"Beynəlxalq əmək bazarında rəqabət apara biləcək kadr hazırlamağa çalışırıq" – Rektor
"Biz tələbəni yalnız bilik alan şəxs kimi deyil, universitet həyatının fəal iştirakçısı, tədqiqatçı, təşəbbüskar və gələcəkdə öz sahəsində dəyişiklik yarada biləcək mütəxəssis kimi görürük. Buna görə də təhsil proqramlarının hazırlanmasında fundamental akademik biliklərlə yanaşı, əmək bazarının və gələcəyin tələblərini də nəzərə alırıq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "İki sahil" qəzetinə müsahibəsində söyləyib.
Rektorun sözlərinə görə, data analitikası, süni intellekt, proqramlaşdırma, rəqəmsal bacarıqlar, analitik və tənqidi düşüncə, kommunikasiya və komanda işi kimi kompetensiyalar müxtəlif proqramların mühüm tərkib hissəsinə çevrilir:
"Eyni zamanda, biz rəqəmsallaşmanı yalnız texnologiyaların tətbiqi kimi deyil, universitetin idarəetmə və təhsil fəlsəfəsinin ayrılmaz hissəsi kimi qəbul edirik. Məqsədimiz çevik, şəffaf, məlumatlara əsaslanan və tələbə ehtiyaclarına sürətlə cavab verən müasir universitet ekosistemi formalaşdırmaqdır".
Ş.Bayramov qeyd edib ki, Qarabağ Universitetinin xarakterik cəhətlərindən biri də milli missiya ilə qlobal baxışın vəhdətidir:
"Biz Xankəndidə fəaliyyət göstərən universitet kimi Qarabağın inkişafına, yeni insan kapitalının formalaşmasına və regionun elmi-intellektual potensialının gücləndirilməsinə töhfə verməyi özümüz üçün xüsusi məsuliyyət hesab edirik. Eyni zamanda, tələbələrimizi yalnız yerli deyil, beynəlxalq əmək bazarında da rəqabət apara biləcək səviyyədə hazırlamağa çalışırıq.
Bütün bu yanaşmaların arxasında isə dəyişməyən bir prinsip dayanır: müasir dünyanı anlayan, qlobal düşünən, yeni bilik və texnologiyaları mənimsəyən, eyni zamanda milli dəyərlərə bağlı və ölkəsinin gələcəyinə töhfə verməyə hazır insan kapitalı yetişdirmək", – deyə o söyləyib.
Rektor bildirib ki, tələbə universiteti bitirəndə yalnız bir ixtisas üzrə biliklərə deyil, yeni bilikləri müstəqil şəkildə öyrənmək, onları müxtəlif situasiyalarda tətbiq etmək və dəyişən tələblərə uyğunlaşmaq bacarığına da sahib olmalıdır.




