"Hər yeni təcrübə gələcək üçün atılan bir addımdır” - Səddanın uğur hekayəsi
Hər bir uğur hekayəsinin arxasında böyük zəhmət, ardıcıl inkişaf, məqsədyönlülük və özünə inam dayanır. Bəzən bir gəncin tələbəlik illərində atdığı kiçik addımlar gələcəkdə onun peşəkar fəaliyyətinin, ictimai mövqeyinin və həyat fəlsəfəsinin əsasını təşkil edir. Səddan Səfərovun həyat və fəaliyyət yolu da məhz bu baxımdan diqqətəlayiqdir. Tələbəlik illərindən başlayaraq təhsil, könüllülük, liderlik, beynəlxalq əməkdaşlıq, sənaye, elmi araşdırma və maarifləndirmə istiqamətlərində fəallıq göstərən gəncimiz bu gün qazandığı təcrübəni gənclərlə bölüşməyi əsas məqsədlərindən biri hesab edir.
“Azərbaycan müəllimi” qəzeti kollec tələbəsindən universitetin fəxri məzununa, beynəlxalq proqramların iştirakçısından sənaye müəssisəsində rəhbər vəzifəyə, təlimçidən müəllifə və elmi araşdırmaçıya qədər uzanan bir yol qət edən gənci oxucularına təqdim edir.
Uğur yolunun başlanğıcı
Onun uğur yolunun başlanğıcı Xaçmaz rayonunun Xudat şəhərindən başlayır. Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin məzunu olan Səddan Səfərov orta təhsilini başa vurduqdan sonra 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub. Burada “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alaraq 2020-ci ildə kolleci əla qiymətlərlə bitirib və fəxri məzun adına layiq görülüb. Təhsilində əldə etdiyi yüksək nəticələr ona növbəti mərhələyə imtahansız keçid imkanı qazandırıb. Beləliklə, 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin (SDU) “Kimya mühəndisliyi” ixtisasına qəbul olunaraq ali təhsil həyatına başlayıb.
Pandemiya dövründə belə dayanmayan inkişaf
Səddan Səfərovun universitet illəri dünyanı əhatə edən pandemiya dövrünə təsadüf edib. Tədrisin distant formada təşkil olunması tələbəlik həyatının ənənəvi axarını dəyişsə də, o, bu şəraiti inkişafına maneə deyil, yeni imkanlar qazanmaq üçün fürsət kimi dəyərləndirib. Onun sözlərinə görə, həm kollec, həm də universitet illəri onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Bu illərdə yeni insanlarla tanış olub, dostluqlar qurub, fərqli bilik və bacarıqlar əldə edib, ən əsası isə öz potensialını daha yaxından tanımaq imkanı qazanıb. Tələbəlik dövründə yalnız auditoriya ilə kifayətlənməyib: “SDU-da təhsil aldığım dönəmdə həm universitetdaxili, həm də universitetdənkənar fəaliyyətlərə qoşularaq özümü müxtəlif istiqamətlərdə sınayırdım. İctimai həyata ilk addımlarımdan biri Sumqayıt şəhərində yerləşən 1 saylı “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətim olub. Burada “Master 1” və “Master 2” mərhələlərini uğurla tamamlayaraq İnsan Resursları (HR) istiqamətində üç aylıq təcrübə keçdim. Daha sonra Sumqayıtda fəaliyyət göstərən təşkilatların birində üç aylıq proqramda könüllü kimi iştirak etdim. Bir sıra xarici şirkətlərdə də könüllülük fəaliyyətim fərqli iş mühitlərini tanımağıma, ünsiyyət bacarıqlarımı və xarici dil biliklərimi təkmilləşdirməyə müsbət təsir göstərdi”.
Universitet daxilində də fəal tələbələrdən biri olan Səddan qrup nümayəndəsi kimi fəaliyyət göstərib. Bu məsuliyyət ona liderlik, komanda idarəçiliyi, təşkilatçılıq və insanlarla düzgün ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb. Onun tələbəlik fəaliyyətində ən əlamətdar mərhələlərdən biri 2023-cü ildə yaşanıb. Həmin il Sumqayıt Dövlət Universiteti ilə SOCAR arasında ilk memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində seçilən tələbələrdən biri də S.Səfərov olub. O, SOCAR “Yay Təcrübə Proqramı”nın qaliblərindən biri kimi Heydər Əliyev adına Neft Emalı Zavoduna, SOCAR-ın Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim” neft-kimya kompleksi və “Star” Neft Emalı Zavoduna ezam edilib. Təcrübə proqramında SƏTƏM üzrə istehsalat təcrübəsi keçib. Azərbaycanda isə “SOCAR Downstream” istiqamətində keyfiyyət və proses təhlükəsizliyi sahələri üzrə təcrübə keçib. Bu təcrübə onun gələcək peşəkar fəaliyyətində mühüm rol oynayıb. Sənaye müəssisələrinin iş prinsiplərini, istehsalat proseslərində keyfiyyətə nəzarəti və təhlükəsizlik standartlarının tətbiqini yaxından müşahidə etmək ona nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək imkanı verib. Proqram başa çatdıqdan sonra iştirakçılar qazandıqları təcrübələri universitet ictimaiyyəti ilə bölüşüblər. Səddan Səfərov həm universitet rəhbərliyinin, həm də SOCAR nümayəndələrinin göstərdiyi diqqət və dəstəyi xüsusi vurğulayır.
