25 yaşında 3 peşə – Elvira Rəfizadənin uğur yolu

16 Yanvar, 2026 - 14:03
25 yaşında 3 peşə

Onunla Azərbaycan jurnalistlər şəbəkəsinin təşkil etdiyi “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsinin bağlanış mərasimində tanış olduq. Öyrəndik ki, Elvira yeniyetməliyindən bəri özünü axtarır, durmadan axtarışlarını davam etdirir. Hələ 25 yaşı var, artıq üçüncü peşə təhsili müəssisəsində, üçüncü ixtisas üzrə təhsilini başa vurub. 

Hərbçi olmaq istəyib

Elvira Rəfizadə Bakıda anadan olub. Deyir ki, enerjili uşaq olub və bu enerjisi indi də davam edir. Yəqin ona görədir ki, axtarmaqdan, yeni bir bacarığa yiyələnməkdən, hansısa yeniliyi mənimsəməyə çalışmaqdan doymur. 

2008-2019-cu illərdə tam orta təhsil alıb. Bakıda Əfqanıstanda şəhid olmuş əmisinin adını daşıyan Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəbdə oxuyub. Bu amil uzun zaman onun arzularına təsir edib, gah hərbçi, gah polis olmaq istəyib: “Atam polis işləyib, əmilərim isə hərbçi idilər. Ukraynanın Polis Akademiyasına hazırlaşırdım, sadəcə zaman elə gətirdi ki, gedə bilmədim”.

Ailəsi onu ağ xalatda görmək istəyib, o isə…

Ailəsi onun üçün bir peşə seçib. Ailənin qızları üçün seçdiyi peşəni təxmin etmək çətin deyil, ya müəllim, ya da tibb işçisi. Onlar qızlarını əynində ağ xalatla xəyal edib, Elvira üçün tibb kursuna müraciət ediblər: “Amma mən 1 ay belə gedə bilmədim. Bu peşə mənə heç uyğun deyildi. Araşdıraraq genişprofilli, müxtəlif peşələrə yiyələnə biləcəyim peşə təhsili müəssisələrinin olduğunu öyrəndim”.

Öyrəndikləri diqqətini çəkib və dərhal marağı yönündə ilk addımı atıb. 2019-2020-ci illərdə Bakı Turizm Peşə Məktəbində “Yerli bələdçilik” ixtisası üzrə təhsil alıb: “Təhsil aldığım müddətdə bir çox layihələrdə iştirak etdim, amma burada təhsilim pandemiya dövrünə düşdüyündən təcrübə keçə bilmədim, praktikada evdə olduq. Həmin dövr turizmin inkişafına da mane oldu, mənim bu sahədə inkişafıma da”.

Bir yerdə inkişaf yoxdursa, orada durmağa ehtiyac yoxdur. O da dövrün tələb etdiyi istiqamətdə inkişaf etmək qərarına gəlib: “2020/2021-ci tədris ili üçün keçirilən qəbul prosesinə qatıldım və başqa bir istiqamət seçdim. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Tədbir təşkilatçısı” ixtisasına qəbul oldum. Düzdür, pandemiya şəraiti davam edirdi və məsafədən təhsil alırdıq, amma bu istiqamətdə inkişaf etməyim üçün bu, bir maneə deyildi. Onlayn tədbilərə qoşulurdum. Elə diplom işim də onlayn tədbir təşkil etmək oldu. Diplom işimdə Qarabağa vizual tur təşkil etdim. İşim çox bəyənilmişdi”.

Təhsilinə davam edə-edə işə başlayıb: “İşləmək istəyirdim. İş elanlarına baxdım, diqqətimi çəkənlərə CV göndərdim və qısa zamanda bir iş tapdım. Hədiyyə mağazasında operator kimi işə başladım, başqa mağazada satıcı oldum. Daha sonra ““Uludağ” Turizm və İstirahət kompleksi MMC-də ofis meneceri işlədim. Amma hələ də yerimdə olmadığımı düşünürdüm, özümü tapa bilməmişdim. Buradakı Elvira mənim bildiyim, tanıdığım Elvira deyildi”.

Müəlliminin sözü ilə fikrindən dönüb

O da yenidən oxumağa qərar verib. 2024/2025-ci tədris ili üçün keçirilən qəbul prosesinə qatılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Aşpazlıq” ixtisasına qəbul olunub: “Aşpazlıq qrupunda yaşca məndən böyüklər də vardı, kiçiklər də. 3 ay oxudum, sonra bu ixtisas üzrə təhsilimi yarımçıq dayandırmaq istədim. Həmişə işləmişdim, ona görə işsizlik çətin gəlirdi. Amma ixtisas fənn müəllimim etiraz etdi, Gülay Quliyeva dedi ki, mənim kimi bacarıqlı tələbəni itirmək istəmir, onun sözü ilə fikrimdən daşındım və təhsilimi tamamladım”.

Hər peşədə nümunəvi olub: “Peşə təhsili ilə qazandıqlarımı saymaqla bitməz”.

