“Mühəndislik peşəsinin ürəyi sahədə döyünür” – ODTU-da təhsil alan azərbaycanlı
Bir tələbə universitet illərinə nə qədər təcrübə sığdıra bilər? Orta Doğu Texniki Universitetində (ODTU) inşaat mühəndisliyi üzrə təhsil alan Nicat Rəşidlinin cavabı kifayət qədər uzundur: beynəlxalq tələbə təşkilatında rəhbərlik, 30 aparıcı inşaat şirkətinin iştirak etdiyi karyera tədbiri, müxtəlif şəhərlərdə stajlar, ikinci ixtisas və bütün bunların arasında boks və basketbol. Amma onun üçün bunların heç biri vaxt keçirmək üçün məşğuliyyət deyil. O, məzun olmadan əvvəl gələcək peşəsini mümkün qədər yaxından tanımağa çalışır.
“Sadəcə universitetə yox, həyat məktəbinə addım atırsan”
Nicatın ODTU ilə bağlı yaddaşında müəllimlərinin ona dediyi bir cümlə xüsusi yer tutur: “Sadəcə universitetə yox, həyat məktəbinə addım atırsan”. O zaman bu ifadənin arxasında nə qədər böyük bir təcrübənin dayandığını təsəvvür etmirdi. İndi - son kursda oxuyarkən həmin sözlərin mənasını daha yaxşı anlayır.
Xırdalan şəhərində anadan olan Nicatın texniki sahələrə marağı 9-cu sinifdə – texniki fənlər sinfinə keçdiyi vaxt yaranıb. Məktəbin son illərində xaricdə təhsil imkanlarını araşdırmağa başlayıb. ABŞ, Avropa və Türkiyədəki universitetlərin qəbul şərtləri ilə tanış olub, SAT imtahanından 1350, SAT riyaziyyat imtahanından isə maksimum nəticə - 800 bal toplayıb. İnşaat mühəndisliyi üzrə ODTU ilə yanaşı, Türkiyə və ABŞ-nin bir neçə universitetindən qəbul təklifi alıb. Seçim qarşısında qalanda isə müəllimlərinin və məktəbin əvvəlki məzunlarının məsləhətləri onun üçün əsas istiqaməti müəyyənləşdirib: “ODTU-nu seçməyimdə müəllimlərimin və məktəbimizin əvvəlki məzunlarının tövsiyələri həlledici oldu. Hamı bir ağızdan deyirdi ki, sadəcə universitetə yox, həyat məktəbinə addım atıram. Bu qədər zəngin kampus həyatı və çətin təhsil sistemi ilə qarşılaşacağımı isə təsəvvür etmirdim. İndi geriyə baxanda bu qərarın nə qədər doğru olduğunu aydın görürəm”.
Türkiyəni seçməsinin səbəbi isə yalnız coğrafi yaxınlıq olmayıb. Nicat üçün ODTU-da təhsilin tamamilə ingilis dilində olması, universitetin inşaat mühəndisliyi üzrə mövqeyi və məzunlarının dünyanın müxtəlif ölkələrində karyera qurması mühüm amillər olub. Türkiyənin inşaat sektorunun imkanları da onun diqqətindən yayınmayıb.
“ENR jurnalının məlumatına görə, dünyanın ən böyük 250 beynəlxalq podratçısı arasında 48 Türkiyə şirkəti var. Bu göstəriciyə görə Türkiyə Çindən sonra ikinci yerdədir. Bu fakt Türkiyəni inşaat sektorunda ən çox əlaqə qura biləcəyim ölkə kimi seçməyimə təsir etdi. Dil və mədəniyyət yaxınlığı, eləcə də Vətənə yaxın olmaq da bu seçimdə rol oynadı”.
