“Amerikadan qayıdıb evimizin blokunda düşəndə məni ağlamaq tutdu” - Uğur hekayəsi
Bu dəfə hekayəmizin qəhrəmanı alim olmasa da, 7 elmi məqalənin müəllifidir. 1996-cı ildən mətbuatdadır. 1995-ci ilin sentyabrından İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda işləyir. Adı iqtisadçı yazarlar cameəsində yaxşı tanınır. Adı tanınır, amma üzünü görən olmayıb.
“57 ildir arabada yaşayıram”, - deyən Pərviz Heydərov ömrü mübarizədə keçən, həyatı boyu axına qarşı “üzən”, getdiyi yolda cığır açan insanlardandır: “Mən həyatı iti sürətlə axan çaya bənzədirəm. Əgər özünü o çaya buraxsan, o səni ora-bira çırpa-çırpa əzəcək, yoracaq, axırda da bir kənara atacaq. Çalışmaq lazımdır ki, çayın axınına qarşı üzəsən. Bax, onda nəyəsə nail olacaqsan. Bir də bir şeyi öz üzərimdə sübut etdim ki, fiziki məhdudiyyət insana mane ola bilməz. İnsan özü bir şeyə nail olmaq istəyirsə, bu, mütləq baş verəcək”.
Deyir, bir yolda cığır açmaq üçün öncə öz düşüncələrində ləpir salmalısan. O həyatına ləpirləri ayaqları ilə yox, kitabla qoyub, təhsillə iz salıb. “Yaxşı ki, sağlamlığım olmasa da, təhsilim var”, deyənlərdəndir. Təhsil onun yeriməyən ayaqları, qalxmayan əlləri olub. Məhz təhsillə çox şeyi ilk dəfə edib, bir çox şeyi ondan sonra hələ də edən yoxdur. Bəzi şeyləri bacarması ilə təəccübləndirib. Amma ən böyük uğuru əlli-ayaqlı, sağlamlığı tam yerində olan yüzlərlə insanın bacarmadıqlarını bacarmağındadır.
Bir sözlə, “Azərbaycan müəllimi”ndə öz həyat hekayəsi ilə örnək ola biləcək biri ilə tanış olacaqsınız. Nümunəvi şəxsiyyətə, iradəyə, qətiyyətə sahib iqtisadçı jurnalist Pərviz Heydərovdan bəhs edəcəyik.
Bir zərbə ilə inkişafdan qaldı
Həyata məğlub olmuş kimi başlamayıb, əksinə ailədə ilk övlad olaraq dünyaya gəlib, əziz-xələf olub. Hər yenidoğulan kimi günü-gündən böyüyür, səslərə reaksiya verir, hərəkətləri izləyir, rənglər diqqətini çəkirdi.
İməkləyir, yavaş-yavaş ayaqlarını yerə bərkidib qalxmağa çalışır, hətta çağıranda bir neçə addım atıb çağırışa cavab verməyə çalışırdı. Anası ikinci övladını, onun qardaşını dünyaya gətirməyə hazırlaşanda Pərviz normal inkişaf dönəmindəydi. Balaca Pərviz müvəqqəti olaraq rus dayənin nəzarətinə verilənə qədər hər şey qaydasında görünürdü.
Qardaşı sepsis keçirdiyi üçün anası xəstəxanada onunla qalıb. O qayıdanda Pərviz həmin Pərviz deyildi. Artıq ayaqlarını bərkitmir, heç ayağa qalxmırdı. Arabir əllərini belinə uzadıb anasına nəsə başa salmağa çalışırdı. Onu deyə bilmədiyini sonralar Moskvada, Kiyevdə həkimlər deyiblər: onurğasından zərbə alıb.
Özünü təhsillə inkişaf etdirdi
“48 il anam baxıb mənə. Pandemiyada anamı itirdim. İkimiz də yoluxduq, o bu xəstəlikdən çıxa bilmədi, qəribədir ki, mən o xəstəliyi yendim”, - deyir Pərviz Heydərov. Korona üzərində qələbəsi ona həm də başqa bir gerçəyi göstərib: “48 il elə hesab etmişəm ki, anam olmasa, yaşaya bilmərəm”.