“İlin tələbəsi” və layihə sahəsində ilk böyük nailiyyətlər
2023-cü il çalışqan tələbə üçün yalnız beynəlxalq təcrübə baxımından deyil, akademik və ictimai nailiyyətlər baxımından da yaddaqalan olub. O, həmin ildə Sumqayıt Dövlət Universitetində “İlin tələbəsi” adına layiq görülüb. Eyni zamanda, K.F.Boqatıx adına “Proseslər və aparatlar kimyası texnologiyası” üzrə VI Beynəlxalq tələbələrarası olimpiada da iştirakına görə diploma layiq görülüb: “Həmin il universitetimiz tələbələrin sahibkarlıq ideyaları vasitəsilə sosial problemlərin həllinə töhfə verməsini hədəfləyən “Enactus Azərbaycan” milli yarışında iştirak edirdi. Qrup rəhbərimiz Şəfa İsayevanın rəhbərliyi ilə hazırladığımız layihə komandamız tərəfindən yarışda uğurla təqdim olundu və biz II yerə layiq görüldük. Bu nailiyyət mənə layihələrin hazırlanması, ideyaların reallaşdırılması və sosial təşəbbüslərin inkişafı istiqamətində xüsusi maraq yaratdı”.
Səddan Səfərov sonrakı fəaliyyətində də gənclər siyasəti və ictimai təşəbbüslərlə bağlı layihələrdə iştirak edib. Onun sözlərinə görə, iki dəfə respublika üzrə seçilən 120 gənc arasında yer alması və “İdeyanı reallaşdır” kimi təşəbbüslər çərçivəsində layihələr təqdim etməsi bu sahədə təcrübəsinin genişlənməsinə imkan yaradıb. O, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən yarışlarda da iştirak edərək öz ideyalarını təqdim etmək fürsəti qazanıb.
Kimya mühəndisliyindən informasiya texnologiyalarına
Səddan Səfərovun inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri müxtəlif sahələr üzrə bilik və bacarıqlar əldə etməyə çalışmasıdır. Universitetin sonuncu kursunda təhsil aldığı müddətdə tələbə “Code Academy” tərəfindən təşkil olunan ödənişsiz təhsil proqramına müraciət edib. İngilis dili, məntiq və digər istiqamətlər üzrə imtahanlardan uğurla keçərək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə akademiyada təhsil almaq imkanı qazanıb. Proqramı uğurla başa vuraraq İT mütəxəssisi istiqaməti üzrə diplomla təltif olunub.
Sumqayıt Dövlət Universitetini 2024-cü ildə fərqlənmə diplomu ilə bitirən gənc universitetdəki fəallığına və əldə etdiyi nailiyyətlərə görə “Fəxri məzun” adına layiq görülüb. Beləliklə, onun tələbəlik illərində formalaşan zəngin təcrübəsi yeni həyat mərhələsinə keçid üçün möhkəm zəmin yaradıb.
Türkiyədə magistratura və Türk dünyasında beynəlxalq fəaliyyət
Ali təhsilini başa vurduqdan sonra Səddan Səfərov həm peşəkar fəaliyyətə başlamaq, həm də akademik inkişafını davam etdirmək qərarına gəlib. O,Türkiyənin Gümüşhane Universitetində “Siyasi elmlər və dövlət idarəçiliyi” ixtisası üzrə magistratura təhsili alıb. Səddan söyləyir ki, Türkiyədə olduğu müddətdə müxtəlif elmi, ictimai və beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycanı təmsil edib, Türk dünyasının gəncləri ilə əlaqələr qurmaq və ortaq dəyərlərin təbliğinə töhfə vermək istiqamətində fəaliyyət göstərib: “2024-cü ildə “Türk dünyası rəqəmsal vətəndaşlığı” mövzusu üzrə altı aylıq proqramda iştirak edərək imtahan mərhələsini uğurla keçdim və qaliblərdən biri oldum. Bu uğur mənə Çanaqqalada bir həftəlik təhsil proqramında iştirak etmək imkanı qazandırdı. Bununla yanaşı, IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsinə, eləcə də Türk dünyasına həsr olunan müxtəlif beynəlxalq tədbirlərə iştirakçı, məruzəçi və spiker qismində qatıldım. Bu fəaliyyətlər mənim üçün yalnız şəxsi inkişaf vasitəsi deyil, həm də Azərbaycanla digər türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır. Türk dünyasında mədəni, elmi və ictimai əməkdaşlığın genişlənməsini gələcək fəaliyyətimin vacib istiqamətlərindən biri hesab edirəm”.