“Buradakı tələbə və müəllimlər çox sərbəstdirlər”
ODTU-da ilk vaxtlar onu təəccübləndirən universitetin sərbəst mühiti olub. Tələbə və müəllim münasibətlərindəki sərbəstliyə alışmaq bir qədər vaxt aparıb. Amma Nicat sonradan bu mühitin ona həm akademik baxımdan, həm də dünyagörüşü baxımından təsir etdiyini düşünür: “Buradakı tələbələr və müəllimlər çox sərbəstdirlər. Əvvəlcə bu mənə qəribə gəlirdi. İnsanların fərqli dünyagörüşlərinə öyrəşmək bir az vaxt aldı, amma bu mühit mənə hadisələrə müxtəlif tərəflərdən baxmağı öyrətdi”.
Sərbəstliyin məsuliyyət tərəfi də var. ODTU-da dərsə gəlməyən və ya imtahana girməyən tələbənin arxasınca kimsə düşmür. Amma bunun nəticəsini tələbə özü daşıyır. Universitetin çətin imtahanları və sıx qiymətləndirmə sistemi də tələbədən davamlı hazırlıq tələb edir.
“İlk imtahandan final imtahanına qədər 2–3 ay ərzində buraxılmış dərsləri bərpa etmək mümkün olmur. Universitet rəhbərliyi və müəllimlərimiz imtahan və qiymətləndirmə məsələsində çox tələbkardır. Onlar bizdən mükəmməl olmağı və əlimizdən gələndən artığını etməyi norma kimi gözləyirlər. Bu, başlanğıcda çox sərt sistem kimi görünsə də, insanın inkişafına böyük töhfə verir”.
Nicat üçün ODTU-da tələbəlik yalnız dərsə girib imtahan verməkdən də ibarət olmayıb. Universitetdə fəal olan tələbə təşkilatlarından birinə qoşulması onun üçün həm yeni çevrə, həm də gələcək peşəsi ilə bağlı fərqli imkanlar yaradıb.
Əvvəlcə Beynəlxalq İnşaat Mühəndisliyi Tələbələri Assosiasiyasının ODTU komitəsində müxtəlif vəzifələrdə könüllü çalışıb, 2024–2025-ci illərdə isə təşkilatın ODTU komitəsinə rəhbərlik edib: “Rəhbər seçilməmişdən əvvəl də təşkilatda müxtəlif vəzifələrdə könüllü çalışmışam. Bu dövrdə Türkiyənin və dünyanın aparıcı inşaat şirkətləri ilə birbaşa ünsiyyət qurmuş və çox dəyərli insanlarla tanış olmaq imkanı qazanmışam”.
Rəhbərlik etdiyi dövrdə təşkilat ODTU-da Türkiyənin ən böyük inşaat karyera tədbirlərindən biri olan “CESummit”ə ev sahibliyi edib. Tədbirdə Türkiyənin və müxtəlif ölkələrin 30 aparıcı inşaat şirkəti iştirak edib. Günün sonunda isə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan–Türkiyə Mədəniyyət Tədbiri keçirilib. İki tədbərdə ümumilikdə iki mindən çox insan iştirak edib.
Nicat üçün tədbirin əsas nəticəsi yalnız böyük bir tədbir təşkil etmək olmayıb. Onun diqqət etdiyi əsas məqam tələbələrin şirkətlərlə birbaşa əlaqə qurması və real iş imkanları əldə etməsi olub.
“Bu tədbir sayəsində universitetimizin bir çox tələbələri iş və təcrübə imkanı tapdı. Şirkətlər də gələcəyin mühəndisləri ilə tanış olub özlərini təqdim etmək fürsəti qazandı”.
Təşkilatın beynəlxalq xarakteri də ona başqa bir imkan verib. IACES 15 ölkədə, 22 universitetdə fəaliyyət göstərir. Nicatın yaddaşında qalan tədbirlərdən biri 60 xarici tələbənin iştirak etdiyi proqram olub. Bir həftə ərzində qonaqlarla birlikdə müxtəlif tədbirlərdə iştirak edib. Amma onun üçün həmin proqramın ayrıca bir tərəfi də olub: xaricdən gələn tələbələrə Azərbaycanı tanıtmaq: “Fürsətdən istifadə edib onlara Azərbaycan haqqında məlumat verdim və suallarını cavablandırdım”.