Anasının ölümü ona çox pis təsir edib, elə bilib ki, artıq onun üçün də həyat bitib. Amma qəribə bir şəkildə bu acının da öhdəsindən gəlib. Artıq 6 ildir anası olmadan həyatda qalmağa çalışır.
Həyatın ona qarşı hər oyunundan qalib çıxmağı, hər tələdən yayınmağı bilirsiniz nədəndir? Çünki o, təhsillidir. Özü oxumaq istəyib. “Çox da ki ayağa qalxa bilmirəm, oxuya ki bilərəm” deyib, israr edib, hər gün onu fizioterapiyaya aparan, həkim-həkim dolaşdıran, şəhər-şəhər gəzdirən valideynləri də onun təhsilə olan marağına biganə qalmayıblar. “Oxumaq istəyirsə, oxusun”, - deyiblər, həkimdən də, idmandan da əllərini üzüb təhsilinə diqqət yetiriblər. Yaşıdları birinci sinfə gedəndə onu da məktəbə yazdırıblar.
Məktəb evə gəldi
7 yaşı çatanda valideynləri onun sənədlərini yaxınlıqdakı məktəbə təqdim edib, amma onları düşündürən bir sual vardı. Bu məktəbin müəllimləri gəlib evdə dərs keçəcəklərmi, yoxsa Pərvizin məktəbə aparılmağını tələb edəcəklər? Müəllimlər onların fiziki məhdudiyyətli övladına dərs keçmək üçün əlavə ödəniş tələb edəcəklərmi?
Ancaq tezliklə bu suallar öz əhəmiyyətini itirib. Ailə Pərviz kimi sağlamlığı məktəbə getməyə imkan verməyən uşaqlar üçün yaradılan 219 nömrəli məktəb barədə eşidib. Səbail rayon 219 nömrəli evdə təhsil tam orta məktəbinə qoyublar. Həmin məktəbdən III sinfə kimi bir müəllim, IV sinifdən sonra 7-8 müəllim Pərvizə evdə dərs deyib. İbtidai sinif müəllim Tubu müəllim yaddaşında dərin iz buraxıb. Sevgi münasibəti bəslədiyi rus dili müəllimini də hələ unutmayıb: “Məsuliyyətsiz idi, dərs buraxırdı deyə anam direktora zəng edib müəllimimi dəyişəndə etiraz etdim. Həmin müəllimimdən xoşum gəlirdi, onu dəyişdirməklərini istəmirdim”.
Dəcəllikləri də, bu barədə valideynlərinin xəbər tutacağına görə həyəcanını da unutmayıb: “Rus dili müəllimimə bir cümlə belə əzbərləmədən hər dərs şer danışırdım. Çünki şeiri yazıb dizimin üstünə qoyur, gizlincə oxuyrdum, müəllimim də elə hesab edrdi ki, həqiqətən əzbərləmişəm. Hər dəfə deyirdi ki, heç anlamır necə ola ola bilər ki, rus dilində oxuya bilməyən bir uşaq rusca şeiri gözəl əzbərləsin. Bu metodu biologiya müəllimimə də tətbiq etmək istədim, ancaq o, dizimin üstündəki kağızı fərq etdi. Müəllimim ayağa qalxıb başımın üstündə fırlandı. Qayıdıb masasında oturanda mənə belə dedi: “Qarşındakına belə hörmətsizlik etməzlər”. Biologiya müəllimimin mənə verdiyi bu dərsi unutmadım. İnanın ki, ondansa “2” yazsaydı, daha yaxşı olardı. Neçə gün həyəcanla gözlədim ki, müəllimim bu barədə ata-anama deyəcək, amma o demədi”.
