Rektor: Qarabağ elmi-intellektual mərkəz kimi mövqeyini gücləndirir

24 İyul, 2026 - 09:56
Rektor: Qarabağ elmi-intellektual mərkəz kimi mövqeyini gücləndirir

“Şuşada müxtəlif ölkələrin alim və tədqiqatçılarının iştirakı ilə IV Beynəlxalq Elmi Araşdırmalar Konqresinin keçirilməsi Qarabağın yalnız tarixi və mədəni deyil, həm də elmi-intellektual mərkəz kimi mövqeyinin güclənməsinə xidmət edir”.

Bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, 23–25 iyul tarixlərini əhatə edən IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi xarici universitet və elmi-tədqiqat institutlarının nümayəndələrinin Şuşada bir araya gəlməsinə, bölgənin inkişafı ilə bağlı məsələlərin beynəlxalq elmi müstəvidə müzakirəsinə imkan yaradır.

Onun sözlərinə görə, konqres çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, enerji, turizm, süni intellekt və insan kapitalı kimi istiqamətlər üzrə təqdim olunan tədqiqatlar regionun gələcək inkişafına dair yeni elmi yanaşmaların formalaşdırılmasına töhfə verə bilər:

“Dünyanın müxtəlif ölkələrindən olan alimlərin Şuşaya gələrək elmi nəticələrini təqdim etməsi Qarabağda aparılan quruculuq və inkişaf proseslərinin beynəlxalq akademik ictimaiyyətə çatdırılmasına da töhfə verir. Məqsədimiz IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi çərçivəsində qurulan əlaqələrin yalnız məruzələrlə yekunlaşmaması, yeni elmi layihələrə, birgə nəşrlərə və davamlı universitet əməkdaşlıqlarına çevrilməsidir”.

Rektorun fikrincə, bu kimi beynəlxalq elmi konqreslərin Şuşada davamlı təşkili şəhərin regional və qlobal elmi dialoqun mühüm ünvanlarından birinə çevrilməsinə şərait yaradacaq.