Bağçaya getməyən uşağı məktəbə necə hazırlamaq olar?

12 Noyabr, 2026 - 14:17
Bağçaya getməyən uşağı məktəbə necə hazırlamaq olar?

Bağçaya getməyən uşaqların məktəbə hazırlığı əsasən evdə, valideynlərin köməyi ilə aparılır. Bu zaman uşağa ilkin biliklərin öyrədilməsi ilə yanaşı, onun yaşıdları ilə ünsiyyət qurması, fikirlərini sərbəst ifadə etməsi və məktəb mühitinə alışması da nəzərə alınmalıdır. 

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında metodist, xüsusi təhsil üzrə pedaqoq Vüsalə Mustafayeva bildirib ki, məktəbəqədər təhsil dövrü uşağın inkişafının mühüm mərhələlərindən biridir. Bu dövrdə uşağın yalnız akademik biliklərə yiyələnməsi deyil, həm də psixoloji və sosial-emosional baxımdan məktəbə hazırlanması əhəmiyyətlidir:

“Uşağın məktəbə hazırlıq prosesini bağçada və ya məktəbəhazırlıq qruplarında keçməsi daha məqsədəuyğundur. Çünki məktəbə hazırlıq yalnız akademik biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Uşaq eyni zamanda psixoloji cəhətdən hazır olmalı, sosiallaşma və ünsiyyət bacarıqlarını inkişaf etdirməlidir”.

V.Mustafayevanın sözlərinə görə, bağçaya getməyən uşaqların məktəbə hazırlığını ev şəraitində müxtəlif oyunlar və gündəlik fəaliyyətlər vasitəsilə təşkil etmək mümkündür:

“Valideyn evdə mövcud olan sadə vəsaitlərdən istifadə edərək öyrənmə prosesini əyləncəli formada qura bilər. Bu zaman ilk növbədə uşağın kiçik motorika bacarıqlarının inkişafına diqqət yetirilməlidir. Məsələn, meyvə və tərəvəzləri qruplaşdırmaq, lobya və noxudu bir-birindən ayırmaq, rəngli makaronlardan istifadə etməklə sayma və sadə hesablama tapşırıqları yerinə yetirmək olar. Beləliklə, uşaq gündəlik istifadə olunan əşyalar vasitəsilə oyun oynayaraq öyrənə bilər”.

Pedaqoq qeyd edib ki, evdə təşkil edilən fəaliyyətlər uşağın müəyyən bilik və bacarıqlarını inkişaf etdirsə də, onun sosial-emosional hazırlığı da diqqətdə saxlanılmalıdır:

“Bəzən valideynlər uşağın parkda və ya əyləncə məkanlarında digər uşaqlarla sərbəst oynamasını onun kifayət qədər sosiallaşması kimi qiymətləndirirlər. Lakin sosiallaşma yalnız birlikdə oyun oynamaq demək deyil. Uşaq özü haqqında məlumat verməyi, bildiklərini və fikirlərini başqalarına sərbəst şəkildə ifadə etməyi də bacarmalıdır”.

V.Mustafayeva bildirib ki, uşaq evdə valideyni ilə rahat ünsiyyət qura və bildiklərini sərbəst şəkildə ifadə edə bilər. Lakin eyni bacarıqları müəllimlərin, yaşıdlarının və tanımadığı şəxslərin yanında nümayiş etdirməkdə çətinlik çəkə bilər. Buna görə uşağın təxminən 4–5 yaşından etibarən yaşıdları ilə ünsiyyət imkanlarının yaradılmasını məqsədəuyğun hesab edir.

Onun sözlərinə görə, gündəlik söhbətlər, nağıllar və yaradıcı fəaliyyətlər də uşağın məktəbə hazırlığında istifadə oluna bilər:

“Valideynlər evdə nağıl terapiyası, artterapiya elementləri və ailə üzvləri ilə birgə əyləncəli oyunlardan istifadə edə bilərlər. Uşaqlar oyun zamanı öz daxili aləmlərini, hiss və düşüncələrini daha sərbəst ifadə edirlər. Valideynlər və pedaqoqlar bu prosesə diqqətlə yanaşdıqda uşağın yaşadığı emosiyaları və onu narahat edən məqamları daha yaxşı anlaya bilərlər”.

V.Mustafayeva onu da əlavə edib ki, ailə şəraitində aparılan hazırlıqla yanaşı, uşağın yaşıdları ilə ünsiyyət qurması və məktəb mühitinə uyğunlaşması üçün məktəbəqədər təhsil imkanlarından yararlanılması da əhəmiyyətlidir.