“Ata-anam fiziki sağlamlığıma yox, təhsilimə daha çox diqqət yetirdilər, buna görə onlara minnətdaram”
Müəllimləri kimi atası da tələbkar olub: “Atam dərslərimə nəzarət edirdi, tapşırıqlarımı yerinə yetirməyimi yoxlayırdı. Özü də qəzeti yumurlayıb əlində saxlayır, səhvlərim olanda qəzetlə üzümə vururdu. Hətta bir dəfə nənəmin yanında vurmuşdu, nənəmin bərk acığı tutmuşdu”.
Pərviz Heydərov bəzən cəza ilə müşayiət olunan təhsil prosesindən razıdır: “Ata-anam fiziki sağlamlığıma yox, təhsilimə daha çox diqqət yetirdilər, buna görə onlara minnətdaram. Fiziki cəhətdən daha yaxşı nəticəyə nail ola bilməyəcəkdilər, amma təhsilimə diqqət yetirərək çox böyük nəticə əldə etdilər”.
Onların ilk böyük nailiyyəti fiziki məhdudiyyəti olan oğlanları Pərvizin məzun olmağı oldu.
Özünə ixtisas seçdi
Pərviz Səbail rayon 219 nömrəli evdə təhsil tam orta məktəbin məzunu olub. Potensialına inanmayanların onunla bağlı “edə bilməz” dediyini çox eşidib, bu sözdən “ilhamlanıb”, qərar verib, edə bilməyəcəyi düşünülən hər şeyi edib: “Başımı sığallayan qohum-əqrəbamın, əzizlərimin mənimlə bağlı kənarda nə dediklərini eşidirdim. Məsələn, məni məktəbə qoyanda eşidirdim ki, “yazıq uşaq heç olmasa üzündən oxumağı öyrənsə, kitab oxuyar, baçşı qarışar”,- deyirdilər. Bu məndə ali təhsil almaq istəyi oyandırdı”.
Deyilənlərdən təsirlənib ruhdan düşməyib, əksinə inad edib, qətiyyət göstərib: “Heç vaxt öz vəziyyətimlə barışmamışam. Məndən sadəcə oxuya bilməyimi gözləyən əzizlərimə özümü sübut etməyə iddialıydım”.
Maraqlıdır ki, Pərviz Heydərov ixtisasını seçdikləri ana qədər xatırlayır: “Bu arada ata-anamı düşündürürdü ki, hansı sahədə ali təhsil almalıyam ki, gələcəkdə işləyə, pul qazana bilim. “Vremya” proqramına baxırdıq. SSRİ Xarici işlər naziri Andrey Qromıkonu göstərəndə atamdan onun kim olduğunu, nəçi olduğunu soruşdum. O vaxtlar hər kəsin ixtisası ilə maraqlanırdım. Təxminən VIII-IX sinifdə oxuyurdum. Atam dedi ki, o, iqtisadçıdır. İqtisadiyyat dərsiləri keçilmirdi, iqtisadiyyatın nə olduğunu bilmirdim. Atam mənə iqtisadçıların nə işlə məşğul olduqlarını izah etməyə çalışarkən mənə ixtisas tapdılar. Ağıllarına gəldi ki, mən mühasib ola, şirkətlərdən iş götürüb evdə işləyə bilərəm”.
İxtisası seçiblər seçməyinə, amma o ixtisasa yiyələnməyin yolu elə də asan deyildi: “SSRİ qanunvericiliyində mənim kimi uşaqların orta təhsil almağı nəzərdə tutulsa da, ali təhsil proseduru müəyyənləşdirilməmişdi. Müəllimlərimi də bu məsələ narahat edirdi. Onların tövsiyəsi ilə anam ovaxtkı Azərbaycan SSR xalq təhsili naziri Rafiq Feyzullayevə və N. A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti adlanır) rəhbəri Fuad Ələsgərova məktub yazdı, hər ikisindən müsbət cavab aldı. Dövlət Komissiyası yaradıldı, 3 müəllim gələrək evdə məndən imtahan götürdülər. Müəllimlərin hər gün gəlib-gedə bilməyəcəkləri ilə əsaslandıraraq ailəmlə razılaşdılar ki, qiyabi təhsil alım. 2 il hər semestrdə müəllimlər gəlib proqramı keçirdi. Sonra dedilər ki, bizi incitmə, sən oxuyursan, materialları göndərək, özün oxu. Mənə pis təsir etsə də, başqa çarəm yox idi. Həmin vaxtlarda qohumlarımın ata-anama ikrah hissi ilə baxdıqlarını da görür, “camaat sağlam uşağına iş tapmır, bunlar xəstə uşaqlarını oxutdururlar”, - dediklərini eşidirdi. Bu da o demək idi ki, mən işləməliyəm. Növbəti hədəfim bu oldu”.
