“Azad olunan torpaqlarımızda müəllim olmaq qayıdışın sevincini yaşamaqdır” - İlk müəllimlik yolunun ünvanı
Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlik yalnız bir peşə deyil, insanın həyat yoluna işıq salan, savadlı, dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı gənc nəsil yetişdirən məsuliyyətli və şərəfli bir missiyadır. Sinif otağında səslənən hər bir söz, verilən bilik, şagirdlərə aşılanan dəyər əslində gələcəyin qurulmasına atılan addımdır. Məhz buna görə müəllim əməyinin nəticəsi yalnız bu günlə deyil, illər sonra formalaşacaq cəmiyyətlə ölçülür.
Bu məsuliyyətli və şərəfli peşədə ilk addımlarını atan elə gənc müəllimlərimiz var ki, onların pedaqoji fəaliyyətə başladığı məkan sıradan bir ünvan deyil. Bu, illər sonra yenidən həyatın qayıtdığı, məktəblərin açıldığı, uşaqların səsinin eşidildiyi, gələcəyə ümidlərin daha da möhkəmləndiyi işğaldan azad edilmiş ərazilərimizdir.
Vaxtilə təhsil ocaqlarının da dağıntılara məruz qaldığı, məktəb zənglərinin susduğu bu torpaqlarda artıq yeni dərs ili başlayıb, sinif otaqlarının qapıları açılır, lövhələrə ilk sözlər yazılır. Bu mənzərənin baş qəhrəmanlarından biri isə öz peşə fəaliyyətinin ilk illərini məhz azad edilmiş ərazilərdə keçirən gənc müəllimlərdir. Onlar üçün müəllimliyə başlamaq yalnız yeni bir məktəbə qədəm qoymaq deyil, həm də tarixi torpaqlarımızda həyatın, təhsilin və gələcəyin bərpasına öz töhfələrini vermək deməkdir.
“Azərbaycan müəllimi” olaraq 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günündə işğaldan azad olunmuş ərazilərimizin orta ümumtəhsil müəssisələrində ilk dəfə müəllimlik fəaliyyətinə başlayan gənc müəllimlərlə həmsöhbət olduq. Onların müəllimlik yoluna necə başladığını, azad edilmiş ərazilərdə çalışmağın yaratdığı fərqli hissləri, qarşılaşdıqları ilk təəssüratları, şagirdləri ilə bağlı arzularını və gələcəyə dair düşüncələrini öyrəndik.
“Burada müəllim olmaq böyük qürur və məsuliyyətdir”
İlk müsahibimiz Məhluqə Baxşəliyeva əslən Beyləqan rayonunun Birinci Şahsevən kəndindəndir. Orta təhsilini doğma kəndində Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə tam orta ümumtəhsil məktəbində çalışır.
Gənc müəllim üçün işğaldan azad olunmuş ərazidə yerləşən məktəbdə fəaliyyətə başlamaq həm peşəkarlıq, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məktəbə ilk gəldiyi gün həyəcanlı olmaqla yanaşı, yaddaşında silinməz iz buraxıb: “Yeni kollektiv, yeni mühit və ən əsası, ilk dəfə tanış olduğum şagirdlər məndə maraq və məsuliyyət yaratdı. Məktəbə daxil olduğum ilk andan burada özümü doğma bir yerdə hiss etdim. Bir müəllim üçün yeni məktəbə, yeni kollektivə və şagirdlərə uyğunlaşmaq özü bir təcrübədir. Amma burada bu hisslərə başqa bir duyğu da əlavə olunurdu. İşğaldan azad olunmuş bir ərazidə, yenidən qurulan həyatın içində müəllim kimi fəaliyyət göstərmək mənim üçün həm qürurverici, həm də məsuliyyətli bir missiyadır”.
Məhluqə müəllim bildirir ki, şagirdləri ilə görüşü də onun üçün xüsusi olub. İlk dərsdən etibarən uşaqların fərqli xarakterə, maraq dairəsinə və dünyagörüşünə malik olduğunu müşahidə edib: “Şagirdlərimlə yalnız müəllim-şagird münasibəti deyil, hörmət və etimada əsaslanan bir ünsiyyət yaratmaq istəyirəm. Düşünürəm ki, müəllim şagirdini dinləməyi, onu anlamağı və fərdi xüsusiyyətlərini nəzərə almağı bacarmalıdır. Hər bir uşağın öz dünyası var. Müəllimin vəzifəsi həmin dünyaya hörmətlə yanaşmaq və uşağın özünü ifadə etməsinə şərait yaratmaqdır”.
O qeyd edir ki, dərslərini təşkil edərkən əsas məqsədi şagirdlərin fəal iştirakını təmin etməkdir: “Mövzunu sadəcə izah etməklə kifayətlənmir, müxtəlif üsul və fəaliyyətlərdən istifadə edirəm. Çalışıram ki, dərs şagird üçün maraqlı və yaddaqalan olsun. Çünki uşaq öyrəndiyini yalnız dinləməklə deyil, prosesin iştirakçısına çevrilməklə daha yaxşı mənimsəyir”.
