Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar - REPORTAJ 

16 Yanvar, 2026 - 11:43
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar

Yenidən Ağdamdayıq. Bu torpaqlarda 30 ildən çox dövr ərzində sadəcə fəsillər dəyişib. Ancaq qarlı, şaxtalı qış kimi. 
30 ildən çox bu yerlər doğma sakinlərinə, uşaqlarının səsinə həsrət qalıb. İndi zaman dəyişib, qış günü belə yaz sərinliyini xatırladır. Yenilənən Ağdamın təhsili də dirçəlir, inkişaf edir. Burada fəaliyyətə başlayan məktəblər, uşaq bağçası qurulan mühit, yaradılan şərait real nəticədir. 

125 şagirdlə fəaliyyətə başlayan məktəbin indi 226 şagirdi var

Hazırda qarşısında dayandığımız bina - Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi də bu nəticənin nümunəsidir. 

Məktəb Ağdam azad olunduqdan sonra fəaliyyət göstərən ilk təhsil müəssisələrindən biridir. 
Tikintisinə 2024-cü ildə başlanılan binanın təməlqoyma mərasimində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

2025-ci ilin sentyabrın 15-də 125 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 226 şagird təhsil alır. 528 şagird yerlik təhsil müəssisəsi 2,7 hektar ərazini əhatə edir. Məktəbdə 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otağı, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.

Burada təhsil alan şagirdlər gələcəyə inamdır, ümiddir. 

Azərbaycan–Qırğızıstan dostluğunu xatırladan məktəb mühiti

Binaya daxil oluruq, dəhlizində Azərbaycan və Qırğızıstan dostluğu adlı guşə, eləcə də ölkəmiz və qardaş dövlətin tarixinə aid materiallarla zəngin stendlər yer alıb. 

İlk qarşılaşdığımız Şərifə Hüseynova olur. O, məktəbdə fizika və riyaziyyat fənnini tədris edir. 
Əslən şuşalı olan Şərifə müəllim ailə həyatı qurduqdan sonra Ağdama - Xıdırlı kəndinə gəlib və 1985-ci ildən də pedaqoji fəaliyyətə başlayıb. Əvvəlcə Ağdam şəhərinin 4 nömrəli məktəbdə işləyib, daha sonra isə fəaliyyətini 2 nömrəli məktəbdə davam etdirib.

"Sonrakı illərdə baş verən hadisələr bizi torpaqlarımızdan ayrı saldı. Məcburi köçkünlüklə əlaqədar olaraq Bakıda yerləşdik. Burada 286 nömrəli tam orta məktəbdə işlədim. Amma bütün hər kəs kimi qəlbimizin bir yarası vardı. Biz buna məcbur edilmişdik. Həyat davam edirdi. Ancaq bizimki yox. Qəlbən, ruhən rahatlıq başqa bir şeydir. Biz onu itirmişdik".

“Xıdırlı məktəbində işləmək təklifini heç düşünmədən qəbul etdim”

Sinif otaqlarını tanıda-tanıda "bir gün qayıdacağımıza inanırdım", - deyir. 
“Bakıda olanda mənə təklif gəldi. Xıdırlıda yerləşən məktəbdə işləmək üçün. Bu təklifi eşidəndə heç düşünmədən qəbul etdim. Pedaqoji fəaliyyətimin son illərini məhz öz kəndimizdə tamamlamaq istədim".

Şərifə müəllim bunun dönüş nöqtəsi olduğunu, 30  ildən sonra Ağdamda yarımçıq qalan fəaliyyətinin bərpa olunduğu bildirir:
"Çətinliklər oldu. Özüm üçün deməzdim, ancaq şagirdlərdə bunu müəyyən qədər yaşadıq. Hər biri uyğunlaşma prosesində idi və buraya tez alışdılar.
… "Gözəl məktəbdir" kəlməsinin doğru olduğu göz önündədir. Şagirdlərimizin şəraiti olan təhsil ocaqlarında təhsil alması, cəmiyyətə yararlı şəkildə tərbiyə edilməsi əsas vəzifəmizdir. Biz Qarabağda həyatımızı qaldığımız yerdən davam etdiririk". 

Artıq günün ikinci yarısıdır. Saat 14:00-da həyətdə məktəbəhazırlıq qruplarında dərsi başlayan fidanları görürük. 
Həyət valideynləri ilə gələn körpələrin səsləri ilə dolur, qaynayır. Yoldaşları ilə dərsə girəcək balacalar əl-ələ tutub kiçik addımlarla gəlirlər. 