Gənclər üçün təlimlər və maarifləndirmə
Səddan Səfərovun fəaliyyətində diqqətçəkən məqamlardan biri də qazandığı bilikləri başqalarına ötürmək istəyidir. O, zaman keçdikcə yalnız öyrənməyin deyil, öyrətməyin də insanın inkişafında mühüm yer tutduğunu anlayıb. Bu məqsədlə müxtəlif qeyri-hökumət təşkilatlarında və dövlət qurumlarında əyani və onlayn formatda təlimlər keçirməyə başlayıb. Onun təlim mövzuları əsasən gənclərin şəxsi və peşəkar inkişafına, əmək bazarına hazırlanmasına və sənaye təhlükəsizliyinə yönəlib: “CV hazırlanması, motivasiya məktubunun yazılması, şəxsi inkişaf, keyfiyyətin idarə olunması, əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi bu istiqamətlər sırasındadır. Beynəlxalq ISO standartları üzrə əldə etdiyim çoxsaylı sertifikatlar peşəkar biliklərimin inkişafında mühüm rol oynayır. Mənim yanaşmama görə, gənclərə yalnız nəzəri məlumat vermək kifayət deyil. Onlara real iş mühitindən nümunələr göstərmək, qarşılaşa biləcəkləri çətinlikləri izah etmək və düzgün istiqamət seçməkdə kömək etmək lazımdır”.
Qəhrəmanımızın əmək fəaliyyəti də ardıcıl inkişaf və təcrübə toplamaq prinsipi üzərində qurulub. Hazırda respublikanın holdinqlərindən birində əməyin təhlükəsizliyi üzrə direktor vəzifəsində çalışan Səddan Səfərov əlavə olaraq başqa bir şirkətdə SƏTƏM üzrə mühəndis kimi də fəaliyyət göstərir.
Elmi maraqlarının əsas istiqamətlərindən biri sənaye ilə təhsil arasında inteqrasiyadır
Səddan Səfərovun maarifləndirmə fəaliyyətinin mühüm nəticələrindən biri də müəllif kimi ortaya qoyduğu təşəbbüsdür. O, “Keyfiyyət zirvəsinə doğru” adlı maarifləndirici tədbirin təşkilində iştirak edib və həmin tədbirin spikerlərindən biri olub. Tədbir çərçivəsində eyniadlı kitabının təqdimatı da keçirilib: “Elmi-praktiki vəsait xarakteri daşıyan kitab keyfiyyət və təhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyənlər üçün bələdçi rolunu oynayır. Nəşrdə mənim şəxsi təcrübəm ilə yanaşı, uzun illər sənayedə çalışan mütəxəssislərin bilikləri, müsahibələri və praktiki yanaşmaları da yer alıb”.
Həmsöhbətimin fəaliyyətində təhsil və elmi araşdırmalar xüsusi yer tutur. O, Gümüşhane Universitetində dövlət idarəçiliyi istiqaməti üzrə doktorantura təhsili almağı hədəfləyir. Onun elmi maraqlarının əsas istiqamətlərindən biri sənaye ilə təhsil arasında inteqrasiyanın gücləndirilməsidir. “Sənayenin təhsilə, təhsilin sənayeyə inteqrasiyası” mövzusunda araşdırmalar aparan gəncin məqalələri Danimarka, Qazaxıstan və Qırğızıstanda nəşr olunan nüfuzlu elmi jurnallarda dərc edilib. Bu tədqiqatların əsas ideyası təhsil müəssisələrində verilən nəzəri biliklərin real sənaye ehtiyacları ilə uzlaşdırılması, gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olması və universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsidir. O, bu istiqamətdə SDU ilə əlaqələrini də davam etdirir, universitet və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə çalışır.
Gənclərə dəstək
S.Səfərovun ictimai fəaliyyətində gənclərin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi mühüm yer tutur. O, gənclərin düzgün istiqamətləndirilməsini, onların təhsil, məşğulluq, liderlik və şəxsi inkişaf imkanlarından səmərəli istifadə etməsini cəmiyyətin gələcəyi baxımından vacib hesab edir. Səddan Səfərov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkənin inkişaf strategiyası və gənclərin ictimai həyatda fəallığının artırılması məsələlərinə xüsusi önəm verir.
Cəmiyyətdə gənclərin ictimai-siyasi və sosial proseslərdə iştirakını qiymətləndirən müsahibim deyir ki, bu gün Azərbaycanda istər təhsil, istər könüllülük, istərsə də müxtəlif layihələrdə iştirak baxımından gənclərə şərait və imkanlar yaradılırƏsas məsələ bu imkanlardan düzgün istifadə etməkdir: “Müxtəlif təşkilatlarda, sosial layihələrdə, könüllülük fəaliyyətlərində iştirak edən gənclərimiz çoxdur. Həmişə düşünmüşəm ki, gənc yalnız ona verilən imkandan istifadə etməməli, özü də bir təşəbbüs ortaya qoymağı bacarmalıdır. Hər yeni təcrübə gələcək uğurlar üçün atılan bir addımdır”.