Məhluqə müəllim üçün müəllimlik yalnız dərs demək və bilik ötürməkdən ibarət deyil. O hesab edir ki, müəllim uşağın şəxsiyyət kimi formalaşmasında da mühüm rol oynayır.
Gənc müəllimin sözlərinə görə, bu məktəbdə çalışması onun üçün həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən qurulmasının bir parçası olmaq deməkdir. O deyir ki, burada müəllim kimi çalışmaq insanda xüsusi duyğular yaradır. Məktəbdə dərs demək, uşaqlarla ünsiyyətdə olmaq və onların gələcəyə dair arzularını dinləmək onun üçün bu torpaqlarda həyatın bərpasını gündəlik olaraq hiss etməkdir.
Ağdərədə müəllim kimi yeni başlanğıc
Söhbətləşdiyimiz digər müəllim Xıdır Hüseynov ali təhsilini Mingəçevir Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edən Xıdır Hüseynov 80 bal toplayıb. O, Ağdərə rayonunun Həsənriz kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimidir.
Gənc müəllim üçün işğaldan azad edilmiş ərazidə fəaliyyətə başlamaq həm yeni bir peşəkar mərhələ, həm də xüsusi mənəvi əhəmiyyət daşıyan hadisədir. O, burada müəllim kimi çalışmağın şərəfli olduğu qədər məsuliyyətli olduğunu vurğulayır: “Burada fəaliyyət göstərmək çox xoşdur. Yeni insanlarla tanışlıq və bu tanışlığın işğaldan azad edilmiş ərazimizdə baş verməsi məni çox sevindirir”.
Xıdır Hüseynov qeyd edir ki, tarix müəllimi olaraq onun üçün bu məktəbdə dərs deməyin ayrıca mənası da var. O, tarix fənninin tədrisi zamanı şagirdlərə keçmişimizi öyrətməklə yanaşı, tarixi hadisələrə düzgün yanaşma, milli yaddaşın qorunması və gələcəyə baxış baxımından da öz töhfəsini verməyə çalışır.
Gənc müəllim söyləyir ki, Ağdərədə müəllim kimi fəaliyyət göstərmək bir tərəfdən yeni bir həyat və iş mühitinə uyğunlaşmaq, digər tərəfdən isə doğma torpaqlara qayıdış prosesinin bir hissəsi olmaq baxımından əlamətdardır.
Xankəndidə fəaliyyət göstərmək gələcəyə daha böyük ümidlə baxmağa imkan verir
Əslən Xocalıdan olan Nihat Nağıyev ilk pedaqoji fəaliyyətinə Xankəndi şəhərində, Nizami Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində başlayıb. Bakı Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirən gənc müəllim üçün pedaqoji fəaliyyətinin ilk ilini məhz Xankəndidə keçirməsi xüsusi məna daşıyır.
Şagirdlərə doğma torpaqlarda dərs demək, onlara xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini öyrətmək onun üçün həm sevinc və qürur, həm də böyük məsuliyyətdir: “Qarabağda yaşamaq, müəllim kimi fəaliyyətə başlamaq, şagirdlərə bilik vermək, onlarda vətənpərvərlik hissləri formalaşdırmaq mənim üçün böyük qürurdur”.
Gənc müəllim doğma yurdunun tarixinin və keçmişinin onun üçün hər zaman xüsusi əhəmiyyət daşıdığını bildirir. Xocalıdan olan bir gənc kimi yaşanmış hadisələrin onun həyatında xüsusi yeri olduğunu deyən Nihat Nağıyev bu gün həmin torpaqlarda tarix müəllimi kimi fəaliyyət göstərməsini uğurlu başlanğıc hesab edir: “Doğma yurdumun tarixi, keçmişi və yaşadığımız hadisələr mənim üçün hər zaman böyük məna kəsb edib”.
Nihat Nağıyev deyir ki, sinif otağına hər daxil olduqda müəllim kimi üzərinə düşən vəzifənin yalnız dərs keçməkdən ibarət olmadığını daha aydın hiss edir. Onun fikrincə, müəllim şagirdlərinə bilik verməklə yanaşı, onların dünyagörüşünün formalaşmasına, gələcəyə inamla baxmasına və öz potensiallarını ortaya qoymasına da dəstək olmalıdır.
Gənc müəllim üçün ilk pedaqoji fəaliyyətə Xankəndidə başlaması həm də zəngin təcrübə qazandıran bir mərhələdir. O, burada çalışdığı müddətdə həmkarlarından gördüyü dəstəyi, şagirdlərinin səmimiyyətini və kollektivdəki münasibətləri xüsusi dəyərləndirir: “Bu məktəbdə qazandığım təcrübə, həmkarlarımdan gördüyüm dəstək və şagirdlərimin səmimiyyəti mənim üçün əvəzsizdir”.
