqil həyat qurması üçün bərabər imkanlara malik olmaq hüquqları da təmin edilməlidir. Burada əsas prinsip uşağın üstün mənafelərinin qorunması və onun fərdi ehtiyaclarının nəzərə alınmasıdır”.
Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və hərtərəfli inkişafı baxımından ən uyğun model onların ailə mühitində böyüməsidir: “Uşaqların sosial, emosional və fiziki inkişafına ailə mühiti birbaşa müsbət təsir edir. Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşaması üçün isə himayədar ailə və övladlığagötürmə xidmətləri mövcuddur. Belə alternativ qayğı xidmətləri ilə təmin edilən uşaqların ailədəki əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinq edilir.
Bildiyiniz kimi, 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. 2022-ci il noyabrın 1-dən isə himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar valideyn olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması sahəsində səlahiyyətlər də nazirlik tərəfindən həyata keçirilir. Eləcə də müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların həmin müəssisələri tərk etməsi, uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi və onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı qərarlar nazirlik tərəfindən qəbul edilir”.
Ə.Mansurov qeyd edib ki, bu xidmətlər ƏƏSMN-yə həvalə edildikdən sonra Ailə Məcəlləsinə dəyişikliklər edilib: “Dəyişikliklərdə uşaqların ümdə maraqlarının müdafiəsi, onların sosial təminatı, alternativ qayğı modelinə keçidin əsasları nəzərə alınıb. 2026-cı il ərzində Sosial Xidmətlər Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət nəticəsində 305 uşaq ailəsində saxlanılıb, 113 uşaq ailəsinə reinteqrasiya edilib, 201 uşaq müvafiq müəssisələrə yerləşdirilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və digər uşaqlarla bərabər imkanlara çıxış əldə etməsi “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” haqqında Qanun və digər qanunvericilik aktlarında nəzərdə tutulub. Sosial xidmət müəssisələrində habelə, ailə mühitində yaşayan uşaqların təhsil məsələsi onlar üçün hazırlanan Fərdi İnkişaf Planlarında məqsəd olaraq qeyd edilir. Uşaq inkişafı ilə bağlı məqsədlərə çatmaq üçün digər qurumlarla da sıx əməkdaşlıq edilir”.
Ə.Mansurov bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların müstəqil həyata hazırlanması birdəfəlik tədbirlərlə deyil, uşağın yaşına, fərdi xüsusiyyətlərinə, ehtiyaclarına və inkişaf səviyyəsinə uyğun şəkildə həyata keçirilən davamlı və mərhələli proses kimi qiymətləndirilməlidir: “Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Fərdi İnkişaf Planı tərtib edilir. Bu planda müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirmək məqsədilə onun yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınır. Planın tərtibi zamanı 7 yaşına çatmış uşağın fikri nəzərə alınır, uşağın valideyni və ya qohumları varsa, həmin şəxslər planın tərtibində iştirak edirlər. Fərdi İnkişaf Planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyü müəyyənləşdirildikdə isə Ailə İnkişaf Planı hazırlanır. Uşaq ailəyə qaytarıldıqdan sonra onun ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə 1 il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparılır”.




