“Bu layihə məqsədlərimə çatmağım üçün bir fürsətdir” - “Maarifçi” Səlim Səlimov
“Mən təhsili yalnız bilik əldə etmək vasitəsi kimi deyil, insanın və cəmiyyətin inkişafını formalaşdıran əsas mexanizmlərdən biri kimi görürəm”.
IV “Maarifçi” tələbə-məzun proqramının 53 iştirakçısından biri Səlim Səlimov belə deyir. Qarabağ Regional Təhsil İdarəsində təcrübə keçən Səlim “Azərbaycan müəllimi”nə bu proqrama qatılmağının tarixçəsini danışıb: “Hələ III kursda oxuyanda, yəni 2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübəçi olmuşam. Təcrübənin sonunda Elm və Təhsil Nazirliyinin sertifikatları ilə təltif olunduq. Onda nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bizə “Maarifçi” haqqında məlumat verdi. Həmin vaxtdan sonra növbəti hədəfim “Maarifçi” proqramının iştirakçısı olmaq oldu”.
Təhsil sahəsinə marağı iştirak etdiyi təcrübə proqramlarında böyüyüb
Beləliklə, o, “Maarifçi” olmaq üçün elə tələbəlikdən cəhdlərə başlayıb: “IV kursda oxuyanda ilk seçimlərə qatıldım, uğursuz oldu. Hərbi xidmətdə olduğum üçün II və III “Maarifçi” proqramlarının seçim prosesində iştirak etmədim. Amma qayıdan kimi bu istiqamətdə hazırlaşmağa başladım”.
O, müraciət edən 5096 namizəddən ilkin seçim meyarlarına cavab verən 3721 nəfərin sırasına düşüb. Test imtahanlarına dəvət olunan 2300 nəfərdən, bu imtahanda yüksək bal toplayan 881 namizəddən biri olub. Onlayn müsahibə mərhələsində də fərqlənib və aparılan qiymətləndirmələr nəticəsində adını proqram iştirakçısı seçilən 53 namizəd arasında görüb. Hazırda “Maarifçi” tələbə-məzun proqramının iştirakçısı olaraq Qarabağ Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunda təcrübəçi kimi fəaliyyət göstərir: “Tələbə ikən Elm və Təhsil Nazirliyində təşkil edilən müsahibədən uğurla keçərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzində 3 ay təcrübə keçdim. Bu müddət ərzində vətəndaşlarla birbaşa işləmək, müraciətləri dinləmək və təhsil sistemi ilə vətəndaş arasındakı əlaqəni yaxından müşahidə etmək, təhsil sistemini həm vətəndaşlarla iş, həm də insan resurslarının idarə olunması istiqamətində öyrənmək imkanı qazandım. Bu təcrübəni Qarabağda xüsusilə genişləndirdim”.
Beləliklə, təhsil sahəsinə marağı iştirak etdiyi təcrübə proqramlarında formalaşıb: “Təhsillə əlaqəm yalnız diplomla başlamayıb. Universitet illərindən müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək təhsil sistemini addım-addım tanımağa çalışmışam”.
“Təhsil düşünməyi, sual verməyi və problemlərə fərqli tərəfdən baxmağı öyrədib”
Ağdam rayonunun 15 nömrəli tam orta məktəbinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsinin “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunu olub. Bu fəal tələbə yalnız akademik nəticələri ilə öyünməyib, universitetin tələbə həyatında iştirak edib. Tələbə-Gənclər Təşkilatında komanda ilə işləməyi, təşkilatlanmanı, məsuliyyət götürməyi və qərar qəbul etməyi öyrənib.
“Təhsil mənə çox şey verib, düşünməyi, sual verməyi və problemlərə fərqli tərəfdən baxmağı öyrədib”, - deyən gənc “Maarifçi” hədəflərini yüksək tutub: “Təhsil sahəsində inzibati idarəetmə istiqamətində peşəkar olmaq istəyirəm. Gələcəyimlə bağlı qərar verərkən fayda verə, inkişaf edə və gələcəkdəki fürsətləri dəyərləndirə biləcəyim imkanlara üstünlük verirəm”.
Təhsildə öz izi olan biri olmağa çalışacaq
Hədəfi özünü təhsil və dövlət idarəçiliyi sahəsində inkişaf etdirmək, bilik və təcrübəsini artıraraq bu sahədə peşəkar dövlət qulluqçusu olmaqdır: “Mənim üçün “Maarifçi” bu yolun sadəcə bir mərhələsi yox, indiyə qədər qazandığım təcrübələri bir araya gətirib özümü daha peşəkar şəkildə formalaşdırdığım bir layihədir. Bu layihə mənim gələcək hədəf və məqsədlərimə çatmağım üçün elə bir fürsətdir ki, yolun sonunda sadəcə təhsil sistemində çalışan yox, təhsildə öz izini qoyan biri olmağa çalışacağam”.