Artıq neçə vaxtdır ki, tanıdıqları məktəb, sinif otağı onlara doğmadır.  Eləcə də dərs boyu onları sevgi və qayğı ilə öyrədən müəllimləri Elnurə Abdullayeva. 

Dərs 17 nəfərlə başlayır. Hələ yerini tapıb oturmaq istəməyən 2 ya 3 balaca müəllimə yaxınlaşaraq nəsə deyir. Onları razı salandan sonra dərs başlayır:
"Uşaqlar bu gün sizinlə yeni rəsmlər çəkəcək və yeni adlar öyrənəcəyik. Amma keçən dərs sizə rəqəmləri təkrar edəcəyimizi demişdim. Evdə üzərində işləmisinizmi?" "Bəli, müəllim", - cavabını alandan sonra "mən lövhəyə gələ bilərəm", - deyən balacaya baxırıq. Müəllimin təsdiq cavabından sonra lövhə qarşısındakı balaca yazmağa başlayır. 

Elnarə müəllim "Gülay indi ən yaxşı öyrəndiyi sözü yazacaq", - deyir. 

Həqiqətən də elədir. Yazının qarşısından çəkilən Gülayın böyük hərflərlə "ana" yazdığını görürük. Boyunun çatdığı yerdən hələ bir az da hündürə yazdığı sözdən sonra bizə tərəf dönür. Yaza bilməsinin, bacara bildiyinin qələbəsi ilə əyləşir yerinə. 
Yavaş-yavaş qrupda səslər artır.  Kimisi şəkil, kimisi idman, kimisi isə musiqi oxumaq üçün müraciətlər edir. 
İlk rəsmlərin çəkilməsi üçün albomlar açılır. Bir az sakitlik yaranır. 

Elnarə müəllim hər gün dərs dediyi bu uşaqlara böyük ümidlər bəslədiyini deyir. 

"32 ildən sonra doğma kəndimizə gəlmək, bu kəndin sakinləri ilə bir yerdə olmaq, kənd məktəbində körpə fidanlara təhsil vermək mənim üçün fərqli hissdir. Pedaqoji fəaliyyətimi artıq bu məktəbdə davam etdirirəm.
Müəllim kimi bu körpələrin həyatında, təhsilində mühim yer tuturuq".

Cəmi bir neçə dəqiqəlik sakitlikdən sonra artıq səssiz dayanmaq istəmirlər. Bu dəfə hamısı birgə idman etmək istədiyini bildirir. 
Bir səslə dedikləri şeirin "əlini qoy belinə, indi də dön, otur yerinə" bəndlərindən sonra hər biri öz yerinə oturur. 
Həmsöhbətim bizə, eyni zamanda onlara vaxt ayıraraq danışır:

"Blirsiniz, pedaqoji fəaliyyət zamanı uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır, təlim prosesində uşaqlara daha diferensial yanaşmağa çalışırıq. Onlarla əyləncə, müxtəlif oyunlar təşkil edirəm. Bu elə bir prosesdir ki, mehriban qayğıkeş, səbirli olmağı bacarmalısan. Fikirlər yayınmasın, diqqətlər dərsə cəm olsun deyə yüngül idman hərəkətləri də edirik, elə bir az əvvəl etdiyimiz kimi".

Müsahibim əsas bacarıqları formalaşdırmaq üçün valideynlərlə düzgün əməkdaşlığın  qurulmasından söz açır. 
"Qısası, uşaqlarda hərtərəfli inkişafa nail olmaq olar. Əgər hər birimiz üzərimizə düşən məsuliyyəti vaxtında yerinə yetirsək".

Dərs zəngi, uşaq səsləri və canlanan küçələr

Deyəsən dərsin bitmə vaxtına az qalıb. Vaxt yaxınlaşdıqca körpələrin  pəncərələrə baxışları da artır.
Uşaqların hər hərəkətini əzbər bilən Elnarə müəllim "birinin valideyni gələn kimi hamısı hazırlaşmağa başlayacaq", - deyir.

Həqiqətən də elə olur. Müəllimin köməyi ilə geyimlərini geyinir, kitablarını yığırlar. "Uşaqlar bir-birinizi gözləyin, qaçmayın, ehtiyatlı olun!" Müəllim bunu sinifdən valideynlərin yanına çatana qədər  təkrarlayır. 

Müəllimləri ilə sağollaşan uşaqlar valideynlərinə tərəf tələsirlər. Tələsirlər, onların səsi ilə canlanan küçələrdə addımlamağa, yolboyu görəcəkləri yenidənqurma işlərinə heyranlıqla baxmağa. 

Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar
Yenidən Ağdamdayıq: Xıdırlıda məktəbə gedən ilk balacalar