Təhsili tamamlanmadan iş təklifi alıb: “Professor Qüdrət Əbdülsəlimzadənın mənim ali təhsil aldığım barədə məlumatlı olduğu və məzun olan kimi məni işlə təmin edəcəyini dedilər”.
Elə də olub, məzun olan kimi onu hazırda çalışdığı müəssisəyə işə qəbul ediblər: “Düz 30 ildir burada çalışıram. Əvvəllər hər şey daha çətin idi, evə bir əməkdaş materialları gətirirdi, mən hazırlayırdım, sonra gəlib aparırdı. Elə ki, kompüter dövrü gəldi, internet yarandı, əməkdaşın evimə qədər gəlməyinə ehtiyac qalmadı. Texnologiyanın həyatıma daxil olmağı ilə evdə işlə təmin olunmaq imkanlarım genişləndi. Bundan sonra mətbuatla da əməkdaşlığa başladım”.
Kompleksləri ilə mübarizədən də qalib çıxdı
“Biz indi dəyişmişik. Cəmiyyətimizdə çox böyük inkişaf var. 30 yaşıma qədər bulvara çıxa bilmirdim. 3-4 aydan bir çıxanda da özümü pis hiss edirdim. Məni görəndə qulağını çəkənlər, qəribə baxışlar çox narahatedici idi. Narahatedici də olsa, mənə faydası oldu, daha qətiyyətli, inadkar oldum. Ona görə hesab edirəm ki, insanı məqsədləri dartıb aparır. Qisməti yaşamaq, taleyin yazdığı ilə barışmaq doğru deyil. “Tale” dediyimiz harda, hansı ailədə doğulmağındır. Nə bizdən asıl deyilsə, taledir. Amma necə insan olacağımız, necə yetişəcəyimiz, təhsil alıb-almamağımız bizdən asılıdır”, - deyən Pərviz Heydərovun “Kompleksimi necə dəf edim? - deyənlərə də tövsiyəsi var:
“Motivasiya olmadan nəyisə dəyişmək çətindir. Uzun zaman alsa da, kitab oxumalı, çoxlu mütaliə etməlidirlər. Ətrafa görə yaşamaq, başqalarının fikrinə həddindən çox önəm vermək doğru deyil. Komplekslərindən azad olmaq elə-belə baş vermir. Yaşadığın mühitdən uzaqlaşmalısan. Mən Amerikaya gedəndə 38 yaşım vardı. Amerikadan qayıdıb evimizin blokunda düşəndə məni ağlamaq tutdu. Niyə orda yox, burda doğulmuşam, deyə düşündüm”.
Amerika cəmiyyətini öz ölkəsindən fərqləndirən, onda qibtə oyadan onun daha gözəl olması, daha çox inkişaf etməsi deyildi: “Orda mənə dedilər ki, sən bu potensialla Amerikada doğulsaydın, burda sərf etdiyin əməyin, enerjinin, həyatsevərliyinin yarısını xərcləməklə konqresdə oturardın, yəqin konqresmen olardın”.