Yiyələnmək istədiyi hər peşədə seçildiyini deyən qəhrəmanım deyir ki, həmişə müəllimlərinin sevimlisi olub: “Məktəbdə təhsil aldığım ixtisasları üzrə qrup rəhbəri olmuşam. Müəllimlərimin mənə etibar etdiyini hiss edirdim. Mən qazandğım bu etimadı hər zaman qoruyub saxlamağa çalışdım”.

“Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mənə böyük təcrübə qazandırdı”, - deyir Elvira. Təcrübə keçdiyi “TABIA Group”da “Synergia Academy”nin üzvü seçildim. Bilirsiniz ki, "Synergia Academy" sinerji, birlik və birlikdə işləmək, o cümlədən məqsədlərə nail olmaq və cəmiyyətə müsbət təsir göstərmək məqsədini ifadə edir. Bu mənə böyük motivasiya oldu. Bunun sayəsində təhsilimi yüksək nəticə ilə bitirdim. Hazırda “Central Point Hotel Baku”da kiçik aşpaz köməkçisi vəzifəsində çalışıram”.

Aldığı hər peşə təhsili ona müxtəlif şərtlər altında istifadə edəcəyi fərqli səriştələr qazandırıb: “9 ay “Hilton Hotel Baku”da təcrübədə oldum və burada qazandığım təcrübə sayəsində bir çox layihələrdə uğurla iştirak etdim, Bakı Kulinariya Assosiasiyasına üzv oldum. Bir sözlə, peşə təhsili ilə qazandıqlarımı saymaqla bitməz”.

Peşə təhsili sadəcə onun həyatını dəyişməyib, ailəsinin onunla bağlı arzularını da yenidən formalaşdırıb: “Ailəm əvvəlcə məni ağ xalatda, daha klassik bir peşədə təsəvvür edirdi. Seçdiyim sahə onlara bir qədər fərqli gəlsə də, marağımı, istək və əzmimi gördükcə qərarıma hörmətlə yanaşmağa başladılar. Hazırda əsas məqsədim bu peşədə özümü doğrultmaqdır və ailəmin dəstəyini getdikcə daha çox hiss edirəm”.

Peşə təhsili: düşüncələr başqadır, reallıq başqa 

Elvira peşə təhsili ilə bağlı müşahidələrindən də danışıb: “Maraqlıdır ki, hara gedəcəyimi araşdırarkən peşə təhsili müəssisələri ilə bağlı rast gəldiyim və məni təəccübləndirən bir rəyin sonradan yanlış olduğunu da gördüm. Eşitmişdim ki, peşə təhsilini yalnız zəif oxuyanlar seçir, amma özüm peşə təhsili almağa başlayanda gördüm ki, bu, heç də belə deyil. Burada təhsil alanlar arasında həyatını məqsədyönlü şəkildə planlaşdıranlar, əmək bazarının tələblərini bilən və ona uyğun davrananlar çoxdur. Bunu tək mən müşahidə etmirəm, hər kəs görür”.

Elviranın gənclərə  də bir ismarışı var: “Oxuduğunuz yer peşə təhsili müəssisəsidir, universitetdir və ya hansısa bir kollecdir, inanın ki, heç bir fərqi yoxdur. Əsas öyrənməyi istəməkdir: “İstəyin, öyrənin və  bacarığınızı ortaya qoyun, inanın ki siz istədiyinizə nail olacaqsız”.

Gələcəyi tam mənada “sığortalayan” bir peşə yoxdur

O əmindir ki, insan axtarışlarını ömürboyu dayandırmamalı, öz üzərində işləməli, bacarıqlarını artırmalıdır: “Məncə, gələcəyi tam mənada “sığortalayan” bir peşə yoxdur. İnsan gələcəyini düşünürsə, daim dəyişən dövrə uyğunlaşmağı bacarmalı, uyğunlaşmanı təmin edəcək  sahələr seçməlidir. Məncə, hansı peşə olursa-olsun, insan onu məsuliyyətlə, peşəkarlıqla və sevərək icra edirsə, o sahədə özünə mütləq yer tapar. Vacib olan bir peşə ilə yanaşı, əlavə bacarıqlar qazanmaq və yeniliklərə açıq olmaqdır”.

“Peşə yox, öz yolumu seçmişəm”

O, axtarışlarını davam etdirir, bu gedişlə, yəqin ki, ömürboyu da axtaracaq. Çünki bilir ki, insan bir ömürboyu öyrənməlidir: “Tam olaraq “özümü tapmışam” deyə bilmərəm, amma doğru yolda olduğuma inanıram. Hazırda istədiyim sahəyə doğru addımlar atıram və bu prosesdə həm öyrənir, həm də özümü inkişaf etdirirəm. Ola bilsin ki, olduğum yer hələ son dayanacaq deyil, amma istədiyim yerə aparan yoldur. Mən peşə yox, öz yolumu seçmişəm. Harada olduğumdan çox, hara getdiyimi bilmək mənim üçün vacibdir. Gələcəyimi təmin etmək üçün təsadüflərə deyil, davamlı öyrənməyə və əməyə əsaslanıram. Seçdiyim hər sahədə dəyər yaratmağa və iz qoymağa çalışıram. Bu yanaşma ilə istənilən peşədə yerimi tapacağıma inanıram”.