Hər şey bir müəllimin diqqəti ilə başladı – Uğur hekayəsi

16 Oktyabr, 2026 - 16:34
Hər şey bir müəllimin diqqəti ilə başladı

Bəzən bir müəllimin şagirdində gördüyü maraq onun gələcək yolunu müəyyənləşdirir. Zeynəb Umudlunun riyaziyyata marağı da aşağı siniflərdə müəlliminin diqqətini cəlb edib və onu müsabiqəyə yönləndirib. İllər keçib, həmin maraq beynəlxalq olimpiadaya, Fransada keçirilən yarışa və yeni hədəflərə aparan yola çevrilib. Bu gün Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyinin XI sinif şagirdi olan Zeynəb Umudlu gələcəkdə həkim olmaq, xaricdə təhsil almaq və bir vaxtlar özünün yararlandığı imkanlardan başqa şagirdlərin də faydalanmasına kömək etmək istəyir.

Zeynəbin riyaziyyata marağı hələ kiçik yaşlarından yaranıb. VI sinifdə oxuyarkən müəllimi onun bu fənnə xüsusi marağını görərək Respublika fənn müsabiqəsinə qatılmasını təklif edib. İlk müsabiqə Zeynəb üçün uğurlu alınıb. Riyaziyyat üzrə bürünc medal qazanıb və bu nəticə onun Fizika-riyaziyyat təmayüllü liseyə qəbul olunmasında da rol oynayıb. Növbəti il fizika üzrə özünü sınayıb, yenə üçüncü yeri tutub. Beləliklə, bir müəllimin gördüyü maraq tədricən yarışlara, yeni təcrübələrə və daha böyük məqsədlərə çevrilib.

Riyaziyyat üzrə Respublika fənn olimpiadalarında isə VIII sinifdən iştirak etməyə başlayıb. 2024-cü ildə bürünc medal qazanıb. IX sinifdə final mərhələsinə keçə bilməyib. Amma bu nəticə onun üçün dayanmaq səbəbinə çevrilməyib. Bir il sonra yenidən hazırlaşıb və 2026-cı ildə riyaziyyat üzrə bürünc medal əldə edib. Bu dəfə nəticə ona beynəlxalq olimpiadalara seçim prosesində iştirak etmək imkanı verib.

Beynəlxalq yarışlara gedən yolun öz qaydaları və mərhələləri var. Respublika fənn olimpiadalarında medal qazanan şagirdlər xüsusi seçim imtahanlarında iştirak edə, nəticələrinə əsasən ilboyu hazırlıq dərslərinə cəlb oluna bilirlər. Bu dərslərdə həm yerli, həm də xarici olimpiada müəllimləri iştirak edir. Zeynəb də həmin hazırlıq prosesindən keçib: “Seçim imtahanlarında iştirak etmək istəyənlər üçün imkan yaradılır. İmtahanın nəticələrinə əsasən ilk 20-25 nəfər hazırlıq dərslərinə seçilir. Bizə il ərzində beynəlxalq olimpiadalara yönəlmiş dərslər keçilirdi. Həm ölkəmizin müəllimlərindən, həm də başqa ölkələrdən gələn olimpiada müəllimlərindən dərs alırdıq. Bu dərslər dövlət tərəfindən təşkil olunurdu və ödənişsiz idi”, – deyə Zeynəb hazırlıq prosesi barədə danışır.

Hazırlıq dərsləri ilə yanaşı, beynəlxalq olimpiadalarda ölkəni təmsil edəcək şagirdlərin müəyyənləşdirilməsi üçün əlavə seçimlər də keçirilir. Nəticələrə uyğun olaraq iştirakçılar müxtəlif yarışlara seçilirlər. Zeynəb üçün bu mərhələlər biliklərini yoxlamaq, yeni şeylər öyrənmək və özünü daha yüksək səviyyədə sınamaq imkanı yaradıb.

Ancaq olimpiadaya hazırlaşmaq dərslər və seçim imtahanlarından ibarət deyil. Yarış yaxınlaşdıqca hazırlığa daha çox vaxt ayırmaq lazım gəlir. Zeynəb də həmin dövrdə məktəbinin dəstəyini hiss edib. Müəllimləri hazırlıq üçün vaxt ayırmasına şərait yaradıb, hətta bəzi dərslərdən icazə alaraq olimpiadaya hazırlaşmasına imkan veriblər: “Olimpiada yaxınlaşanda daha çox hazırlaşmalı olurdum. Məktəbdə müəllimlərimiz bizə kömək edirdilər, hazırlıq üçün vaxt ayırmağımıza imkan verirdilər. Buna görə onlara çox minnətdaram. Çünki həmin vaxtı səmərəli istifadə edə bildim və yarışa hazırlaşmağa daha çox diqqət ayırdım”.
Bu hazırlığın sonunda Zeynəbi Fransanın Bordo şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) gözləyirdi. Müxtəlif ölkələrdən gələn məktəbli qızların qatıldığı yarış onun üçün həm riyazi biliklərini sınamaq, həm də fərqli mühitlə tanış olmaq imkanı idi.

