İdeyasını “Pifaqor”a çevirdi: Məktəblinin texnologiya uğuru
Bir məktəblinin hazırladığı tətbiq minlərlə abituriyentin istifadə edə biləcəyi platformaya çevrilə bilərmi? Süleyman Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyanın şagirdi Ziya Aşumov bu istiqamətdə ilk addımını atıb. Proqramlaşdırmaya marağını real layihəyə çevirən Ziya “Pifaqor” adlı tətbiq hazırlayıb. İndi onun qarşısında yeni vəzifə var: tətbiqi inkişaf etdirmək, istifadəçilərin ehtiyaclarını nəzərə almaq və daha çox şagirdin öyrənməsinə kömək etmək.
Ziya Aşumov hazırda gimnaziyanın 11-ci sinfində təhsil alır. Onun texnologiyaya marağı aşağı yaşlarından başlayıb. Proqramlaşdırmanı öyrəndikcə öz ideyalarını həyata keçirmək həvəsi də artıb. “Proqramlaşdırmaya və texnologiyaya marağım aşağı yaşlarımdan başlayıb. Öyrəndikcə sadəcə kod yazmaq yox, öz ideyalarımı real layihələrə çevirmək də mənə maraqlı gəlməyə başladı”, – deyə Ziya marağının necə formalaşdığını izah edir.
Təhsil sahəsində şagirdlərə real fayda verə biləcək bir platforma yaratmaq istəyi onu “Pifaqor” üzərində işləməyə sövq edib. Hazırda “Google Play Market”də istifadəyə açıq olan tətbiq abituriyentlər və müəllimlər üçün nəzərdə tutulub.
“Pifaqor”da Dövlət İmtahan Mərkəzinin (DİM) mövzu sınaqları və Respublika fənn olimpiadasının (RFO) tapşırıqları canlı test formatında təqdim olunur. İstifadəçilər sınaqları işlədikdən sonra nəticələrini, düzgün və səhv cavablarını görə, səhvlərini təhlil edə bilirlər. Tətbiqdə yanlış cavabların süni intellekt vasitəsilə izah edilməsi funksiyası da mövcuddur. Ziya hazırladığı tətbiqin imkanlarını və gələcək üçün nəzərdə tutduğu məqsədi belə açıqlayır: ““Pifaqor” abituriyent və müəllimlər üçün nəzərdə tutulmuş təhsil və sınaq tətbiqidir. Tətbiqdə DİM mövzu sınaqları və RFO olimpiada tapşırıqları canlı test formatında təqdim olunur. İstifadəçi sınağı işlədikdən sonra nəticələrini, düzgün və səhv cavablarını görə və səhvlərini təhlil edə bilir. Bundan əlavə, səhv cavabların süni intellekt vasitəsilə izah edilməsi funksiyası da mövcuddur”.
“Pifaqor”un imkanları test həlli ilə bitmir. İstifadəçilər platformada suallarını paylaşa, müəllimlər isə izah və məlumatlandırıcı postlar hazırlaya bilirlər. Ziya üçün bu xüsusiyyətlər tətbiqin inkişaf istiqamətini müəyyənləşdirən əsas məqamlardandır: ““Pifaqoru” fərqləndirən əsas məqamlardan biri təhsil və sosial platforma imkanlarını bir araya gətirməsidir. İstifadəçilər suallarını paylaşa, müəllimlər izah və məlumatlandırıcı postlar hazırlaya bilirlər. Məqsədim yalnız test həll olunan tətbiq deyil, şagirdlərin öyrəndiyi, səhvlərini analiz etdiyi və bir-birindən öyrəndiyi bir platforma qurmaqdır”.
Tətbiq artıq istifadəyə verilsə də, onun inkişafı davam edir. Ziyanın sözlərinə görə, “Pifaqor” yeni paylaşıldığı üçün istifadəçi sayı ilə bağlı məlumatlar hələ “Google” tərəfindən göndərilməyib. Bununla belə, proqrama marağın yüksək səviyyədə olduğunu bildirir.
“Pifaqor” Ziyanın üzərində çalışdığı yeganə layihə deyil. O, süni intellekt, görüntü emalı və kənd təsərrüfatı texnologiyaları ilə bağlı layihələr də hazırlayıb. Həmçinin RFO riyaziyyat saytının qurucusu və müəllifidir.
Ziyanın olimpiada və layihə təcrübəsi də diqqət çəkir. O, 6-cı sinifdə Respublika fənn müsabiqəsinin (RFM) qalibi olub, daha sonra “GOC AI Olympiad”da gümüş medal qazanıb. TEKNOFEST-də isə kənd təsərrüfatı texnologiyaları istiqamətində yenilikçi layihə ilə iştirak edib.
Məktəbdə də müxtəlif təşəbbüslərlə çıxış edən Ziya şagirdlərin ideyalarını inkişaf etdirməsinə şərait yaratmağa çalışır. O, məktəbində “ImprovED Ideathon” təşkil edərək yaşıdlarını yeni ideyalar irəli sürməyə və öz layihələrini hazırlamağa təşviq edib.
Olimpiadalarda qazanılan nəticələr və layihələrdə iştirak Ziyanın təcrübəsinin bir hissəsidir. O, əldə etdiyi uğurlara yanaşmasını da xüsusi vurğulayır: “Mənim üçün bu uğurların əsas dəyəri yalnız nəticə deyil, hər bir layihə və yarışdan yeni bir şey öyrənməkdir”.
Ziya “Pifaqor” üzərində işləyərkən ailəsinin və dostlarının dəstəyini də hiss edib. Xüsusilə tətbiqin qapalı test mərhələsində sinif yoldaşları ona kömək ediblər. Onun təhsil aldığı sinif I ixtisas qrupu üzrə informatika təmayüllü sinifdir. Sinif yoldaşlarının texnologiya və proqramlaşdırmaya marağı bu mərhələdə ortaq iş üçün əlverişli şərait yaradıb: “Ailəm və dostlarım mənə dəstək olurlar. Xüsusilə “Pifaqor”un qapalı test mərhələsində sinif yoldaşlarım mənə çox kömək etdilər. Bizim sinfimiz informatika təmayüllü sinifdir və onların da texnologiya və proqramlaşdırmaya yüksək marağı var. Buna görə tətbiqin test mərhələsində həm aktiv iştirak etdilər, həm də öz fikirlərini və rəylərini mənimlə bölüşdülər”.
Qarşıdakı dövrdə Ziyanın əsas diqqəti “Pifaqor”un təkmilləşdirilməsinə yönələcək. O, tətbiqə daha çox test və tədris materialı əlavə etmək, istifadəçi rəylərinə əsasən yeni funksiyalar hazırlamaq və platformanı daha faydalı hala gətirmək istəyir: “Hazırda əsas məqsədim tətbiqimi inkişaf etdirmək, daha çox test və tədris materialı əlavə etmək, istifadəçi rəylərinə əsasən yeni funksiyalar hazırlamaq və tətbiqi daha faydalı platformaya çevirməkdir. Ümumi olaraq isə süni intellekt və proqramlaşdırma sahəsində daha da inkişaf etmək, öz texnoloji layihələrimi yaratmaq istəyirəm”.
Ziyanın hekayəsi hələ davam edir. Qarşısında inkişaf etdirəcəyi tətbiq, sınayacağı yeni ideyalar və öyrənəcəyi çox şey var. Hazırda isə onun əsas işi “Pifaqor”u istifadəçilərin ehtiyaclarına uyğunlaşdırmaq və təhsil sahəsində daha geniş imkanlar yarada biləcək bir platformaya çevirməkdir.