Bəs Amerikada onun düşüncələrini alt-üst edən nə olub? Pərviz Heydərov qürur duyduğu şeylərin əslində nə qədər yanlış olduğunu öyrənib: “Amerikada bizi bir məktəbə apardılar. Girdiyimiz sinifdə 28 nəfər olardı. Aralarında 3 nəfər fiziki məhdudiyyətli uşaq vardı. Biri serebral iflic idi hər halda, ağzından su axırdı, o biri qışqırırdı. Özümdən asılı olmayaraq, “Niyə belə edirsiz, niyə sağlam uşaqlarla birlikdə oxuyurlar onlar. Bizim ölkəmizdə uşaqlar üçün ayrıca məktəb var”,- dedim. Həqiqətən mən bu faktla uzun illər fəxr etmişəm. Amma amerikalı müəllim bunu rəzalət kimi dəyərləndirdi, “Qeyri-insani davranış” adlandırdı. Haqlıydı. Sinifdə gördüyüm mənzərə bu metodun nə qədər doğru nəticələr verdiyini göstərirdi. Uşaqlar biri-birinə kömək edir, sağlam uşaqlar qışqıranın başını sığallayır, qələmi düşən uşağın qələmini yerdən götürüb özünə qaytarırdı. Anladım ki, problem mənim başımdadır. Orda mənə dedilər ki, sizin cəmiyyətdə inteqrasiya problemi var”.
Bu düşüncənin nəticəsidir ki, Amerikada hamı sağlamlıq məhdudiyyəti olanlara kömək etməyə çalışır: “Amerikada anamı tək qoymurdular, mənim arabamı sürür, bizə yaxşılıq etməyə çallışırdılar. Hesab edirəm ki, hər şey bağçadan, məktəbdən başlayır. Amerikadan gələndən sonra səfirə Amerika ilə bağlı öz fikrimi bildirmişdim, çox xoşuna gəlmişdi. Ona dedim ki, Amerika məni insana münasibəti ilə təəccübləndirdi. Bizim cəmiyyətdə sağlam insana normal münasibət görmürəm, özümə münasibətdən niyə küsüm ki? Anam da Amerikadan qayıdandan sonra özünü yaxşı hiss eləmirdi. Anladı ki, Amerikada olsaydı, ona hamı kömək edəcəkdi, burda isə tamamilə tək idi. Hətta qohumlarımız belə anama kömək etmirdi”.
“Hələ gec deyil, elmi iş götürüb müdafiə edə bilərəm”
Heç məktəbə getməyib, sinfə girməyib, universitet auditoriyası görməyib, amma məktəb qurtarıb, diplom işi yazıb, elmi təhlil aparıb. Cəmiyyətin sayılıb-seçilən, öz imzası olan bir üzvünə çevrilib. Bundan sonrakı arzularından biri bəzi yerləri görmək, gəzməkdir: “Avropada Almaniyanı, İsveçi, Asiyada Yaponiyanı görmək istərdim”.
Bir də şagird kimi oturmadığı partaların önündə, tələbə kimi girmədiyi auditoriyaların mərkəzində dayanıb yetişməkdə olan nəslə bələdçilik etmək istəyir. Ondan da fikrini soruşsunlar, tövsiyə istəsinlər. Niyə də olmasın?! Axı o özü böyük bir yolun bələdçisi, həyat məktəbinin müəllimidir! Saqqalı boşuna ağartmayıb. Hər ağaran tükü qədər təcrübə toplayıb. Amma elmi dərəcə almaq üçün səy göstərməyib, heç cəhd belə etməyib. Tələbə kimi girə bilmədiyi auditoriyalara müəllim kimi gedəcəkdi? Ona inanılmaz görünüb, arxasınca düşməyib. Amma texnologiyanın inkişafı sayəsində artıq auditoriyalara ayaqları ilə deyil, düşüncələri ilə daxil ola bilər: “Düşünürdüm ki, tutaq ki, oldum iqtisad elmləri üzrə fəlsəfə doktoru, nə edəcəyəm? Amma artıq edə bilər, onlayn qaydada hər iş görə bilərəm. Hələ gec deyil, elmi iş götürüb müdafiə edə bilərəm”.
Foto: Kənan QAFAROV