“Hər səhər Ağalı məktəbində Dövlət Himnini səsləndirmək qürurvericidir”
Xeyransa Aslanzadə ilk pedaqoji fəaliyyətinə Zəngilan rayonunun Ağalı kənd tam orta ümumtəhsil məktəbində informatika müəllimi kimi başlayıb. O, Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Xeyransa müəllim ali təhsilini Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə alıb.
Gənc müəllim üçün pedaqoji fəaliyyətə məhz işğaldan azad edilmiş ərazidə başlamaq həm peşəkar, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Xeyransa müəllim burada fəaliyyətini Vətənə xidmətin formalarından biri kimi dəyərləndirir. “Vətənimin hər qarış torpağı mənim üçün müqəddəsdir. İşğaldan azad edilmiş ərazilərimizin isə qəlbimdə xüsusi yeri var. Çünki 30 ildən artıq müddətdə bu torpaqların həsrəti ilə yaşamış, doğma yurdlarımızın işğal altında olması ağrısını qəlbimizdə daşımışıq. Bu gün həmin torpaqlarda həyatın yenidən canlanmasının, məktəblərin fəaliyyət göstərməsinin və uşaqların doğma yurdlarında təhsil almasının şahidi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Hər səhər şagirdlərlə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmək qürurvericidir”.
İnformatika müəllimi kimi Xeyransa Aslanzadə şagirdlərinin yalnız fənn üzrə biliklərə yiyələnməsini deyil, onlarda müasir dövrün tələblərinə uyğun bacarıqların formalaşdırılmasını da vacib hesab edir. Onun fikrincə, şagirdlərə müasir texnologiyalardan düzgün və səmərəli istifadə etməyi öyrətməklə yanaşı, onların məntiqi və yaradıcı düşünmə qabiliyyətlərinin inkişafına da diqqət yetirmək lazımdır. O, şagirdləri qarşılaşdıqları problemlərin həlli yollarını müstəqil şəkildə axtarmağa və öyrənməyə təşviq etməyə çalışır: “Bu təhsil ocağı müəllimlik fəaliyyətinə başladığım və Vətənə xidmət hissini öz peşəmlə birləşdirdiyim xüsusi bir məkandır. İnanıram ki, bu torpaqlarda böyüyən və təhsil alan şagirdlər gələcəkdə öz bilikləri, bacarıqları və fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklər”.
Sus məktəbində ilk müəllimlik təcrübəsi
İşğaldan azad olunmuş ərazilərimizdə təhsil prosesinin davamlı şəkildə təşkilində iştirak edən digər gənc müəllim Anar Muxtarovdur. Əslən Ağcabədidən olan Anar hazırda Laçın rayonunun Sus kənd tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir.
Müəllimlik fəaliyyətinə yeni başlayan Anar Muxtarov üçün ilk pedaqoji təcrübəsini məhz işğaldan azad olunmuş ərazidə qazanmaq dərin anlam ifadə edir.
Fiziki tərbiyə müəllimi kimi Anar şagirdlərin sağlam və fəal həyat tərzinə alışmasının vacibliyini xüsusi vurğulayır. Onun fikrincə, fiziki tərbiyə dərsi yalnız müxtəlif idman hərəkətlərinin öyrədilməsi ilə məhdudlaşmamalı, uşaqlarda sağlam həyat tərzinə maraq yaratmalıdır. Eyni zamanda, idman şagirdlərdə intizam, məsuliyyət, dözümlülük, komanda ilə işləmək və qarşılıqlı hörmət kimi keyfiyyətlərin formalaşmasına da kömək edir.
Gənc müəllim dərs zamanı şagirdlərin imkan və maraqlarını nəzərə almağa, onların fiziki aktivliyə həvəsləndirməyə çalışır. O hesab edir ki, hər bir şagirdin idmana münasibəti və fiziki imkanları fərqli ola bilər. Buna görə də əsas məqsəd uşaqları bir-biri ilə müqayisə etmək deyil, onları hərəkətli olmağa, öz üzərlərində işləməyə və sağlam həyat tərzi sürməyə təşviq etməkdir.
Anar müəllim kollektivdə gördüyü münasibətdən də məmnunluğunu ifadə edir və həmkarlarının dəstəyini xüsusi dəyərləndirir: “Kollektivimizi gördükdən sonra başa düşdüm ki, onlar mənim üçün sadəcə iş yoldaşları deyil, bir ailədir”.
Həmkarlarına bayram arzuları
Söhbətləşdiyimiz təhsil işçilərinin hər biri üçün müəllimlik yalnız bilik öyrətmək deyil, həm də şagirdlərin gələcəyinə toxunmaq, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına töhfə verməkdir.
Sonda gənc müəllimlər fürsətdən istifadə edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün həmkarlarına möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar, səbir və tükənməz enerji arzuladılar.




