Döyüşlə qazanılan torpaqlarda biliklə qurulan gələcək
Vətən müharibəsi ordumuzun gücünü göstərməklə bərabər, birliyimizin də göstəricisi oldu. Vətən eşqi, qələbə inamı ilə döyüşə gedən qəhrəmanlarımız azad edilən hər qarışa öz imzalarını atırdı. Məhz bu Vətən eşqi sayəsində onlar dağı-daşı lərzəyə gətirən səslərə qarşı dik durdular, dillərindən Vətən nəğməsi əskik olmadı..
"Şəhid olsam, məni çiyinlərinizdə Şuşaya qaldırın, Qələbəni görmək istəyirəm!", – budur, Azərbaycan əsgərinin sevgisi! Budur, ərazi bütövlüyümüzü bərpa edən oğulların eşqi. Bu sözlər Azərbaycan əsgərinin Vətən sevgisinin, torpağa bağlılığının və Zəfərə olan sonsuz inamının ifadəsidir. Budur, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçməyə hazır olan oğulların Vətən eşqi!
44 günlük Vətən müharibəsi xalqımızın tarixinə şanlı Qələbə, misilsiz qəhrəmanlıq və milli birliyin təntənəsi kimi yazıldı. Lakin bu Zəfərin arxasında yalnız sevinc, qürur və qələbə coşqusu deyil, həm də böyük acılar, göz yaşları və ürəklərdə əbədi yaşayacaq həsrət dayanırdı.
Evlərə Qələbə xəbəri ilə yanaşı, əfsuslar olsun ki, övladın, atanın, həyat yoldaşının, qardaşın bir daha geri dönməyəcəyi xəbəri də gəlirdi. Bir tərəfdə illərlə gözlənilən Zəfərin sevinci, digər tərəfdə Vətən uğrunda canından keçən qəhrəmanların yoxluğu ilə barışmağa çalışan ailələrin nisgili vardı. Amma bütün bu ağrıların içində bir həqiqət dəyişməz qaldı: Vətən sağ olsun!
“Vətən sağ olsun!” deyərək övladının şəhadətini qürurla qarşılayan valideynlər, “Mənim atam qəhrəmandır!” deyərək böyüyən körpələr, şəhidlərimizin əmanətlərini göz bəbəyi kimi qoruyan ailələr artıq hər birimizin doğmasına çevrildi. Onların ağrısı bizim ağrımız, qüruru bizim qürurumuz oldu.
2020-ci il sentyabrın 27-də başlayan və xalqımızı "Dəmir yumruq" ətrafında birləşdirən İkinci Qarabağ müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çatdı. 44 gün davam edən döyüşlər Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın sarsılmaz birliyi və iradəsi nəticəsində şanlı Zəfərlə başa çatdı.
Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin yarımçıq qalmış arzusunun, hər bir qazimizin fədakarlığının, bütöv bir xalqın 30 illik həsrətinin və mübarizəsinin rəmzidir.
8 Noyabr tarix boyu tapdanmış ədalətin bərpası idi. Şuşanın azadlıq xəbəri Zəfərin müjdəçisi oldu, şəhər günü kimi də tarixə yazıldı. Qələbə dirçəlişi də özü ilə gətirdi. Torpaqların yenidən canlanması, sakinlərin gülüş dolu səsləri qələbənin ən böyük töhfəsi oldu.
Azad edilmiş ərazilərdə təhsilin inkişafı
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində digər sahələr kimi təhsilin bərpasına da xüsusi diqqət ayrılır.Yeni məktəblər tikilir, fəaliyyətə başlayır, sakinlərin istifadəsinə verilir.
Azad olunmuş Şuşada da təhsilin inkişafına xüsusi diqqət ayrılır. 2024-cü ilin 16 sentyabrından Şuşa şəhəri 1 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb. Hazırda məktəbdə 237 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 nəfər müəllim məşğul olur. 2025-2026-cı ildə məktəbin məzunlarından 4 nəfər ali təhsil müəssisələrinə, 1 nəfər peşə məktəbi, 1 nəfər isə kollecə daxil olub.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 27 məktəb fəaliyyətə başlayıb. Qarabağ və Şərqi Zəngəzur üzrə təhsilin ilk carçısı Zəngilan rayonu Ağalı kənd məktəbi oldu.
Qarabağ regionu üzrə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 19 ümumi təhsil müəssisəsində ümumilikdə 4 405 şagird təhsilə cəlb olunub. Onlardan 290 uşaq məktəbəhazırlıq qruplarında, 407 uşaq isə birinci sinifdə təhsil alır.
Şərqi Zəngəzur regionu üzrə 8 ümumtəhsil müəssisəsi, 5 bağça fəaliyyət göstərir. Məktəblərdə 1491 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 193 təhsilverən məşğul olur.

Bağçalarda 169 uşaq məktəbəqədər təlim-tərbiyə prosesinə cəlb edilib. Uşaqların təlim-tərbiyəsi ilə 21 tərbiyəçi-müəllim məşğul olur.
Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri ilə yanaşı Xankəndi şəhərində fəaliyyətə başlayan və işğaldan olunmuş ərazilərin ilk ali təhsil ocağı olan Qarabağ Universiteti təhsilin inkişafına öz töhfəsini verir, regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda məktəb zənglərinin səsinə qarışan zəfər sədası xalqımızın qürurunu, birliyini və yenilməz iradəsini əks etdirir. Hər səda azadlığın, hər zəng səsi tarixi Zəfərimizin əbədi rəmzidir.




