“Anamın yolunu davam etdirəcəyəm” – Mərakeşin ilk azərbaycanlı tələbəsi
Mərakeş azərbaycanlı tələbələr üçün hələ çox tanış olmayan təhsil istiqamətidir. Ayla Mustafayeva isə bu ölkəyə gedən ilk azərbaycanlı tələbə kimi yeni bir yolun başlanğıcında dayanır. Qarşıdakı günlərdə onu Rabatda yeni universitet, yeni dil və yeni akademik mühit gözləyir.
Ayla üçün bu hekayənin maraqlı tərəfi həm də odur ki, o, orada uşaqlıqdan maraq göstərdiyi psixologiyanı öyrənəcək və bir vaxtlar anasına dediyi “sənin yolunu davam etdirəcəyəm” sözünü gerçəyə çevirməyə başlayacaq. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirən gənc doğma Bakının sərhədlərindən kənarda özünü sınamağa hazırlaşır.
Onun seçdiyi istiqamətin isə şəxsi hekayəsi var. Ayla uşaqlıqdan psixologiyaya maraq göstərib. Mərhum anası Nərgiz İsmayılzadə psixoloq olub və Ayla bu peşənin insan həyatı üçün nə qədər nəcib, incə və vacib olduğunu hələ kiçik yaşlarından onun fəaliyyətini izləyərək görüb. Hətta anası sağ ikən ona bir gün onun yolunu davam etdirmək istədiyini deyib: “Mənim üçün psixoloq olmaq sadəcə peşə deyil, həm də bir missiya, ailə işinin davamı və böyük məsuliyyətdir. Azərbaycanda gələcək peşəkar inkişafım üçün möhkəm təməl yaratmışam. Bu elm sahəsində inkişaf etmək istəyim isə məni daim dünyagörüşümü genişləndirməyin, beynəlxalq təcrübə qazanmağın və ən yaxşı mütəxəssislərdən öyrənməyin vacibliyini düşünməyə vadar edib”, – deyə Ayla bildirir.
Mərakeş imkanı isə onun qarşısına yeni bir istiqamət açıb. Ayla Hökumətlərarası Təqaüd Proqramı haqqında yerli xəbərlərdən məlumat əldə edib. Azərbaycan ilə Mərakeş Krallığı arasında elm və ali təhsil sahəsində imzalanmış hökumətlərarası saziş əsasında bu ölkədə təhsil almaq üçün təqaüd proqramına qəbul elan edildiyini öyrənən kimi müraciət etmək qərarına gəlib: “Qarşıma belə unikal imkan çıxdığını anlayanda demək olar ki, heç bir tərəddüd etmədim və özümü sınamalı olduğumu düşündüm”.
“Üzərimdə böyük məsuliyyətin olduğunu dərk edirəm”
Seçim mərhələsi isə asan olmayıb. Bir neçə mərhələdən ibarət olan proses tam diqqət, səbirlə gözləmə tələb edib. Qəbul barədə təsdiq aldığı an isə onun üçün xüsusi olub: “Qəbul barədə təsdiq aldığım anda məni böyük qürur və sevinc hissi bürüdü. Çətin seçim mərhələsinin geridə qalması, əlbəttə, sevindiricidir. Eyni zamanda, bu heyrətamiz və uzaq ölkədə Azərbaycanı təmsil edəcəyim üçün üzərimdə böyük məsuliyyətin olduğunu dərindən dərk edirəm”.
Aylanın qarşısında indi konkret akademik istiqamət də var. O, Mərakeşdə V Məhəmməd Universitetində “Psixologiya” ixtisası üzrə bakalavriat təhsili alacaq. Universitetdə humanitar istiqamətin mövcudluğu və onun bu sahəyə olan marağı seçimində mühüm rol oynayıb. Amma əsas səbəb yenə də uşaqlıqdan formalaşan həmin istəkdir: “Bu universitetdə humanitar istiqamət mövcuddur və mənim də həmişə humanitar fənlərə böyük marağım olub. Psixologiyaya gəldikdə isə artıq qeyd etdiyim kimi, bu istiqaməti seçməyim anamın bütün həyatını həsr etdiyi işi davam etdirmək istəyimlə bağlıdır”, – deyə Ayla vurğulayır.
Mərakeş seçimi də təsadüfi deyil. Bu ölkənin tarixi və mədəni müxtəlifliyi Aylanı çoxdan maraqlandırıb. Ərəb, Afrika və Avropa mədəniyyətlərinin vəhdəti, ölkənin akademik ənənələri onun üçün Mərakeşi yeni dünyagörüşü qazanmaq imkanı kimi cəlbedici edib: “Mərakeşə gəlincə, bu addım mənim üçün düşünülmüş və çox arzulanan bir qərardır. Zəngin tarixi, ərəb, Afrika və Avropa mədəniyyətlərinin özünəməxsus vəhdəti, eləcə də dərin akademik ənənələri ilə bu heyrətamiz ölkə məni həmişə valeh edib”, – deyə o bildirir.
Ayla təhsil alacağı universitetin də ona yaxşı akademik imkanlar yaradacağına inanır: “Rabatda yerləşən V Məhəmməd Universitetinin Humanitar Elmlər İnstitutu, xüsusilə psixologiyanın dərindən öyrənilməsi üçün yaxşı akademik baza yaradır. Mərakeşin mədəni və mənəvi mühiti mənə çox yaxındır. Hiss edirəm ki, məhz burada nəinki keyfiyyətli təhsil ala, həm də ərəb dünyasında ənənəvi yanaşmalarla müasir elmi tendensiyaların vəhdətini yaxından öyrənə biləcəyəm”.