Universitetdəki fəaliyyətini real iş təcrübəsi ilə də tamamlayan Nicat Bakı, İstanbul, İzmir, Ankara və Moskvada müxtəlif stajlar keçib, böyük şirkətlərdə çalışıb. Fərqli şəhərlərdə işləmək ona eyni peşənin müxtəlif iş mühitlərində necə fərqli göründüyünü müşahidə etməyə imkan verib: “Moskvada tamamilə fərqli bir dil və iş mühitində çalışmaq mənə yeni şəraitə tez uyğunlaşmağı öyrətdi. Bakıda TEKFEN-də isə öz ölkəmin inşaat sektorunu yaxından tanımaq imkanım oldu”.
Nicatın fikrincə, bu təcrübələrin dəyəri yalnız iş prosesini görməklə bitmir. Müxtəlif departamentlərdə çalışmaq, sahənin mütəxəssisləri ilə danışmaq və onların karyera yolunu dinləmək onun üçün ayrıca məktəb olub: “Məzun olmamışdan əvvəl bir çox inşaat şirkətlərində qısamüddətli təcrübə keçməyim və müxtəlif departamentlərlə işləməyim gələcək karyera qərarlarımın təməlini qoyur. Öz sahəsinin mütəxəssisi olan insanlarla tanış olmaq, onlardan karyera məsləhəti almaq və gənclik illərində buraxdıqları səhvlərdən dərs çıxarmaq əvəzolunmaz təcrübədir”.
“İnsan istədikdə hər şeyə vaxt ayıra bilir”
Bu qədər fəaliyyətin arasında dərslərə və şəxsi həyata vaxt ayırmaq da ayrıca plan tələb edib. Nicat vaxtını planlamağı və prioritetlərini düzgün müəyyənləşdirməyi məhz bu tempdə öyrəndiyini deyir. Boks və basketbol isə onun üçün gün ərzində yığılan gərginliyi atmağın ən yaxşı yollarından biridir: “Boks və basketbol dərslərin və digər işlərin gətirdiyi stresdən uzaqlaşmağıma kömək edir. Düşünürəm ki, insan istədikdə hər şeyə vaxt ayıra bilir”.
İndiyə qədər qazandığı təcrübə isə onun üçün bir fikri daha da möhkəmləndirib: “Mühəndislik peşəsinin ürəyi sahədə döyünür. Orada qazanılan təcrübəni kitablardan və ya başqalarının izahından öyrənmək mümkün deyil”.
Nicat məzun olduqdan sonra da sahədən uzaqlaşmaq niyyətində deyil. Əksinə, mümkün qədər çox praktiki təcrübə toplamaq, işin bütün detallarını bilən mühəndis olmaq istəyir. Bununla yanaşı, biznesin idarə edilməsi üzrə magistr təhsili almağı planlaşdırır. Onun fikrincə, mühəndislik sahəsində toplanan praktiki təcrübə ilə idarəetmə biliklərinin birləşməsi gələcəkdə yaxşı rəhbər olmaq üçün möhkəm baza yarada bilər.
Bütün bu planların sonunda isə onun üçün daha böyük bir məqsəd var: Azərbaycana qayıtmaq. Xaricdə qazandığı bilik və təcrübəni öz ölkəsində tətbiq etmək, inşaat sahəsindəki təcrübəsini Azərbaycanın inkişafına yönəltmək. Universitet illərini bu qədər fərqli təcrübə ilə zənginləşdirməsinin səbəbi də məhz budur: gələcəkdə yalnız diplom sahibi mühəndis deyil, həm sahəni, həm də idarəetməni bilən və qazandıqlarını ölkəsinə gətirən bir mütəxəssis olmaq.




