“Şuşada təqdim olunan tədqiqatlar yeni elmi layihələrə çevrilməlidir” – Şahin Sadıqov

24 İyul, 2026 - 10:05
“Şuşada təqdim olunan tədqiqatlar yeni elmi layihələrə çevrilməlidir”

“IV Beynəlxalq Elmi Araşdırmalar Konqresinin nəticəsi yalnız təqdim olunan məruzələrin sayı ilə deyil, burada səsləndirilən elmi fikirlərin sonradan hansı tədqiqatlara, layihələrə və praktik qərarlara çevrilməsi ilə ölçülməlidir”.

Bu fikirləri İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
O bildirib ki, Şuşada keçirilən IV Beynəlxalq Elmi Araşdırmalar Konqresində müxtəlif ölkələrin universitetlərini və elmi-tədqiqat institutlarını təmsil edən alimlərin iştirakı ayrı-ayrı sahələr üzrə əldə olunan elmi nəticələrin müqayisəli şəkildə müzakirəsinə imkan yaradır. Konqres iqtisadiyyat, təhsil, mühəndislik, informasiya texnologiyaları, ekologiya, enerji, turizm, səhiyyə və sosial elmlər üzrə tədqiqatçıların ortaq problemlər ətrafında əməkdaşlığına şərait yaradır.

Şahin Sadıqov qeyd edib ki, fərqli ölkələrdən olan alimlərin Şuşada bir araya gəlməsi yerli tədqiqatçıların beynəlxalq təcrübəyə çıxışını genişləndirir, onların araşdırmalarının daha geniş akademik auditoriyada qiymətləndirilməsinə və yeni tərəfdaşların müəyyənləşdirilməsinə imkan verir:

“Elm yalnız elmi nəşrlərdə qalmamalıdır. Tədqiqatların nəticələri təhsil proqramlarının hazırlanmasında, iqtisadi inkişaf modellərinin qurulmasında, regional planlaşdırmada, rəqəmsal transformasiyada və ictimai problemlərin həllində istifadə olunmalıdır. IV Beynəlxalq Elmi Araşdırmalar Konqresində təqdim edilən araşdırmaların əhəmiyyəti də onların real ehtiyaclara cavab verməsi və praktik tətbiq imkanları yaratması ilə bağlıdır”.

Onun sözlərinə görə, konqres gənc alimlərin elmi fəaliyyətinin inkişafı üçün də mühüm platformadır. Gənc tədqiqatçılar burada yalnız öz nəticələrini təqdim etmir, eyni zamanda müxtəlif elmi məktəblərin yanaşmalarını öyrənir, təcrübəli alimlərdən rəy alır və araşdırmalarının metodoloji əsaslarını təkmilləşdirirlər.
Şahin Sadıqov bildirib ki, IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi çərçivəsində qurulan əlaqələrin birgə tədqiqat qruplarına, beynəlxalq layihələrə, ortaq elmi nəşrlərə və tədqiqatçı mübadiləsinə çevrilməsi əsas hədəflərdən biri olmalıdır. Bu əməkdaşlıq həm Azərbaycan alimlərinin beynəlxalq elmi şəbəkələrdə iştirakını gücləndirə, həm də xarici tədqiqatçıların Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə bağlı elmi araşdırmalara cəlb edilməsinə imkan yarada bilər.
O əlavə edib ki, konqresin Şuşada keçirilməsi şəhərin mədəni və tarixi əhəmiyyəti ilə yanaşı, elmi fikir və beynəlxalq akademik əməkdaşlıq məkanı kimi tanıdılmasına da töhfə verir.

“Şuşada təqdim olunan tədqiqatlar yeni elmi layihələrə çevrilməlidir”