Bacılar bir-birinə dayaq olaraq tələbə adını qazandılar
Bir neçə ay əvvələ qədər eyni məktəbdə oxuyur, eyni imtahan həyəcanını bölüşür, çətinlik çəkdikləri mövzularda bir-birlərinə kömək edirdilər. İndi isə əkiz bacılar İnci və İlahə Zamanlı təhsil yollarını eyni universitetdə davam etdirirlər.
Naxçıvan Muxtar Respublikasının Culfa şəhər 3 nömrəli tam orta məktəbinin məzunları olan bacıların hər ikisi yüksək nəticə göstərərək Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olub. 678,6 bal toplayan İnci Zamanlı “Maliyyə”, 616,7 bal toplayan İlahə Zamanlı isə “Biznesin idarə edilməsi” ixtisasına yiyələnir.
“Azərbaycan müəllimi” olaraq əkiz bacılarla imtahana hazırlıq prosesi, bir-birlərinə dəstəkləri, ixtisas seçimi və gələcək planları barədə söhbətləşdik.
“Bu yolda tək olmadığını bilmək ən gözəl hisslərdən biridir”
İnci Zamanlı bildirir ki, onun hazırlıq prosesi əsasən planlı şəkildə keçib. İlk mərhələdə mövzuları yaxşı mənimsəməyə daha çox vaxt ayırıb, imtahana yaxın aylarda isə sınaqlara və buraxdığı səhvlərin təhlilinə üstünlük verib.
O, yüksək nəticənin arxasında davamlı çalışma və vaxtın düzgün idarə edilməsinin dayandığını düşünür: “Əvvəllər daha çox mövzuları başa düşməyə vaxt ayırırdım. Son aylarda isə əsas diqqətimi sınaqlara və səhvlərim üzərində işləməyə yönəltdim. Vaxtımı düzgün bölməyə çalışırdım. Məncə, bu nəticəyə çatmağımda davamlı çalışmağım böyük rol oynadı”.
Hazırlıq dövründə onun əsas üstünlüklərindən biri də eyni prosesi bacısı ilə birlikdə keçməsi olub. İnci qeyd edir ki, yaşıd olmaları və eyni məqsəd uğrunda çalışmaları onların bir-birini daha yaxşı anlamasına imkan verib.
Çətin anlarda bir-birlərinə motivasiya verdiklərini deyən İnci bu dəstəyi hazırlıq dövrünün mühüm hissəsi hesab edir: “Yaşıd olduğumuz üçün bir-birimizi çox yaxşı anlayırdıq. Eyni məqsədə doğru getdiyimizdən çətin anlarda bir-birimizə dayaq olurduq. Açığı, bu yolda tək olmadığını bilmək ən gözəl hisslərdən biridir”.
“Qəbul olduğumu öyrəndiyim an bütün zəhmətimin qarşılığını aldığımı hiss etdim”
İnci üçün hazırlıq dövrünün ən yaddaqalan məqamı BANM-ə qəbul olunduğunu öyrəndiyi an olub. O bildirir ki, bu uğurun arxasında uzunmüddətli və gərgin əmək dayandığından qəbul xəbəri onun üçün xüsusi məna kəsb edib: “Qəbul olduğumu öyrəndiyim an bütün zəhmətimin qarşılığını aldığımı hiss etdim”.
Artıq “Maliyyə” ixtisasının tələbəsi olan İnci qarşıdakı illərdə universitetin yaratdığı imkanlardan maksimum yararlanmağı hədəfləyir. O, yalnız akademik biliklərlə kifayətlənməyib, müxtəlif layihə və fəaliyyətlərə qoşulmaqla özünü fərqli istiqamətlərdə sınamaq niyyətindədir.
Gələcək karyerasını maliyyə sahəsində qurmağı düşünən İncinin sözlərinə görə, əsas məqsədi öz sahəsində güclü bilik və təcrübə qazanmaq, daim inkişaf etmək və gördüyü işlərlə dəyər yaratmaqdır: “Universitet illərində fərqli layihələrdə və fəaliyyətlərdə iştirak edərək özüm üçün daha uyğun istiqaməti müəyyənləşdirmək istəyirəm”.
“Bir-birimizdən öyrənmək bizim üçün böyük şans olub”
İlahə Zamanlının da bacısı kimi hazırlıq dövründə qarşısına qoyduğu əsas hədəf potensialını maksimum bərpa etmək və mümkün qədər yüksək nəticə göstərmək olub. Məktəb illərində yalnız dərslərlə kifayətlənməyən İlahə müxtəlif layihələrdə də fəal iştirak etməyə çalışıb.
Onun fikrincə, yüksək nəticə əldə etmək üçün əsas şərt davamlı və məqsədyönlü çalışmaqdır: “Düşünürəm ki, yüksək nəticə qazanmaq hər bir abituriyentin potensialı daxilindədir. Bunun üçün ən vacib şərt əzmlə və dayanmadan çalışmaqdır”.
İlahə üçün bacısı ilə birlikdə hazırlaşmağın əsas üstünlüyü qarşılıqlı dəstək və birgə öyrənmə imkanı yaradıb. Eyni mövzuları oxuduqları üçün qarşılaşdıqları çətinlikləri birgə həll edə biliblər: “Hansısa mövzuda çətinlik çəkəndə bir-birimizdən öyrənə bilirdik. Bu, bizim üçün böyük şans olub”.
“Gənclərin xaricdə təhsil almasına dəstək olmaq istəyirəm”
İlahənin “Biznesin idarə edilməsi” ixtisasını seçməsi təsadüfi olmayıb. O bildirir ki, biznes və idarəetmə sahəsi uzun müddətdir maraq dairəsindədir və məktəb illərində də bu istiqamətdə müxtəlif layihələrə qoşulub. Buna görə də ixtisas seçimi zamanı məhz öz maraqlarına uyğun qərar verib.
Bakı Ali Neft Məktəbindəki tələbəlik illəri üçün də onun böyük hədəfləri var: “Hazırda ən böyük arzularımdan biri tələbəlik illərində öz üzərimdə daha çox çalışmaq, müasir bilik və bacarıqlar qazanmaq, yeni dillər öyrənmək və beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir”.
Onun uzunmüddətli planları isə yalnız fərdi karyera qurmaqla məhdudlaşmır. İlahə gələcəkdə öz biznesini yaratmaqla yanaşı, gənclərin xaricdə ödənişsiz təhsil və təcrübə imkanlarından yararlanmasına dəstək olmağı planlaşdırır: “Gələcəkdə özümü şəxsi biznesimin rəhbəri kimi görürəm. Ən böyük məqsədlərimdən biri də gənclərin xaricdə ödənişsiz təhsil almasına və təcrübə qazanmasına yardım etməkdir”.
Eyni yoldan fərqli istiqamətlərə
İnci və İlahənin seçdikləri ixtisaslar fərqli olsa da, onları bu uğura gətirən yol ortaqdır. Eyni məktəbdə təhsil alan, eyni hazırlıq dövrünü yaşayan və çətin anlarda bir-birinə dayaq olan əkiz bacılar indi tələbəlik həyatını da eyni ali məktəbdə paylaşırlər.
Biri gələcəyini maliyyə, digəri isə biznes və idarəetmə sahəsində görür. Fərqli sahələrə yönəlsələr də, İnci və İlahəni bu zirvəyə ucaldan ortaq cəhət davamlı əmək, əzmkarlıq və hazırlıq dövründə bir-birinə göstərdikləri sonsuz dəstəkdir.




