Dünən komandanın kapitanı idi, bu gün yeni kapitanlar yetişdirir – Uğur hekayəsi

20 Oktyabr, 2026 - 15:38
Dünən komandanın kapitanı idi, bu gün yeni kapitanlar yetişdirir

Robototexnika öyrənməyə məktəbin 10-cu sinfində başlayan Həmid Məmmədli ilk yarışlarından birinciliklə ayrıldı. Sonra qurduğu komanda ilə qazandığı təcrübəni Türkiyədə İstanbul Texniki Universitetinin sualtı robotlar üzərində çalışan mühəndislik komandasına daşıdı. Bu gün isə həm beynəlxalq yarışlarda mübarizə aparır, həm də vaxtilə özünün qurduğu komandada yeni nəsil robototexnika həvəskarlarına mentorluq edir. Həmid üçün elektronika və robototexnika marağı illər ərzində həm peşəkar fəaliyyətə, həm də başqalarına təcrübə qazandırmaq imkanına çevrilib.

Həmid Məmmədlinin robototexnikaya marağı məktəb illərində yaransa da, bu sahədə ciddi fəaliyyətə başlaması 10-cu sinfə təsadüf edir. Həmin vaxt qurduğu “QuadRuple” komandası ilə müxtəlif yarışlara qatılan Həmid həm komandanın kapitanı, həm də texniki işlərin iştirakçısı kimi təcrübə toplayırdı: “11 illik təhsilimi Azərbaycanda qızıl nişanla başa vuraraq İstanbul Texniki Universitetinin “Elektronika və rabitə mühəndisliyi” ixtisasına 100 faiz təqaüdlə qəbul oldum. Mühəndisliyə və robototexnikaya marağım məktəb illərində yaransa da, bu sahədə ciddi fəaliyyətimə 10-cu sinifdən başladım. Həmin dövrdən etibarən qurucusu və kapitanı olduğum “QuadRuple” komandası ilə müxtəlif robototexnika yarışlarında iştirak edərək əhəmiyyətli nəticələr əldə etdim”, – deyə Həmid bildirir.

Üç yarış, üç birincilik

Komandanın ilk mühüm nəticələrindən biri 2023-cü ildə “STEAM Azerbaijan” Festivalı çərçivəsində keçirilən “Boat-Racing” yarışında qeydə alınıb. “QuadRuple” ilk dəfə təşkil olunan bu yarışında birinci yerə layiq görülüb və münsiflər heyətinin mükafatını qazanıb. Bu nəticə komandanın növbəti yarışlarda da özünü göstərməsi üçün başlanğıc olub.

2024-cü il Həmid və komanda yoldaşları üçün daha bir əlamətdar mərhələ idi. Onlar TEKNOFEST-in “İnsansız Sualtı Sistemləri” yarışmasının “Təməl” kateqoriyasında birincilik qazandılar. Bununla yanaşı, “En özgün tasarım” mükafatına layiq görüldülər. Komanda bu nəticə ilə yarışmanın doqquzillik tarixində həmin kateqoriyada finala yüksələn ilk Azərbaycan komandası olub: “Elə həmin il “QuadRuple” komandası olaraq “Sabahın alimləri XIV” müsabiqəsində də iştirak etdik. Robototexnika və süni intellekt kateqoriyası üzrə yarış müsabiqədə ilk dəfə keçirilirdi və orada da birinci yeri tutduq. Beləliklə, 10-cu sinifdən başlayaraq iştirak etdiyim üç əsas yarışın hər birini birinciliklə başa vurmuşam”.

Həmidin məktəb illərindəki fəaliyyəti yalnız yarışlarda iştirak və mükafatlarla məhdudlaşmırdı. O, məktəbi bitirməzdən əvvəl Azərbaycanda ilk dəfə təşkil olunan “Azerbaijan ROV Challenge” (AROVC) çempionatında koordinator, “Boat-Racing” çempionatında isə hakim kimi çalışıb. Bu vəzifələr ona yarışların təşkili, texniki qiymətləndirmə və komanda koordinasiyası sahələrində də təcrübə qazandırıb.

Məktəb komandasından universitetin mühəndislik layihələrinə

Məktəbi qızıl nişanla bitirən Həmid “Türkiyə Təqaüdləri” proqramı çərçivəsində tam təqaüd qazanaraq İstanbul Texniki Universitetinin “Elektronika və rabitə mühəndisliyi” ixtisasına qəbul olub. Türkiyədə təhsilini davam etdirərkən robototexnika sahəsindəki fəaliyyətini də yeni səviyyəyə daşıma imkanı əldə edib: “Universitetdə təhsilimi davam etdirməklə yanaşı, İTU AUV komandasının elektronika komandasının üzvü kimi avtonom sualtı robotların hazırlanması və elektronika sistemlərinin inkişafı üzərində çalışıram. Komanda ilə birlikdə beynəlxalq yarışlarda da uğurlar əldə etmişik. 2026-cı ildə Norveçdə keçirilən “TAC Challenge” yarışında “Autonomy Award” mükafatını, ABŞ-də keçirilən “RoboSub” yarışında dünya ikinciliyini qazandıq”.
Müsahibimizin İTU AUV ilə fəaliyyəti bununla da yekunlaşmır. Komanda TEKNOFEST 2026-nın “İnsansız Sualtı Sistemləri” yarışmasında “İrəli” və “Ulduzlar” kateqoriyalarında finala yüksəlib. Eyni zamanda, “İrəli” kateqoriyasında birincilik və “En Özgün Yazılım” mükafatının da əldə ediblər.

Qurduğu komandaya bu dəfə mentorluq edir

Həmidin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də məktəb illərində qurduğu “QuadRuple” komandası ilə əlaqəsini davam etdirməsidir. Hazırda o, komandanın elektronika mentoru kimi yeni iştirakçıların hazırlanmasına dəstək verir. Bir vaxtlar kapitanı olduğu komandada qazandığı təcrübəni indi başqaları ilə bölüşür.

Mentorluq etdiyi komanda da beynəlxalq yarışlarda nəticə göstərib. “QuadRuple” Misirdə keçirilən MATE ROV 2026 yarışında dördüncü yerə layiq görülüb. Beləliklə, Həmidin məktəb illərində başlatdığı komanda fəaliyyəti onun universitet təhsili ilə paralel olaraq davam edir.

Həmidin fəaliyyəti mühəndislik və mentorluqla da məhdudlaşmır. O, İTU üzrə ASAP nümayəndəsi, İstanbul Texniki Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Klubunun (İTÜ ADKK) qurucusu və sədri kimi də çalışır. Bu fəaliyyətlər çərçivəsində həm robototexnika sahəsində yeni iştirakçıların yetişdirilməsinə, həm beynəlxalq mühəndislik layihələrinə, həm də Azərbaycan dilinin və mədəniyyətinin universitetdə tanıdılmasına töhfə verməyə çalışır: “Əsas məqsədim elektronika, idarəetmə sistemləri və avtonom robototexnika sahələrində biliklərimi daha da dərinləşdirmək, beynəlxalq səviyyəli texniki layihələrdə iştirak etmək və əldə etdiyim təcrübəni gələcək mühəndislərlə bölüşməkdir”.

Məktəbdə qurduğu “QuadRuple” komandası ilə yarışlara qatılan Həmid bu gün bir tərəfdən universitetdə sualtı robotların hazırlanması üzərində işləyir, digər tərəfdən isə yeni robototexnika iştirakçılarının yetişməsinə kömək edir. Onun qarşısında indi həm yeni texniki layihələr, həm də yetişməsinə dəstək ola biləcəyi gənc mühəndislər var.