Hansı ixtisas və peşələrə ehtiyac yaranacağını elmi tədqiqatlarla müəyyənləşdirməliyik – Anar Eminov
“Süni intellektin təhsildə tətbiqi yalnız texnoloji yenilik kimi qiymətləndirilməməlidir. Əsas məsələ bu imkanlardan tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin fərdi inkişafının dəstəklənməsi və gələcəyin əmək bazarına uyğun bacarıqların formalaşdırılması üçün düzgün istifadə etməkdir”.
Bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Şuşada keçirilən IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi çərçivəsində “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı ali təhsil müəssisələrinin qarşısında yeni vəzifələr qoyur. Universitetlər tələbələrə yalnız hazır texnoloji alətlərdən istifadə etməyi deyil, bu alətlərin yaratdığı məlumatları təhlil etməyi, düzgün qərarlar verməyi, etik prinsipləri qorumağı və insan düşüncəsinin üstünlüklərindən yararlanmağı öyrətməlidir.
Anar Eminovun sözlərinə görə, IV Beynəlxalq Elmi Araşdırmalar Konqresində süni intellektə hazırlıq, məşğulluq, maşın və dərin öyrənmə metodları, rəqəmsal əmək bazarı və təlim nailiyyətlərinin qiymətləndirilməsi üzrə təqdim olunan tədqiqatlar təhsil proqramlarının yenilənməsi üçün mühüm elmi əsas yaradır:
“Bu gün hansı peşələrin dəyişəcəyini, hansı yeni ixtisas və bacarıqlara ehtiyac yaranacağını yalnız ehtimallarla deyil, elmi tədqiqatların nəticələri ilə müəyyənləşdirməliyik. Gənc alimlərin apardığı araşdırmalar tədris proqramlarında proqramlaşdırma və texniki biliklərlə yanaşı, tənqidi düşünmə, məlumat savadlılığı, yaradıcılıq və etik məsuliyyət kimi bacarıqların da gücləndirilməsinin vacibliyini göstərir”.
Rektor bildirib ki, süni intellekt müəllimin rolunu aradan qaldırmır, əksinə, onu daha məsuliyyətli və yaradıcı fəaliyyətə istiqamətləndirir. Texnologiya tələbənin irəliləyişinin təhlili, fərdiləşdirilmiş tapşırıqların hazırlanması və tədris materiallarının zənginləşdirilməsi üçün geniş imkanlar yaratsa da, pedaqoji qərarın, müəllim–tələbə ünsiyyətinin və dəyərlərin formalaşdırılmasının mərkəzində insan dayanmalıdır.
Anar Eminov vurğulayıb ki, gənc tədqiqatçıların bu sahədə əldə etdikləri nəticələrin auditoriyalara və təhsil proqramlarına daşınması universitetlərdə elm və tədris arasındakı əlaqəni gücləndirəcək.
Onun fikrincə, IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi kimi platformalar gənc alimlərə öz araşdırmalarını beynəlxalq mütəxəssislərlə müzakirə etmək, yeni metodlarla tanış olmaq və süni intellektin təhsildə məsuliyyətli tətbiqi ilə bağlı birgə layihələr hazırlamaq imkanı verir.




