Qarabağ Universitetində müasir universitet modeli qurulub – Rektor

17 Avqust, 2026 - 13:23
Qarabağ Universitetində müasir universitet modeli qurulub

"Qısa müddət ərzində universitetdə sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətlərinin artırılması istiqamətində mühüm nəticələr əldə etdik". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "İki sahil" qəzetinə müsahibəsində söyləyib. 

Rektorun sözlərinə görə, bu proses göstərdi ki, Qarabağ Universiteti sadəcə yeni yaradılmış ali təhsil müəssisəsi deyil, müasir universitet modelinin qurulduğu dinamik akademik platformadır:

"Universitetimizin bu sürətli inkişafının əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə universitetimizdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun, Biznes və İqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetimizin inkişafına verilən strateji əhəmiyyətin bariz göstəricisidir.

Eyni zamanda, bizim üçün universitet quruculuğu yalnız infrastruktur yaratmaqdan ibarət deyil. Qarabağ Universitetini formalaşdırarkən əsas məqsədimiz Xankəndidə müasir dünyanın tələblərinə cavab verən, tələbəmərkəzli, tədqiqat və innovasiya yönümlü, beynəlxalq akademik mühitə inteqrasiya olunmuş yeni nəsil universitet modeli yaratmaqdır".