“Özünü ilk yol açanlardan biri kimi hiss etmək həm çox qürurvericidir”
Bu təhsil yolunun daha bir özəlliyi var. Ayla Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı üzrə təhsil alan ilk azərbaycanlı tələbə olacaq. Bu fakt onun üçün həm qürur, həm də məsuliyyət deməkdir: “Özünü ilk yol açanlardan biri kimi hiss etmək həm çox qürurverici, həm də həyəcanvericidir. Səfərim və dərslərin başlanması artıq çox yaxındır, ona görə də içimdə böyük həyəcan və gözlənti var. Bilirəm ki, bu ölkəyə səfər etmiş azərbaycanlıların sayı o qədər də çox deyil və onların arasında olacağımı dərk etmək mənə güclü stimul verir. Bu gün görürəm ki, xalqlarımız arasında çoxlu ortaq məqamlar var, ənənələrə hörmətdən tutmuş xalqlarımızın öz ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda qətiyyətlə mübarizə aparmasına qədər”.
Rabatda onu yeni akademik mühitlə yanaşı, yeni dil də gözləyir. Təhsilinin ilk mərhələsində fransız dilini intensiv şəkildə öyrənməyi planlaşdıran Ayla bunun sonrakı təhsil prosesinə də mühüm təsir göstərəcəyini düşünür: “Rabatda məni çox canlı və maraqlı bir mühitin gözlədiyini düşünürəm. İlk dövr fransız dilinin intensiv şəkildə öyrənilməsinə həsr olunacaq ki, sonrakı mərhələdə yerli tələbələrlə bərabər və sərbəst şəkildə psixologiya elminin incəliklərini öyrənə bilim”, – deyə o qeyd edir.
Ayla hədəfi Azərbaycana qayıdaraq qazandığı bilik və təcrübəni ölkəsində tətbiq etməkdir və Mərakeşdəki təhsilin gələcək peşəkar fəaliyyətinə yeni baxışlar qazandıracağına ümid edir: “Əsas məqsədim ölkəmə yüksək səviyyəli mütəxəssis kimi qayıtmaqdır. Psixoloq olmaq insanlara emosional yardım və dəstək göstərmək bacarığına və buna imkan verən biliklərə sahib olmağa inanmaq deməkdir. Ümid edirəm ki, xaricdə təhsil almaq və fərqli psixologiya məktəbi ilə tanış olmaq insanları daha dərindən anlamağıma, peşəkar dünyagörüşümü genişləndirməyimə və Azərbaycana dəyərli beynəlxalq təcrübə gətirməyimə kömək edəcək. Bunun üçün isə möhkəm biliklərə yiyələnmək lazımdır”.
“Ölkəmizdə psixoloji mədəniyyətin inkişafına töhfə vermək istəyirəm”
Bakalavriat təhsilindən sonra da dayanmaq fikrində deyil. Ayla gələcəkdə magistratura səviyyəsində təhsilini davam etdirməyi planlaşdırır. Əldə etdiyi bilikləri isə cəmiyyətə fayda verəcək şəkildə tətbiq etmək istəyir: “Gələcəkdə əldə etdiklərimlə kifayətlənməyərək magistratura pilləsində təhsilimi davam etdirməyi planlaşdırıram. Burada qazandığım bilikləri cəmiyyətimizə fayda verməyə və ölkəmizdə psixoloji mədəniyyətin inkişafına töhfə verməyə həsr etmək istəyirəm”.
Bu yola gəlməsində isə Aylanın özü qədər ailəsinin də rolu olub. O, anasının işıqlı xatirəsini, ailəsinin dəstəyini və ətrafındakı məqsədyönlü mühiti xüsusi qeyd edir. Onun üçün bu yolda xüsusi yeri isə bibisi tutur.
İndi o, gənclərə də bir neçə söz demək istəyir. Xaricdə təhsil arzusunda olanlara onun tövsiyəsi sadədir: böyük düşünməkdən və özünə inanmaqdan çəkinməmək.
“Heç vaxt qarşınıza böyük və iddialı məqsədlər qoymaqdan, uğurunuza inanmaqdan və onu təsəvvür etməkdən qorxmayın. Xaricdə təhsil almağı arzulayan və bu kimi təqaüd proqramlarına müraciət etməyi planlaşdıran azərbaycanlı gənclərə ilk növbədə özlərinə inanmağı, dil və mədəniyyət maneələrindən çəkinməməyi və arzularına doğru əzmlə irəliləməyi məsləhət görürəm”.
“Arxanızda zəngin mədəniyyəti və tarixi ilə hər zaman sizi ruhlandıran Azərbaycan dayanır”
Ayla üçün bu hekayə hələ yenicə başlayır. Qarşıda Rabatda keçəcək illər, psixologiya üzrə alacağı təhsil və qazanacağı beynəlxalq təcrübə var. Amma o, haradan gəldiyini və haraya qayıtmaq istədiyini indidən bilir: “Unutmaq olmaz ki, arxanızda zəngin mədəniyyəti və tarixi ilə hər zaman sizi ruhlandıran Azərbaycan dayanır”.




