656 bal topladı, ali təhsil üçün Lənkəranı seçdi  

31 Avqust, 2026 - 14:27
656 bal topladı, ali təhsil üçün Lənkəranı seçdi  

Lənkəran rayonu İstisu qəsəbə 1 nömrəli tam orta məktəbinin məzunu Ofeliya Məhərrəmova ali məktəblərə qəbul imtahanlarında 656 bal toplayaraq Lənkəran Dövlət Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına qəbul olub. Ofeliya Məhərrəmova “Azərbaycan müəllimi”nə müsahibəsində yüksək nəticəyə aparan hazırlıq prosesindən, müəllimlik peşəsinə marağından,Lənkəran Dövlət Universitetini seçməsinin səbəblərindən və gələcək hədəflərindən danışıb.

656 ballıq nəticənin onun üçün təsadüfi olmadığını deyən Ofeliya bu uğurun uzunmüddətli və sistemli əməyin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, hazırlıq prosesində əsas diqqətini planlı çalışmağa və zəif tərəflərini müəyyənləşdirərək üzərində işləməyə yönəldib:“ Hər fənn üzrə zəif tərəflərimi müəyyənləşdirir, çatışmazlıqlarımı aradan qaldırmağa çalışırdım. Hər gün eyni motivasiyada olmaq mümkün deyil. Amma bu yolda heç vaxt məqsədimi unutmadım və çalışmağa davam etdim. Düşünürəm ki, bu uğurun əsas sirri inamdır”, - deyə tələbə qeyd edib.

“İngilis dili müəllimliyi” ixtisasını seçməsinin səbəblərindən danışan Ofeliya bu dilə marağının kiçik yaşlarından yarandığını deyib. Hazırlıq dövründə müəlliminin onda bu marağı daha da gücləndirdiyini vurğulayıb:“İngilis dilinə lap kiçik yaşlarımdan marağım olub. Hazırlıq vaxtı müəllimim bu dili mənə daha da sevdirdi.İngilis  dilini öyrəndikcə məndə onu öyrənməyə çalışan insanlara faydalı olmaq fikri formalaşmağa başladı. Bu səbəbdən məhz “İngilis dili müəllimliyi” ixtisasını seçdim”.

Yüksək bal toplamasına baxmayaraq, onun Bakı və digər şəhərlərdəki ali təhsil müəssisələri əvəzinə Lənkəran Dövlət Universitetini seçməsi də diqqət çəkir. Ofeliya bildirib ki, universitet seçimində yalnız topladığı bala deyil, gələcəkdə özünü görmək istədiyi sahəyə və şəxsi inkişaf imkanlarına üstünlük verib: “İxtisas seçimində təkcə balıma və yaşadığım yerə uyğun universiteti deyil, gələcəkdə özümü hansı sahədə daha uğurlu görə biləcəyimi düşündüm. Seçdiyim ixtisas maraqlarıma uyğun idi. Lənkəran Dövlət Universitetini isə ailəmə yaxın olmaqla yanaşı, universitet illərində özümü müstəqil inkişaf etdirmək üçün doğru seçim hesab edirəm”.

Ofeliya qəbul imtahanlarına hazırlıq dövründə ailəsinin, xüsusilə bacısının dəstəyinin onun üçün əhəmiyyətli olduğunu bildirib:“Hazırlıq müddətində ən böyük çətinlik yorğunluq və stres idi. Xüsusilə eyni tempdə çalışmaq və həm fiziki, həm də psixoloji olaraq bu prosesə davam gətirmək çətin idi. Bəzən motivasiyam azalırdı. Belə anlarda əsasən bacımın mənə dəstəyi çox oldu. O, hər zaman mənə məqsədimi xatırladırdı. Təbii ki, hər zaman mükəmməl nəticə əldə etmək mümkün olmur, amma planlı şəkildə çalışmaq bu çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Düşünürəm ki, nəticəm bütün çətinliklərə dəydi”.
Nəticələrin elan olunduğu anı da unutmayan Ofeliya həmin gün sevinc hissi ilə yanaşı, böyük qürur hissi yaşadığını söyləyib. Çünki onun fikrincə, 656 rəqəminin arxasında uzunmüddətli zəhmət, yorğunluq, stres və böyük gözləntilər dayanırdı: “Nəticələr açıqlananda sevinclə yanaşı, böyük bir rahatlıq hissi də keçirdim. həmin rəqəmin arxasında uzunmüddətli zəhmət, stres,yorğunluq və gözləntilər dayanırdı”.

Universitet həyatına böyük hədəflərlə başlayan Ofeliya yalnız akademik biliklərlə kifayətlənmək niyyətində deyil. O, ingilis dili bacarıqlarını daha da inkişaf etdirmək, müxtəlif layihələrdə iştirak etmək, yeni təcrübələr qazanmaq və şəxsi inkişafına diqqət yetirmək istəyir:“Universitet illərində yalnız akademik biliklərlə kifayətlənmək istəmirəm. İngilis dili bacarıqlarımı daha yüksək səviyyəyə çatdırmaq, müxtəlif layihələrdə iştirak etmək, yeni təcrübələr qazanmaq və şəxsi inkişafım üzərində çalışmaq istəyirəm. Eyni zamanda gələcəkdə bakalavr təhsilimi başa vurduqdan sonra beynəlxalq təhsil imkanlarını da dəyərləndirmək, xarici ölkələrin nüfuzlu ali məktəblərinin birində magistratura təhsili almaq istəyirəm”.