Olimpiada bir həftə davam edib. İki gün imtahan keçirilib, qalan günlərdə isə iştirakçılar müxtəlif tədbirlərdə bir araya gəlib, şəhərlə tanış olublar. Avropa ölkələri ilə yanaşı, Çin, Yaponiya və ABŞ kimi ölkələrdən də qonaq komandalar yarışda iştirak ediblər. Zeynəb üçün bu görüşlərin ayrıca əhəmiyyəti olub: eyni fənnə maraq göstərən, oxşar məqsədlər uğrunda çalışan yaşıdları ilə tanış olmaq, onların təcrübəsini görmək və fərqli ölkələrdən gələn şagirdlərlə ünsiyyət qurmaq.

Bu təcrübə Zeynəbin diqqətini başqa bir məsələyə də yönəldir. Riyaziyyatın daha çox oğlanlara uyğun olduğu barədə fikirlərlə razılaşmır. Onun düşüncəsinə görə, hər kəsin fərqli fənlərə marağı ola bilər və qızların da bu sahədə uğur qazanması üçün əsas şərt həmin fənnə həvəs göstərmək, çalışmaq və özünü inkişaf etdirməkdir: “Düşünürəm ki, bu fikir o qədər də doğru deyil. Hər kəsin fərqli fənlərə marağı ola bilər. Bəlkə də, oğlanların sayı bu sahədə bir qədər çox olduğu üçün belə bir stereotip yaranıb. Amma qızların da marağı varsa, onlar oğlanlar qədər yaxşı nəticə göstərə bilərlər. Əsas odur ki, insanın həmin fənnə həvəsi olsun və özünü inkişaf etdirmək üçün çalışsın”.

Onun öz yolunu müəyyənləşdirilməsində ailəsi də rol oynayıb. Zeynəbin atasının riyaziyyata marağı olub, fizika üzrə bir neçə fənn olimpiadasında iştirak edib. Ailəsi onun dəqiq elmlərə marağını dəstəkləməklə yanaşı, gələcək seçimlərinə də hörmətlə yanaşıb. Xaricdə təhsil almaq istəyi də evdə tərəddüdlə qarşılanmayıb: “Əvvəllər qız uşaqlarını xaricə göndərmək, onların istədikləri peşəni seçməsinə imkan vermək məsələsində tərəddüd edən ailələr olurdu. Mənim ailəmdə isə belə bir münasibətlə qarşılaşmamışam. Nə istəmişəmsə, ailəm arxamda dayanıb. Məktəbim də istəyir ki, xaricdə təhsil alım, daha yaxşı imkanlar qazanım. Məncə, qızların yaxşı təhsil almasına, gələcəkdə uğurlu yerlərə gəlməsinə münasibət getdikcə daha da müsbətə doğru dəyişir”.

Zeynəb öz təcrübəsindən danışarkən dövlətin yaratdığı imkanları da xüsusi vurğulayır. Onun sözlərinə görə, seçim imtahanları, ödənişsiz hazırlıq dərsləri və beynəlxalq yarışlara səfərlərin təşkili şagirdlərə biliklərini daha geniş müstəvidə sınamaq imkanı verir. Bu imkanlardan yararlanmaq onun öz yolunda da mühüm rol oynayıb.

Maraqlıdır ki, riyaziyyat olimpiadalarında qazandığı təcrübəyə baxmayaraq, Zeynəb gələcəkdə məhz bu sahəni seçməyi düşünmür. Əvvəllər I ixtisas qrupu üzrə hazırlaşmaq istəsə də, sonradan maraqlarını yenidən nəzərdən keçirib. Riyaziyyatla yanaşı, biologiya və kimyaya da maraq göstərdiyi üçün IV ixtisas qrupu üzrə hazırlaşmağı planlaşdırır. Hədəfi həkim olmaqdır.
Xaricdə təhsil almaq onun arzusudur, amma Azərbaycanda oxumaq variantını da kənara qoymur. Universitet seçimini gələcək imkanlarını nəzərə alaraq etmək istəyir.

Zeynəbin gələcəklə bağlı düşüncələri bununla da bitmir. O, özündən əvvəlki olimpiada iştirakçılarının bəzilərinin sonradan müəllim kimi fəaliyyət göstərdiyini, yeni şagirdlərin hazırlanmasına kömək etdiyini görür. Vaxtilə özünün yararlandığı imkanların başqaları üçün də faydalı olmasını istəyir: “İstəyərdim ki, gələcəkdə mən də uşaqlara kömək edim. Məsələn, olimpiada hazırlığı müəllimi kimi işləmək, dövlət tərəfindən təşkil olunan dərslərdə iştirak etmək və şagirdlərə bildiklərimi öyrətmək istərdim. Mən özüm də belə imkanlardan yararlanmışam. İstəyərdim ki, başqa uşaqlar da bu imkanlardan istifadə etsinlər, biliklərini artırsınlar və beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edə bilsinlər”, – deyə Zeynəb bildirir.

Zeynəbin hekayəsi hələ yekunlaşmayıb. Qarşıda həkimlik təhsili, universitet seçimi və yeni qərarlar var.